Əli İnsanov Novruzda əfv olunacaq? - “Azərbaycan hakimiyyəti ölkədə bir barış yaratmalıdır”

 

Elşad Musayev: "Hakimiyyət özü üçün Əli İnsanov obrazında bir xof yaradır, amma elə deyil. Əli İnsanov bu hakimyyətə heç bir təhlükə törətmir”

Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Bu tarixi əfv olunacaq şəxslər və onların yaxınlarıböyük ümidlə gözləyirlər.

Məlumata görə, Azərbaycan prezidenti yanında Əfv Məsələləri Komissiyasını indiyə qədər keçirilən iki iclasında ümumilikdə 200-ə yaxın müraciətə baxılıb.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının ötən il yanvarın sonlarından mayın ortalarına qədər davam edən iclaslarında 1200-dən artıq müraciətə baxılmışdı. İclasların ardınca, 2018-ci il mayın 24-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzaladı.
Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olundu. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edildi. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər, cərimə cəzasına məhkum edilmiş 11 nəfər cəzadan və islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edildi.
Artıq əfv sərəncamı ilə bağlı siyahı daxili işlər naziri Ramil Usubova təqdim edilib. Bu barədə hüquq müdafiəçisi Novella Cəfəroğlu fevralın 19-da daxili işlər naziri, general-polkovnik Ramil Usubovla görüşündən sonra mətbuata açıqlama verib. Hüquq müdafiəçisi deyib ki, siyahıda olan şəxslərin adlarını açıqlaya bilməzlər: "Əgər açıqlasaq, çaxnaşma olar. Kim lazımdırsa, onların adlarını vermişik. Ümid böyükdür. Nazirə təqdim olunan siyahıda adları olan məhbusların əksəriyyətinin əfv olunacağına əminik”.

N. Cəfəroğlu onu da qeyd edib ki, onların Avropa İttifaqı və Şurasının nümayəndələri ilə görüşləri olur: "Görüşlərdə Azərbaycanda atılan addımları müsbət dəyərləndirirlər. Siyasi məhbusların içərisində Əli İnsanov da var. Biz siyasi məhbus problemini tam aradan qaldırsaq, müsbətə doğru çox şeylərə nail ola bilərik. Əli İnsanovun azadlığa çıxmasını çox istəyirəm. O, Heydər Əliyevin ən yaxın dostlarından olub. Heydər Əliyevin yanında çox böyük xidmətləri olub. Əli İnsanov daxil, bütün siyasilər azad edilsə, hamının yanında başı uca gəzərik, sözümü tam şəkildə deyə bilərik. Aparılan islahatlarla bərabər bütün siyasi məhbuslar da azad olunsa, əmin olun ki, hər kəs Azərbaycana həsəd aparacaq. Əli İnsanov yaşlı adamdır. 14 il həbsdə olduğu müddət ərzində bir dəfə də onun nəyəsə irad tutduğunun şahidi olmamışıq. Bu insanın akademik olmağı, həbsxanada özünü ləyaqətlə aparmağı azad olunmasına əsas verir. Çox ümid edirik ki, sabiq nazir bu dəfə azad olunacaq”.

Hüquq müdafişəçisinin "nazirə təqdim olunan siyahıda adları olan məhbusların əksəriyyətinin əfv olunacağına əminik” deməsindən və sonra keçmiş səhiyyə naziri Əli İnsanov haqqında ağızdolusu danışmasında belə görünür ki, bu əfv fərmanı ilə Əli İnsanovun azadlığa çıxma ehtimalı var. Çünki hüquq müdafiəçisi deyib ki, onlar bütün siyasilərin adından əfv üçün məktub yazırlar: "Prezidentdən xahiş edirik ki, filankəslər azad olunsun. Bu baxımdan Əli İnsanov əfv yazmasa belə, onun adından onsuz da əfv müraciətləri edilib. Hesab edirəm ki, yaşına, işinə baxılıb, Əli İnsanov əfv oluna bilər”.

Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun "tarixdə mərhəmətli, ədalətli və öz millətinin dəyərlərinə, ənənələrinə sayğı göstərən dövlət başçıları, hökmdarlar həmişə hörmətlə yad edilib. Mən çox ümid edirəm ki, prezident İlham Əlyev bu təcrübədən çıxış edərək, növbəti əfv sərəncamı imzalayarkən, görkəmli alim Əli İnsanovun da adını azad ediləcək şəxslərin siyahısına əlavə edəcək” - fikirləri də Əli İnsanovun azad olunacağına işarə edir.

İlyas İsmayılov hakimiyyətə səslənərək bildirib ki, artıq 73 yaşını haqlamış və 14 ildir dustaq həyatı yaşayan görkəmli alimin həbsdə saxlanması təkcə hakimiyyətə yox, elə bir millət kimi, bizim özümüzə də hörmət, başucalığı gətirmir: "Milləti qabağa aparan, ona yol göstərən alimləridir və bu səbəbdən dövlət başçıları həmişə öz alimlərini qorumağa can atmalıdır. Qoca tarix alim-hökmdar dialoqları, alimlər üstündə çıxan savaşlar, alimlərin qorunması üçün ölkə rəhbərlərinin keçirdikləri xüsusi əməliyyatlar barədə heyrətamiz nümunələrlə doludur. Ancaq biz nə edirik? Onsuz da çox az sayda olan həqiqi elm sahiblərimizi, əsl alimlərimizi qorumaq, onlara fəaliyyətləri üçün yüksək şərait yaratmaq əvəzinə, onları min bir əziyyətə, məhrumiyyətlərə düçar edirik, həbsə atırıq”.

Əslində, İ. İsmayılovun bu yanaşması bir ziyalı yanaşmasıdır. Çox güman ki, bu çağırışlardan sonra hakimiyyət Ə. İnsanovu azad edə bilər.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. 2007-ci ilin aprel ayında məhkəmə sabiq nazirin əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum olunması haqda hökm çıxarıb. Sonradan bu müddət bir neçə dəfə uzadılıb. 2017-ci il aprelin 26-da Əli İnsanov növbəti dəfə 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Beləliklə, 2005-ci ildə həbsə alınmış sabiq nazirin həbsi 2023-cü ilədək uzadılıb. Ə.İnsanov ittihamları qəbul etmir, bunu siyasi sifariş sayır. O, tibb elmləri doktorudur, 1993-2005-ci illərdə səhiyyə naziri postunu tutub.

"Azərbaycan hakimyyəti bu haqlı etirazları eşitmir”

Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı ilə bağlı "Hürriyyət”ə danışan Böyük Azərbaycan Partiysının sədri Elşad Musayev vurğuladı ki, siyasi məhbusların olması ölkə üçün utancverici bir hadisədir: "Biz illərdir ki, bu prosesi yaşayırıq və siyasi təşkilatlar olaraq da dəfələrlə hakimiyyət, beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırırıq. Qeyri-hökumət təşkilatları da, siyasi məhbus ailələri də bu məsələni gündəmə gətiriblər. Təəssüflər olsun ki, indiyə qədər Azərbaycan hakimyyəti bu haqlı etirazları eşitmir. Azərbaycanda gənclərdən tutmuş, qadınlara, yaşlılara qədər siyasi məhbus var. Gənclər Bayramdı, Qiyasdı, İlkin Rüstəmzadə və başqaları var, qadın, Gözəl Bayramlıdır. Aydıbdı, bir qadını siyasi baxışlarına görə həbs edib, illərlə saxlayasan. Yaşlı insan ziyalı, alim, akademik Əli İnsanovdur, ayıbdı, onu qanunsuz olaraq illərlə məhbəsdə saxlayasan. Təbii ki, bunlar utancverici hadisədir. Biz hesab edirik ki, Azərbaycan hakimiyyəti ölkədə bir barış yaratmalı, münasibətləri yumşaltmalı, mülayimləşdirməlidr. Bu baxımdan, bu siyasi məhbusları azad etməlidir. İndi qeyri-hökumət təşkilalarının təmsilçiləri daxili işlər naziri ilə görüşüb, ona onlar cavab verə bilər, dəqiq məlumatım yoxdur. Amma biz hesab edirik ki, siyasi məhbusların hamısı azadlığa qovuşmalıdır”.

"Azərbaycan hakimiyyəti Əli İnsanovu buraxmalıdır”

"Siz Əli İnsanovun Novruz bayramında əfv olunmasını gösləyirsinizmi” sualına E. Musayev belə cavab verdi: "Əli İnsanov məsələsi çox istisna məsələdir. Çünki hakimiyyət özü üçün Əli İnsanov obrazında bir xof yaradır, amma elə deyil. Əli İnsanov bu hakimyyətə heç bir təhlükə törətmir, onun 70-dən çox yaşı var, dünyada tanınan alimdir. Beynəlxalq aləmdə alimə bu cür münasibət Azərbaycana başucalığı gətirmir. Mən hesab edirəm ki, Azərbaycan hakimiyyəti Əli İnsanovu buraxmalıdır, onu saxlamaq üçün elə bir əsas da qalmayıb. Əgər Azərbaycan hakimiyyətinin normal, rassional düşüncəsi varsa, Əli insanovu da azad etməlidir. Azərbaycanda nə qanun, nə də məntiq işləmir deyəsən ki, mən belə görürəm, buraxmalıdırlar, yaxud qanuna görə buraxmalıdır. Əslində, həm qanuna, həm də mənitqə görə buraxmalıdırlar. Amma ölkədə nə normal qanun, nə də məntiq işləmir. Ona görə, Azərbaycanda proqnoz vermək çox çətindir”.

"Əli İnsanov barəsində məsələni qabardırıq, bundan sonra da qabardacağıq”

"Açığı, Əli İnsanovun düşüncəsi belədir ki, o vəkilləri vasitəsilə öz müdafiəsini təşkil edir, onun hər hansı bir müdafiə komitəsi yoxdur, özü bu işdə təşəbbüs etmir, illərdir əsasən, onun vəkilləri hüquqi baxımdan onun müdafiəsi ilə məşğul olurlar. Biz siyasi təşkilat olaraq dəstək veririk. Məsələn, onun həbsini İlyas İsmayılov, Hacıbaba Əzimov pislədi, bu adamlar həm professor, alim adamlardı, eyni zamanda partiya sədrləridir. Biz siyasi baxımdan bu həbsin yanlış olduğunu, qanunsuz olaraq həbsdə saxlanlmasını qabardırıq. Bütün siyasi məhbuslar, o cümlədən Əli İnsanov barəsində bu məsələni qabardırıq, bundan sonra da qabardacağıq, beləcə bu proses davam edəcək. Amma hüquqi baxımdan bu işlərlə məşğul olan Əli İnsanovun vəkilləri var. Mənim demək istədiyim odur ki, özü konkret hüquqlarını müdafiə etməyə vəkillər vasitəsilə üstünlük verir”,-partiya sədri əlavə etdi.

"Əli İnsanov bu hakimiyyətdə heç bir xof yaratmamalıdır”

"Hakimiyyət özü üçün Əli İnsanov obrazında bir xof yaradır, deyirsiniz. Bu, nə ilə bağlıdır” deyə sual etdikdə E. Musayev qeyd etdi ki, hakimiyyət özü üçün Əli İnsanov obrazında bir xof qəbul edir, amma Əli İnsanov bu hakimiyyətdə heç bir xof yaratmamalıdır. Əli İnsanov nə siyasi iddiada bulunmur, nə demir, "həbsdən çıxandan sonra siyasi təşkilat quracam, siyasi fəaliyyətlə məşğul olacam”, nə də içəridə olub, çöldə siyasi fəaliyyətlə məşğul olmur, kimisə stimullaşdırmır, maliyyələşdirmir, heç nə etmir. Əli İnsanov niyə hansısa bir xof yaratmalıdır? Amma hakimyyətin öz içində olanlar görünür, hansısa daxili problemlərindən Əli İnsanova qarşı aqressivdilər. Bunu hakimiyyət içində olanlar daha yaxşı bilir. Mən hesab edirəm bu əsassız aqressiv yanaşmadır”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}