Ərdoğan ərəblər üçün yeni PLAN CIZDI

Ərdoğan ərəblər üçün yeni PLAN CIZDI

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər böhrana cəlb edilmiş ölkələrin dialoqunun bərpası üçün Yaxın Şərq turnesi həyata keçirəcək.

Publika.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə lideri Səudiyyə Ərəbistanı, Qətər və Küveytə səfər edəcək.

"Mümkündür ki, iyulun 15-dən sonra turneyə başlayım. Biz regionda dialoqun bərpasına imkan yarada bilərdik. Qətər, Küveyt və Səudiyyə Ərəbistanına baş çəkməyi planlaşdırırıq”, - Ərdoğan G20 sammitindən qayıdan zaman təyyarədə türk jurnalistlərinə bildirib.

Onun sözlərinə görə, regiona planlaşdırılan səfərə vasitəçilik cəhdi kimi baxılmamalıdır, çünki vasitəçi rolunu Küveyt öz üzərinə götürüb və Türkiyə bu səyləri yalnız dəstəkləyir. Ərdoğan bildirib ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampla görüşlərdə Qətər böhranını müzakirə edib. O, əlavə edib ki, G20 ölkələrinin bütün liderləri böhranın dialoq yolu ilə həllini dəstəkləyirlər.

Qeyd edək ki, iyunun 5-də BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı və Misir terrorizmə dəstək verməkdə ittiham edərək Doha ilə diplomatik əlaqələri kəsdi. Daha sonra analoji addımı Mavritaniya, Maldiv adaları, Mavrikiy, Cibuti və İordaniya atdı. Qətərin blokadasına Fars körfəzinin ərəb ölkələri Əməkdaşlıq Şurasının üzvlərindən yalnız Oman və Küveyt qoşulmadı.

İyunun 23-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Doha ilə münasibətlərin normallaşması üçün 13 tələb irəli sürdülər. Ərəb ölkələri, xüsusi halda, Qətərdən İranla diplomatik münasibətləri kəsməyi, Türkiyə hərbi bazasını bağlamağı və "Əl-Cəzirə” peyk telekanalını bağlamağı tələb etdilər. Bundan başqa, Doha yuxarıda adı çəkilən 4 ölkənin terrorçuluqda ittiham etdiyi bütün şəxsləri təhvil verməli idi.

Tələblərin yerinə yetirilməsi üçün Qətərə 10 gün vaxt verilmişdi. Daha sonra bu müddət Küveytin xahişi ilə daha 48 saat uzadıldı.

Lakin Qətər tələbləri yerinə yetirməkdən imtina edib.



Oxşar Xəbərlər

Xəbər lenti