General Gerasimov Bakıdadır: prezident İlham Əliyevlə və Baş qərargah rəisi Nəcməddin Sadıqovla görüşəcək

 

Rusiya silahlı qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov NATO Hərbi komitəsinin sədri, general Pyotr Pavellə görüşmək üçün artıq Bakıdadır.

Bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən generallar beynəlxalq təhlükəsizliyə dair aktual məsələləri müzakirə edəcəklər. Habelə general Gerasimov Bakıya işgüzar səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə və silahlı qüvvələrin Baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovla görüşlər keçirəcək.

*   *   *13:15

Azərbaycan Müdafiə Nazirliyi və Rusiyanın Bakıdakı səfirliyi NATO-nun Hərbi komitəsinin sədri, general Pyotr Pavellə Rusiya silahlı qüvvələri Baş qərargahının rəisi, general Valeri Gerasimovun bu gün Bakıda keçiriləcək görüşü barədə hələ məlumatlı deyil.

 Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti TASS-ın sorğusuna cavab verərkən bu barədə hər hansı informasiyaya malik olmadıqlarını bildirib. Bakıdakı Rusiya səfirliyinin mətbuat attaşesi Denis Apaşkin də TASS-a telefonla bildirib ki, görüş haqda onlara məlumat daxil olmayıb.

*   *   *12:44

NATO Hərbi komitəsinin rəhbəri, general Petr Pavel və Rusiya silahlı qüvvələrinin Baş qərargah rəisi, general Valeri Gerasimov bu gün Bakıda görüş keçirəcək.

Bu barədə NATO-dan yayılan kommünikedə bildirilir. Görüş Rusiya-NATO əlaqələrinin dondurulmasından bəri ilk dəfə baş tutacaq.

"NATO Hərbi komitəsinin sədri general Pyotr Pavel və Rusiya silahlı qüvvələri Baş qərargahının rəisi, general Valeri Gerasimov bu gün sentyabrın 7-də Bakıda görüşəcəklər”-kommünikedə bildirilir.

NATO qeyd edir ki, bu görüş iki general arasında 2017-ci il martın 3-də baş tutmuş telefon danışığının davamı olacaq.

Xatırladaq ki, bu ilin əvvəllərində ABŞ silahlı qüvvələri qərargah rəisləri komitəsinin sədri, general Danfordla Rusiya Baş qərargahının rəisi, general Gerasimov da Bakıda görüş keçirmişdilər. Bu görüşdə nüvə təhlükəsizliyi və Suriyada hərbi koordinasiya məsələləri müzakirə olunub. Prezident İlham Əliyev hər iki generalla ayrılıqda görüş keçirib.



Oxşar Xəbərlər

Xəbər lenti