Hakim Aygün Abdullayeva haqda DAHA BİR ŞOK İDDİA

Hakim Aygün Abdullayeva haqda DAHA BİR ŞOK İDDİA

 

Yasin Bayramov: "Hakim Abdullayeva tərəfindən çıxarılmış gizli və saxta qətnaməyə əsasən, cinayətkar qrup mənə məxsus mənzilimi saxta sənədlərlə 90.000 ABŞ dollar dəyərində satıb”

"Cinayətkar qrup Aygün Abdullayevanın köməkliyi əsasında mənim Rusiyadan Vətənə gəlməyimin qarşısını almışdı...”

Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, mənzil 75-də yaşayan Bayramov Yasin Ziyədəli oğlu tərəfindən "Hürriyyət” qəzetinin redaksiyasına növbəti şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Milli Məclisinin sədri Oqtay Əsədova, ədliyyə naziri Fikrət Məmmədova, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə müraciət edən şikayətçi yazır:

"Sizə tam məsuliyyətlə bildirirəm ki, keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudova münasib olan mafyoz Mehdiyev Rauf Süleyman oğlunun cinayətkar qrupunun qanunsuz sifarişini Bakı şəhəri, Nizami rayon məhkəməsinin sabiq hakimi A.A.Abdullayeva yerinə yetirmişdir. Yəni, mənim tərəfimdən tam sübuta yetirilmişdir ki, 19.04.2006-cı il tarixdə 2-501/2006 saylı qətnaməni hakim A.Abdullayeva gizli çıxarmışdır. Nəticədə mənə məxsus mənzilimdən istifadə hüququmun itirilməsi yuxarıda qeyd etdiyim gizli çıxarılmış qətnamədə qət edilmişdir.

Hörmətli Prezident!

Hakim A.Abdullayevanın Azərbaycan Respublikasının adından gizli və saxta qətnamə çıxarmasına bütün dünya Azərbaycanlıları və şəxsən Sizin qiymət verəcəyinizə inanıram.

Hakim A.Abdullayeva məni əvvəlcədən sövdələşmiş cinayətkar qrupun sifarişi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin bazasında qeydiyyatda olmağımdan məhrum etmişdir. Azərbaycan Respublikasının vətəndaşları haqlı olaraq məhkəmə sistemində olan bəzi hakimlərin çıxardıqları qərarların sifarişlə yerinə yetirilməsini qeyd edirlər.

Hakim A.Abdullayeva tərəfindən çıxarılmış gizli və saxta qətnaməyə əsasən, cinayətkar qrup mənə məxsus mənzilimi saxta sənədlərlə 90.000 ABŞ dollar dəyərində satıb. Eyni zamanda cinayətkar qrup hakim A.Abdullayevanın köməkliyi ilə mənim RF-dan Vətənə gəlməyimin qarşısını almışdılar. Mənim Vətənə gəlməyimə Tümen vilayətində fəaliyyət göstərən cəmiyyətlərimiz kömək göstərə bilmədilər. RF-nın Daxili İşlər Nazirliyinin idarə rəisi general polkovnik Mamayev də mənə köməklik göstərə bilmədi.

23 gün küçələrdə və qatarlarda olmuşam. Yəni, Tümen-Moskva, Moskva-Tümen, Tümen-Ekaterinburq və Ekaterinburq-Maxaçkala şəhərlərində olmuşam. Qatarların biletlərinin surətini məhkəməyə təqdim etmişəm. Moskva şəhərində fəaliyyət göstərən səfirliyimiz də mənə köməklik göstərə bilmədi.

Ekaterinburq şəhərində bir nəfər həmyerlimiz konsulluğumuza bildirdi ki, mən Azərbaycanda qeydiyyatdan çıxsam da, vətəndaşlığıma görə Vətənə qayıtmalıyam. Konsulluğumuzun əməkdaşları bir neçə gün bu məsələ ilə məşğul olduqdan sonra mənə Vətənə qayıtmaq üçün vəkalətnamə verdilər.

Hakim A.Abdullayeva və onun müdafiə etdiyi cinayətkar qrup gözləmirdilər ki, mən vətənə qayıda bilərəm.

Bakı şəhəri, Nizami rayon məhkəməsinə ərizə ilə müraciət etdim. Mənim haqqımda olan gizli çıxarılmış qətnaməni və məhkəmədə olan bütün sənədlərin surətini aldım. Əvvəlcə həmin sənədləri araşdırdım. Sonra isə təhqiq və tədqiq etdim. Müəyyən etdim ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 19.04.2006-cı il tarixli 2-501/2006 saylı qətnaməsi hakim A.Abdullayeva tərəfindən gizli çıxarılmışdır. Bu məsələdə iddiaçılar olmayıb.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Apellyasiya şikayəti ilə müraciət etdim. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31.01.2018-ci il tarixində keçirilən iclasında iddiaçı hesab olunan Bayramov Ziyədəli Yasin oğlu bildirdi ki, onun məhkəmə qətnaməsindən xəbəri yoxdur. Məhkəmə Kollegiyasının protokolu və qətnaməsi saxtalaşdırılaraq Z.Y.Bayramovun çıxışı olduğu kimi qeyd edilmədi.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Nizami rayon məhkəməsinin qətnaməsini ləğv etdi.

Abşeron rayonun hüquq bürosunun vəkili Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasitya Məhkəməsinin vasitəsi ilə kassasiya şikayəti vermişdi. Kassasiya şikayəti iddiaçı hesab olunan E.S.Mehdiyeva və Z.Y.Bayramov tərəfindən imzalanmayıb. Hüquqi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş və baxılmaq üçün Ali Məhkəmənin Mülki Kollegiyasına göndərilmişdir.

Azərbaycan Respublikasının MPM-nin 407.3.2-ci maddəsinə əsasən şikayət onu verən şəxs və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.

Həmin Məcəllənin 408.1.1 maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti qaytarılmalıydı.

Həmin Məcəllənin 409-cu maddəsinə əsasən işin kassasiya instansiyası məhkəməsinə göndərilməsi aşağıdakı kimi olmalıdır.

Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

Bakı Apellyasiya Məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qanunlara riayət edilmədən qanunsuz olaraq kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin bu məsələ ilə əlaqədar məsul olan şəxsləri xidməti vəzifələrini qanuna əsasən yerinə yetirmədiklərinə görə qanun qarşısında cavab verməlidirlər.

"Məhkəmələr və hakimlər haqqında” qanunun 66-cı maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin sədri cənab İman Nağıyev Apellyasiya Məhkəməsinin işinin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamışna əməl olunmasını təmin edir.

Yuxarıda qeyd edilən kassasiya şikayətinə baxılmamışdan əvvəl tərəfimdən Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevə və Ali Məhkəmənin hakimi T.Qoldmana (iş onun icraatındadır) 24.08.2018-ci il tarixkdə məlumat verdim.

11.10.2018-ci il tarixdə Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri T.Qoldman, Ə.Mirzəliyev və K.Quliyev Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsini ləğv etdi. Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi A.Abdullayevanın gizli çıxardığı qətnaməsini qüvvədə saxladı.

Ali Məhkəmənin hakimi T.Qoldman bilirdi ki, kassasiya şikayətini iddiaçı hesab olunanlar E.S.Mehdiyeva və Z.Y.Bayramov imzalamayıb. Ali Məhkəmənin hakimi T.Qoldman bilə-bilə Azərbaycan Respublikasının MPM-nin müvafiq maddələrini pozmuşdur.

Hörmətli Prezident!

Ali Məhkəmənin hakimlərinin 2 ay ərzində çıxardıqlaırı qərarlarının 4-nü Konstitusiya Məhkəməsi ləğv edib. Ali Məhkəmənin qanunsuz qərarlarını qəbul edənlərin peşəkarlığı yoxdursa işləməsinlər. Yox əgər bilə-bilə qanunsuz qərar qəbul edən hakimlər cinayət məsuliyyətinə cəlb olunmalıydı.

Mən Ali Məhkəmənin hakimləri T.Qoldman, Ə.Mirzəliyev və K.Quliyevin çıxardıqları qərarı saxtalaşdırması və qərarda böhtan qeyd etmələri barədə Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevə şikayət ərizələri ünvanlamışam. Mənim müraciətlərim Ali Məhkəmədən Bakı Apellyasiya Məhkəməsinə aidiyyatı üzrə baxılmaq üçün göndərilib.

"Məhkəmələr və hakimlər haqqında” qanunun 83-cü maddəsinə əsasən Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevin səlahiyyətlərinə aiddir, Ali Məhkəmənin hakimləri barədə tədbir görsün.

Hörmətli Prezident!

Siz 2017-ci ildə işində yol verdiyi nöqsanlara görə A.Abdullayevanı Bakı Apellyasiya Məhkəməsində hakim işləyərkən vəzifəsindən azad etmisiniz.

Hakim A.Abdullayeva 19.04.2006-cı il 2-501/2006 saylı gizli və saxta çıxardığı qətnaməsində xarici ölkədə yaşamış Bayramov Ziyədəli Yasin oğlunun adından çıxış qeyd edib. Məhkəmənin saxta protokoluna saxta izahat qeyd etdirib.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti 06.12.2018-ci il tarixli 33/5010 saylı məktubunda qeyd edir ki, Bayramov Ziyədəli Yasin oğlunun ölkədən çıxışı 22.02.2006-cı ildə olub. Onun 31.12.2006-cı il tarixədək ölkəyə girişi olmamışdır. Dövlət Sərhədi Xidməti Sərhəd Nəzarəti sübut edir ki, uzun müddət Z.Y.Bayramov ölkədə olmayıb.

Hal-hazırda iddiaçı hesab olunanlar, məhkəmə bildirişinə əsasən məhkəmə iclasına gəlmirlər. Ona görə ki, onlar iddiaçılar deyillər. Mənim istər Apellyasiya Məhkəməsində, istərsə də Ali Məhkəmədə hakimlər tərəfindən qəsdən, qanunsuz olaraq heç vaxt vəsatətlərim təmin edilmir. Sanki, "Məhkəmələr və hakimlər haqqında” qanunda qeyd edilib ki, hakimlər (qeyd etdiyim məsələ ilə əlaqədar) ziyan çəkənin vəsatətlərini qəbul etməməlidirlər?

Mən qeyd etdiyim məsələ ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına etdiyim Apellyasiya şikayətimdə qeyd etmişəm ki, hakim A.A.Abdullayeva gizli və saxta çıxardığı qətnamədə Bayramov Orxan İsmayıl oğlunun adından saxta iltizam tərtib etdirib. Onu gizli və saxta qətnaməsində şahid kimi göstərib. Və saxta məhkəmə protokoluna saxta izahat qeyd elətdirib. O.İ.Bayramov qonşularında saxta aktını imzalayıb. Onu etiraf edir. Lakin saxta iltizamı etiraf etmir. Onun qonşuların saxta aktındakı, imzası ilə saxta iltizamdakı imzasını müqayisə edəndə heç bir oxşarlığının olmadığı aydın görünür. O.İ.Bayramov törətdiyi cinayətə görə polis orqanlarından qovulmasına baxma­yaraq ixtisasca hüquqşünasdı, vəziyyətin nə yerdə olmasını bilir. Və səmimi bildirir ki, onun saxta iltizamdan xəbəri yoxdur.

Ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqına demişdi ki, Dövlət o vaxt sarsıla bilər ki, cinayətkar cəzasız qalsın. Ona görə mən göstərdiyim məsələ ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi cənab İlham Kərimli mənim Apellyasiya şikayətimdə göstərdiyim vəsatətimə əsasən Bayramov Orxan İsmayıl oğlunu, məhkəmə iclasına dəvət etsin. Onun adından yazılmış saxta iltizam sübut olunmaq üçün məhkəmə tərəfindən xəttşünaslıq ekspertizası təyin olunmalıdı. Çünki O.İ.Bayramovun özü də etiraf edir ki, onun saxta iltizamdan xəbəri yoxdur. O.İ.Bayramovun ünvan Nizami rayonu (055 429-10-10) Q.Qarayev prospekti 108 saylı evin 9 saylı mənzildi.

İstər Bakı Apellyasiya Məhkəməsi, istərsə Ali Məhkəmənin hakimi A.Abdullayevanın gizli və saxta qətnaməsinin sübut olunmasında maraqlı olmamışlar. Qeyd edilən məsələ barədə hələlik 7 hakim və 3 katib, hakim A.Abdullayevanı qanunsuz olaraq müdafiə edirlər. Həmin katiblərdən 2 nəfəri yüksək vəzifəyə irəli çəkilib.

"Məhkəmələr və hakimlər haqqında” Qanunun 111-ci maddəsinə əsasən hakimlər barəsində intizam icraatının başlanılmasına dair müraciət aşağıda göstərilən səbəblərdən biri və ya bir neçəsi olduqda edilir. Yuxarıda qeyd edilən Qanun 111-ci maddəsinin bütün bəndləri hakim A.Abdullayevaya aiddir.

Hörmətli Prezident!

Mənim yuxarıda qeyd etdiklərimə əsasən hakim A.Abdullayevanın gizli və saxta qətnaməsi ilə bir qrup sübut olunmuş cinayətkarların üzə çıxması üçün köməklik etməyinizi Sizdən xahiş edirəm.

Hörmətli Fikrət müəllim!

Hakim A.Abdullayevanın hakimlər barəsində iltizam icraatının başlanmasını və onun fəaliyyətinin yoxlanmasını Sizdən xahiş edirəm.

Hörmətli Ramiz müəllim!

Sizin səlahiyyətinizə aid olan müraciətlərimin Apellyasiya Məhkəməsinə göndərilməsini Ali Məhkəmənin Aparatının rəhbərinə və onun müavinə qadağan etməyinizi Sizdən xahiş edirəm.

Hörmətli İman müəllim!

Sizə xatırladıram ki, Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyət üzrə baxır. Mənim əlavə sübutumu Azərbaycan Respublikasının bütün vətəndaşları və mənim haqqımda olan saxta işi hakim cənab İlham Kərimli hamıdan yaxşı bilir.

Sizdən xahiş edirəm, mənim apellyasiya şikayətimdə olan heç olmasa bir vəsatətim yerinə yetirilsin. O.İ.Bayramov məhkəmə iclasına dəvət olunsun onun adından hakim A.Abdullayeva tərəfindən tərtib etdirilmiş saxta iltizam haqqında müzakirə aparılsın və xətşünaslıq ekspertizası təyin edilsin.

Azərbaycan Respublikasının MPM-nin 62.1, 62.2, 62.3, 62.4 və 63-cü maddələrinə əsasən hakim cənab İlham Kərimli, Bayramov Orxan İsmayıl oğlunun yuxarıda qeyd etdiyim qanunlara əsasən məhkəmə iclasına dəvət etsin. Belə olan halda məhkəmə cinayətkar qrupun tezliklə ifşa olunmasına nail ola bilər. Azərbaycan xalqı bilər ki, Apellyasiya Məhkəməsində nəhayət qeyd edilən məsələ barədə hakim cənab İlham Kərimli ədalətli qətnamə qəbul etdi. Yuxarıda qeyd etdiklərimə əsasən şikayət ərizəmin qanuni həll edilməsinə köməklik olunmasını xahiş edirəm.

Qonşuların saxta aktında Bayramov Orxan İsmayıl oğlu imza edib.

Hakim A.A.Abdullayevanın, O.İ.Bayramovun adından tərtib etdirmiş saxta iltizam səlahiyyəti olmayan şəxs tərəfindən imzalanıb.

Yuxarıda qeyd edilən saxta sənədlərdə O.İ.Bayramovun imzalarını müqayisə edilsə heç bir oxşarlığının olmadığı aşkar görünür.

Yuxarıda qeyd etdiklərimə əsasən, O.İ.Bayramov məhkəmə iclasına dəvət olunmasına və onun imzası barədə xətşünaslıq ekspertiza təyin edilməsinə köməklik etməyinizi xahiş edirəm”.

Hazırladı: İ.SABİRQIZI

Redaksiydan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti