"Dünənki yağış qərəzlidir" - DEPUTATDAN SƏRT TƏNQİD

"Dünənki yağış qərəzlidir" - DEPUTATDAN SƏRT TƏNQİD

 

Güclü yağış dünən Bakını suya qərq edib.

Leysan nəticəsində yollarda ciddi problem yaranıb, bir çox obyektlər su altında qalıb.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti "Azərsu”nu ittiham edərək bildirib ki, şəhərin su altında qalmasına səbəblərdən biri də "Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilməməsi olub.

Meriyanın ittihamı cavabsız qalmayıb. "Azərsu” ASC-dən bildirilib ki, onlar fasiləsiz işləyiblər. Qurum problemin meydana gəlməsində günahkar kimi yağıntı miqdarının qısa müddətdə çox olmasını göstərib.

Sozcu.info xəbər verir ki, yenicag.az-a açıqlama verən millət vəkili Fazil Mustafa da məsələyə ironik münasibət bildirib.

Millət vəkili qeyd edib ki, bu məsələdə əsas günah yağışındır:

"Yağış bu qədər sürətlə yağmamalıdır axı. Yağış da baxmalıdır, Bakının vəziyyətini görməlidir, bilməlidir ki, bu şəhərin kanalizasiyası sistemi normal vəziyyətdə deyil. Yağış hiss eləməlidir ki, bu kanalizasiya ilə suyu daşımaq mümkün deyil. Ona görə də bir dənə günahkar var, o da yağışdır. Yağışın da vicdanı olmalıdır. Yağış niyə Londona yağdığı kimi Bakıya yağır? Dünənki yağış qərəzlidir”.

Sonda Fazil Mustafa onu da qeyd edib ki, yağış ciddi şəkildə tənqid edilsə, gələcəkdə yalnışlıqlara, fəsadlara yol verməz.



Oxşar Xəbərlər

Xəbər lenti