6,5 milyonluq yeyinti faktı qarşısında hamı susur - “Hürriyyət”in sorğularına heç bir rəsmi qurum cavab vermək istəmir

6,5 milyonluq yeyinti faktı qarşısında hamı susur - “Hürriyyət”in sorğularına heç bir rəsmi qurum cavab vermək istəmir

 

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hər bir dövlət qurumu mətbu orqanın sorğusuna 7 gün ərzində cavab verməlidir

"AKELİK GROUP"un fəaliyyəti ilə bağlı qəzetimizdə silsilə yazılar dərc etmişdik. Xatırladaq ki, "ALKE İnşaat və Sənaye” ASC (indiki adı "AKELİK GROUP"ASC) sabiq əməkdaşı Şahin Cəfərovun və "Azərsu” ASC-nin sifarişi ilə adıçəkilən şirkətin icra etdiyi "Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin sabiq topoqrafı Ramazan Biçerin bizə təqdim etdiyi sənəd və fotolarda öz təsdiqini tapan faktlar əsasında geniş jurnalist araşdırması apardıq. Amma qarşı tərəfin nümayəndəsi - "AKELİK GROUP"ASC-nin hüquqşünası Ramiz Nuriyevin söylədikləri və təqdim etdiyi sənədlər bizi müəyyən mənada çaş-baş qoydu.

Ramiz Nuriyev bizimlə söhbətində bildirdi ki, çalışdığı "ALKE İnşaat və Sənaye” ASC (indiki adı "AKELİK GROUP"ASC) ilə Türkiyənin "Alke İST AŞ” şirkətinin Azərbaycan filialının bir-biri ilə heç bir əlaqəsi yoxdur. Onu da əlavə etdi ki, sözügedən Xaçmaz və Zərdab layihələrinin icraçısı onlar yox, məhz Türkiyənin "Alke İST AŞ” şirkətinin Azərbaycan filialıdır, hər iki layihədə topoqraf kimi çalışan Ramazan Biçer isə onların deyil, Türkiyənin sözügedən inşaat şirkətinin əməkdaşı olub.

Şahin Cəfərovla Ramazan Biçeri böhtançı və şantajçı adlandıran Ramiz Nuriyev qeyd etdi ki, bu şəxslərin hər biri pullarını son qəpiyinədək alıblar və öz xoşları ilə notarial qaydada ərizə yazıb bildiriblər ki, çalışdıqları şirkətlərdən heç bir şikayətləri yoxdur, gələcəkdə də olmayacaq (hüquqşünas sözlərini bizə təqdim etdiyi ərizələrlə təsdiq etdi).

Şikayətçi Şahin Cəfərov isə Ramiz Nuriyevin heç bir fikrini qəbul etmədiyini, sözügedən ərizəni öz istəyi ilə deyil, təzyiq altında yazdığını və geri götürdüyü şikayət ərizələrinin notarial qaydada ləğv edildiyini, əvvəl yazdığı şikayətlərin yenidən qüvvəyə mindiyini bildirdi. Öz növbəsində o da sözlərini müvafiq sənədlərlə təsdiq etdi.

Şahin Cəfərov həmçinin Türkiyənin "Alke İST AŞ” şirkətinin Azərbaycan filialının 2011-ci ildə ləğv edilərək, "ALKE İnşaat və Sənaye” ASC kimi fəaliyyətini davam etdirdiyini bildirdi. Onu da əlavə etdi ki, Ramiz Nuriyev verdiyi hər bir yanlış məlumata görə məhkəmə qarşısında cavab verəcək. Şikayətçi işin artıq məhkəməyə və Baş Prokurorluğa verildiyini xatırlatmağı da unutmadı.

Şahin Cəfərov məsələ ilə bağlı daha bir təzadlı məqamı da qeyd etdi. Üzərində bir neçə il öncə çalışdığı Türkiyənin "Alke İST AŞ” şirkətinin Azərbaycan filialının möhürü olan əmək kitabçasının ona "ALKE İnşaat və Sənaye” ASC (indiki adı "AKELİK GROUP"ASC) tərəfindən göndərildiyini bildirdi. Şikayətçi adıçıkilən şirkətlərin nəinki faktiki, eyni zamanda hüquqi ünvanlarının da eyni olduğunu aydınlaşdırdığını söylədi.

Şahin Cəfərov Korrupsiya ilə Mübarizə İdarəsinin və Vergilər Nazirliyinin adıçəkilən şirkətin fəaliyyətini araşdırdığını da nəzərimizə çatdırdı.

Sözügedən məsələnin araşdırılmasında maraqlı olan, şirkətdə yol verilən yeyinti faktı haqda bizi məlumatlandıran, redaksiyamıza müvafiq sənədlər video-müraciət təqdim edən Ramazan Biçerlə isə hazırda əlaqə saxlamaq mümkün deyil. Şahin Cəfərov onunla "Watsap” yazışması zamanı təqib və təhdid edildiyini bildirən Ramazan Biçerin əslində şirkət rəhbərliyi tərəfindən pulla ələ alındığını iddia etsə də, biz həqiqəti bilmirik.

Əvvəla, qeyd etmək istəyirik ki, biz hər zaman olduğu kimi, bu məsələdə də heç bir tərəfin maraqlarını təmsil etmirik, bütün proseslərə tam neytral mövqedən yanaşırıq, söylənən fikirlərə deyil, təqdim edilən faktlara inanırıq. Araşdırmamızı da məhz həmin faktlara əsasən aparırıq. Faktlarsa adıçəkilən məsələdə kifayət qədər uyğunsuzluq olduğunu açıq-aşkar göstərir.

Bu uyğunsuzluqları üzə çıxara bilməməyimizin səbəbi isə aidiyyati qurumlara ünvanladığımız sorğuların cavabsız qalmasıdır.

Odur ki, burdan üzümüzü səsimizə səs verməyən "Azərsu” ASC-yə, Vergilər Nazirliyinə, "Asiya İnkişaf Bankı”na tuturuq və onlara xatırladırıq ki, informasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hər bir dövlət qurumu mətbu orqanın sorğusuna 7 gün ərzində cavab verməlidir.

Ümid edirik ki, bu dolaşıq məsələ hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli araşdırılacaq, bütün həqiqətlər üzə çıxarılacaq və günahı olan şəxslər cəzalandırılacaq.


Süleyman Babayev

 



Oxşar Xəbərlər

Xəbər lenti