8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Üzeyir Cəfərov: "Azərbaycan təkid etməlidir ki, Rusiya bu proseslərdən geri çəkilsin”
Dünən prezident İlham Əliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyevin andiçmə mərasimindən 1 gün sonra V.Gerasimovun Bakıya səfəri diqqəti çəkir. Çünki bəzi ekspertlər son günlər İrəvanda Serj Sarkisyanın hakimiyyəti zəbt etməsinə, baş nazir seçilməsinə qarşı davam edən etiraz aksiyalarının Azərbaycanın "əlinə oynadığı” qənaətindədirlər ki, Dağlıq Qarabağ Azərbaycanın xeyrinə həll oluna bilər. O baxımdan, ola bilər ki, V. Gerasimovun prezident İlham Əliyevlə görüşü zamanı Dağlıq Qarabağ problemi müzakirə predmeti olsun.
Rəsmi məlumata görə, V. Gerasimov NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin komandanı Körtis Skaparotti ilə görüşmək üçün Bakıya gəlib və dünən V.Gerasimov K. Skaparotti ilə görüşüb.
Bildirilir ki, görüş zamanı NATO və Rusiyanın Avropa regionunda hərbi fəaliyyəti, etimad tədbirlərinin artırılması və insidentlərin qarşısının alınması məsələləri müzakirə olunub.
Tərəflər həmçinin Suriyadakı vəziyyətlə bağlı müzakirələr aparıblar və beynəlxalq terrorizmə qarşı mübarizədə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıblar.
"Ola bilsin ki, ev sahibi olduğumuza görə Qarabağla bağlı ötəri hansısa bir fikir səsləndirilsin”
Prezident İlham Əliyevin Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovu qəbul etməsi ilə bağlı hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov "Hürriyyət”ə dedi ki, bu görüşün Qarabağ məsələsi ilə heç bir əlaqəsi yoxdur: "Gerasimov NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin komandanı Skaparotti ilə görüşmək üçün Bakıya gəlib. Onlar bundan əvvəl də Bakıda bir neçə dəfə görüşüblər. İlham Əliyev hörmət əlaməti olaraq Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini, o cümlədən də NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin komandanı Skaparottini Bakıda qəbul edib. Burada Suriya məsələsi, Rusiya-NATO, Rusiya-Amerika münasiətlər müzakirə olunur. Ola bilsin ki, ev sahibi olduğumuza görə Qarabağla bağlı ötəri hansısa bir fikir səsləndirilsin. Amma Qarabağ məsələsinə zərrə qədər nə istisi, nə də soyuğu olacaq. Əgər dünyanın böyük dövlətləri, elə Gerasimovun təmsil olunduğu ölkənin prezidenti və yaxud xarici işlər naziri bir neçə dəfə Qarabağla bağlı fikiri səsləndiriblərsə və heç nə etməyiblərsə, biz bunlardan heç nə gözləməməliyik. Qarabağ məsələsinin açarı Moskvada olduğu qədər Azərbaycan da bundan sonra təkid etməlidir ki, Rusiya bu proseslərdən geri çəkilsin. Sözsüz ki, Rusiya dirəniş göstərəcək, amma biz sonsuzluğa qədər bu məsələni uzada bilmərik. Ona görə də Gerasimov NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin komandanı Skaparotti ilə görüşmək üçün Bakıya gəlib ki, görüş zamanı yaxın zamanlarda Suriya ilə, o cümlədən digər region ölkələri ilə bağlı atılacaq addımları müzakirə edəcəklər. Gerosimov qayıdan kimi Putinə, Skarpartti də Yens Stoltenberqə məlumat verəcək, onlar da növbəti iclaslarda bunu müzakirə edəcəklər”.
"Bakı NATO-nun istifadə etdiyi ən uğurlu marşrutdur”
"Bakı ona görə seçilib ki, NATO-nun bu istiqamətdə istifadə etdiyi ən uğurlu marşurutdur. Rusiya da, NATO da bunu qəbul edir. Bilirsiniz ki, sülh yaratma missiyasında Azərbaycan ərazisindən NATO qüvvələri istifadə edə bilər, yəni hərbi aerodromlarda onların heyətinin texniki baxışının həyata keçirilməsinə, müəyyən yüklərin daşınmasına Azərbaycan razılıq verib. Burada sirr ola bilən bir şey də yoxdur. Ermənitanı seçə bilməzdilər, ona görə ki, Ermənistan Rusiyanın vassalıdır, NATO buna razılıq verməzdi. Gürcüstana gedə bilməzdilər, çünki Rusiyanın Gürcüstan ərazisinin işğalında əli var və Gürcüstanın Rusiya ilə münasibətləri gərgindir. Yeganə stabil, sakit ölkə Azərbaycandır. Ona görə də Azərbaycan seçilib. Bundan əvvəl də Bakıda iki görüş keçirilib. Həmin görüşlərdə də əsasən dünyada olan proseslər müzakirə olunub. Açığı bu görüş 1 ay bundan əvvəl olmalı idi və dəqiq tarixi də bəlli idi. Sadəcə olaraq dünyada baş verən proseslər imkan vermədi ki, həmin görüş mart ayında keçirilsin. Suriyada baş verənlər, Türkiyə-NATO münasibətlərinin gərginləşməsi, Türkiyə-Rusiya münasibətlərinin istiləşməsi və bir sıra başqa proseslər bu məsələni bir qədər arxa plana keçirdi”,-deyə ekspert qeyd etdi.
"Dağlıq Qarabağla bağlı biz özümüz qərarımız verməliyik”
Ü.Cəfərov onu da vurğuladı ki, Dağlıq Qarabağla bağlı biz özümüz qərarımız verməliyik və qərar yalnız Azərbaycanda verilməlidir: "Dünya dövlətləri də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmalıdırlar. Həmin o Gerasimovun təmsil olunduğu Rusiya, o cümlədən NATO da bu prosesdə Azərbyacanın beynəlxalq hüquqla tanınmış hüququnu təmin etməlidirlər və ona təkan verməlidirlər”,
Şamo EMİN, Hurriyyet.org