Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
"Avqust ayının 27-də Bakı hava limanında saxlanıldığı deyilən sabiq deputat üzə çıxdı; onun niyə nəzarətə alındığı barədə iki versiya və "xilaskarı” kim ola bilər?
Bu ilin avqust ayının 27-də baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu Aydın Abbasovun Bakıya gələrkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanıldığı barədə xəbər yayılmışdı. Sabiq deputatın hansı səbəbdən saxlanıldığı açıqlanmasa da, onun ev şəraitində nəzarət altına alındığı, hətta bəzi mənbələr istintaq təcridxanasında olduğunu iddia edirdi.
Bu məlumat rəsmilər tərəfindən reaksiyasız buraxıldı, amma maraqlıdır ki, Abbasovlar tərəfindən də təkzib olunmadı. Bu xəbərlərdən sonra hələ Gəncənin deputatı olduğu vaxtlardan sosial şəbəkələrdə aktiv olan, ölkədə baş verən hadisələrə münasibət bildirən Aydın Abbasov müəmmalı şəkildə "yoxa çıxdı”. Yada salaq ki, A.Abbasovun məhz sosial şəbəkədə Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsddən sonra yazdığı status geniş rezonans doğurmuşdu. A.Abbasov baş verən olaya
"Gəncə xəzinədir əzəl binadan,
Qədir bilməyənə Gəncə qənimdir.
Kim etsə xəyanət gəncəlilərə,
Qisməti ya möhnət, ya işgəncədir!" -deyə, bu misralarla münasibət bildirmişdi.
Heç kimə sirr deyil ki, Abbasovlarla Elmar Vəliyevin münasibətləri həmişə gərgin olub. Abbas Abbasov 2013-cü ilin prezident seçkiləri ərəfəsində Moskvada siyasi fəallıq göstərməyə başlayanda oğlu deputat olmasına baxmayaraq, Gəncədə saxlanılmış, təhqirlərə məruz qalmışdı. İddia olunurdu ki, Bakının müdaxiləsindən sonra deputat bir daha Gəncəyə ayaq basmamaq şərti ilə sərbəst buraxılmışdı. Bu baxımdan Aydın Abbasovun məlum olaya bu cür münasibəti anlaşılan idi.
A.Abbasovun niyə saxlanılması barədə isə iki versiya vardı: Gəncə olayları və Türkiyədə həbs olunaraq Azərbaycana gətirilmiş Hüseyn Abdullayevlə mümkün əlaqələri. Sui-qəsdin icraçısı Yunis Səfərovun Abbasovlarla necə əlaqəli ola biləcəyi haqda indiyədək də hər hansı ipucu yoxdur. Aydın Abbasovun Hüseyn Abdullayevlə əlaqələrinə gəlincə, onların telefon danışıqları, yazışmaları və ya digər formada ünsiyyətlərinin qeydə alına biləcəyi ehtimalı vardı. Amma yenə də qeyd edək ki, bu, yalnız mediada səslənən versiyalar idi və bu günədək də təsdiqlənməyib.
2 aydan artıqdır barəsində hər hansı məlumata rast gəlinməyən baş nazirin sabiq birinci müavininin oğlu, nəhayət, təxminən iki ay davam edən sükutu pozub. "Azpolitika.info” saytının məlumatına görə, yenidən sosial şəbəkəyə qayıdan A.Abbasov oktyabrın 23-də Bakıda çəkdirdiyi şəkli özünün facebook səhifəsindən paylaşıb. "Yeni Müsavat” bildirir ki, foto "Hilton Baku Hotel”in fonunda çəkilib, Abbasovların evi o həndəvərdədir.
"Bunu Aydın Abbasovun artıq azadlıqda olmasını hər kəsə duyurmaq niyyəti kimi də izah etmək olar. Facebook-dakı dostları da A.Abbasovun paylaşımına buna adekvat reaksiya veriblər. Sabiq deputatın bir çox dostu birbaşa söyləməsələr də, dolayı formada onu azadlıqda görməkdən məmnun qaldıqlarını ifadə ediblər" - deyə, sayt yazır.
Bildirilir ki, A.Abbasovun oğlunun Rusiya prezidenti Vladimir Putinin sentyabrın 27-də Bakıya reallaşan səfərindən sonra üzə çıxması diqqət çəkir. "Abbas Abbasovun yaxın dostu olan Rusiya Federasiyası Prezidentinin Xəzər regionu dövlətləri ilə iqtisadi əməkdaşlıq və humanitar məsələləri üzrə xüsusi nümayəndəsi, Dağıstan Muxtar Respublikasının sabiq rəhbəri Ramazan Abdulatipovun vasitəsilə Putinə çıxdığı, ondan oğlunun azad edilməsinə köməklik göstərməyi xahiş etdiyi bildirilirdi”.
Rusiya prezidentinin bu cür xırda məsələyə diqqət ayıracağı real olmasa da, Ramazan Abdulatipovun rəsmi Bakıdan belə bir xahişdə buluna biləcəyini ehtimal etmək olar. Yada salaq ki, Beynəlxalq Bank işində həbs edilənlərdən biri də Aydın Abbasovun əmisi Nadir Abbasov idi. Nadir Abbasov 2016-cı ilin iyununda Beynəlxalq Bank və qaytarılmayan kreditlər işi ilə bağlı saxlanılmışdı. Həmin vaxt Naftalana müalicəyə gələn Dağıstan rəhbəri Bakıdan N.Abbasov üçün xahiş etmişdi.
Ramazan Abdulatipovun Azərbaycana gəlişinin ardınca Nadir Abbasov doğrudan da azadlığa buraxıldı və bu vaxtadək harada olduğu haqda heç bir məlumat yoxdur.
A.Abbasovun oğlunun Bakıdan foto paylaşmasında qeyri-adi heç nə yoxdur. Atası bir vaxtlar təmsil olunduğu hakimiyyətə xəyanət etdiyi üçün Bakıya gələn yollarını birdəfəlik bağlasa da, onun ailəsi üçün heç bir yasaq yoxdur. Amma son iki ayda A.Abbasovun harada olduğu barədə müəmma qalır.../musavat.com/