Rusiya DİN: Azərbaycanlılar və çeçenlər arasında baş verən insidentlərlə əlaqədar vəziyyət tam şəkildə nəzarət altındadır

Rusiya DİN: Azərbaycanlılar və çeçenlər arasında baş verən insidentlərlə əlaqədar vəziyyət tam şəkildə nəzarət altındadır

 

Ötən gün Moskvada azərbaycanlılar və çeçenlər arasında baş verən və geniş ictimai rezonansa səbəb olan hadisələrlə əlaqədar vəziyyət tam şəkildə şəhər hakimiyyəti və polisin nəzarəti altındadır, münaqişənin genişlənməsinə imkan verilməyəcək və bütün lazımi tədbirlər görüləcək.

 Sozcu.info xəbər verir ki, Trend-in Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin rəisi polis general-leytenantı Baranov Oleq Anatolyeviç Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi polis general-mayoru Əkbər Yusifov ilə görüşü zamanı bildirib.

Səfirliyin mətbuat xidmətini məlumatında deyilir: "Geniş ictimai rezonansa səbəb olan və bu ərəfədə baş verən hadisələrlə əlaqədar 16 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi polis general-mayoru Əkbər Yusifov ilə Rusiyanın Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin rəisi polis general-leytenantı Baranov Oleq Anatolyeviç arasında görüş keçirilib.

Görüş zamanı yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb və insidentin eskalasiyasının qarşısının alınması üzrə tədbirlər müzakirə edilib. Səfir Daxili İşlər Nazirliyinin Baş İdarəsinin rəisini Azərbaycan və Çeçen xalqlarını birləşdirən dostluq və mehriban qonşuluq hissləri, eləcə də Moskvanın çoxmillətli meydançasında münaqişə vəziyyətinə gətirib çıxara biləcək təxirəsalınmaz tədbirlərin görülməsini tələb edən bu cür insidentlərin yolverilməzliyi barədə məlumatlandırdı. Cənab Baranovun sözlərinə görə, hər iki insidentlə bağlı operativ iş aparılır, xüsusilə də Moskvadakı "Neolit" kafesinə hücum faktı ilə bağlı yaxın zamanda ittihamlar irəli sürüləcək, həmçinin taksi sürücünün qətlə yetirilməsi ilə bağlı intensiv şəkildə istintaq aparılır və cinayətkarların şəxsiyyətləri müəyyən olunacaqdır. İş məhkəməyə təqdim ediləcək və ictimaiyyət bu barədə məlumatlandırılacaqdır.

General-leytenant həmçinin bildirdi ki, vəziyyət tam şəkildə şəhər hakimiyyətin və polisin nəzarəti altındadır, münaqişənin genişlənməsinə imkan verilməyəcək və bütün lazımi tədbirlər görüləcəkdir. 
Görüş zamanı internetdə 4-6 nəfərin həlak olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatın yayıldığı qeyd olunmuş və sosial şəbəkələrdə yer almış yalnız düşmənçilik mühitin yaradılması məqsədini güdən bu cür təxribatlara uymaması xahişi səsləndirilib.

Dünən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov tərəfindən bəyanat verilmiş, hansında o bu insidentin Azərbaycan və Çeçen xalqları arasında mövcud olan tarixi köklərə əsaslanan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirməyəcəyini bildirmişdir.

Həmçinin, səfir dünən və bu gün həmin məsələ ilə məşğul olan azərbaycanlılarla bir sıra görüşlər keçirmiş, bununla əlaqədar olaraq, səfirlik jurnalistlərə və məsələdə düzgün mövqe tutan bütün insanlara təşəkkürünü bildirir.

Bir daha feyk məlumatlara və təxribat xarakterli bəyanatlara inanmamağa çağırırıq. Səfirlik həmin məsələ ilə bilavasitə məşğuldur və vəziyyətin gələcək inkişafı barədə ictimaiyyətə məlumat verəcəkdir".



Oxşar Xəbərlər

Xəbər lenti