Nikol Paşinyan: "Mən nə qərbmeyilili, nə də rusiyameyilli siyasətçiyəm - mən ermənimeyilli siyasətçiyəm"

 

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan Rusiya Dövlət Duması nümayəndə heyəti ilə görüşüb və onları əmin edib ki, Ermənistan müxalifəti heç də Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirmək niyyətində deyil.
"Rusiyaya qarşı geosiyasi qəsd yoxdur, geosiyasi geriyə dönüş olmayacaq və Ermənistan-Rusiya münasibətlərini təhlükə altına qoyan heç bir şey yoxdur", - o deyib.
Həmin görüşdən sonra Nikol Paşinyan BBC-nin bir neçə sualına cavab verib.

RUSİYA DEPUTATLARI İLƏ GÖRÜŞ HAQQINDA
"Sadəcə, Ermənistan-Rusiya münasibətlərinə dair fikir mübadiləsi aparılıb. Mən Ermənistan-Rusiya münasibətləri situasiyasında gələcək üçün nöqteyi-nəzərimizi təqdim etdim və biz dedik ki, hazırda baş verən siyasi prosesdə heç bir geosiyasi kontekst və geosiyasi qəsd yoxdur".

Ermənistanda etirazlar

RUSİYA İLƏ MÜNASİBƏTLƏR HAQQINDA
"Biz nə isə dəyişmək istəyiriksə [Rusiya ilə münasibətlərdə], bunu biz müsbət mənada dəyişmək istəyirik.
Biz, ümumiyyətlə, hesab edirik ki, geosiyasi reverslər (geriyə dönüş- red.) istənilən ölkə üçün təhlükəlidir və biz Ermənistanın bu gün istər Avrasiya İqtisadi İttifaqı istiqamətində, istərsə də KTMT (Kütləvi Təhlükəsizlik Müqaviləsi Təşkilatı) istiqamətində öhdəliklərini yerinə yetirmək niyyətindəyik. Lakin bu, o demək deyil ki, burada müzakirə və həll ediləsi heç bir problem olmadığını düşünürük.
Biz bütün bu problemləri rusiyalı tərəfdaşlarımızla müzakirə etməyə hazırlaşırıq və əminik ki, bu məsələlərin hamısına dair ümumi fikrə gələ bilərik".

AVROPA İTTİFAQI İLƏ MÜNASİBƏTLƏR HAQQINDA
"Avropa İttifaqı ilə münasibətlərə dair də imzalanıb ratifikasiya edilmiş müqaviləmiz var, biz bu müqaviləni də gerçəkləşdirmək qərarındayıq.
Düşünmürəm ki, Ermənistanın Avropa İttifaqı ilə yaxınlığı hər hansı şəkildə ölkənin təhlükəsizliyinə xətər gətirə bilər. Biz həm Rusiya, həm Avrasiya, həm KTMT, həm Avropa İttifaqı, həm Birləşmiş Ştatlar, həm İran və Gürcüstanla, ümumiyyətlə, bütün tərəfdaşlarımızla münasibətləri daha da yaxşılaşdırmaq və dərinləşdirmək qərarındayıq. Lakin biz bunu belə təsəvvür edirik: bunlardan heç biri o birisinin hesabına baş verməməlidir. Ən başlıcası budur, çünki Ermənistan beynəlxalq ailə üzvüdür və biz özümüzü bu ailənin ləyaqətli suveren üzvü kimi aparmalıyıq".
Ermənistan müxalifətinin lideri Nikol Paşinyan
AZƏRBAYCANA SİLAH SATIŞI HAQQINDA
"Bu, həmişə müzakirə olunmuş və müzakirə olunan problemdir və mən ümid edirəm ki, bu məsələ üzrə də rusiyalı həmkarlarımızla yaxşı və səmərəli mükalimə olar, çünki Rusiyada da bu məsələnin ciddiliyini anlayırlar və onlar da, fikrimcə, bu mövzuda dialoqa hazırdırlar".

ERMƏNİSTANIN RUSİYADAN ASILILIĞI HAQQINDA
"Hesab edirəm ki, Ermənistan müstəqil ölkədir və görürük ki, Rusiya Ermənistanın daxili işlərinə, o cümlədən, iqtisadi işlərinə müdaxilə etmir və Ermənistan iqtisadiyyatının inkişafı məsələsini biz özümüz həll etməliyik.
Əminəm ki, nə Rusiya, nə də ümumiyyətlə, hər hansı başqa bir ölkə Ermənistan iqtisadiyyatının inkişafına maneçilik törədir. Bu, bizim öz işimizdir. Bu sahədə problemimiz varsa, onu biz özümüz yaratmışıq. Başqa heç kəs.

Yerevan, etirazlar
Ermənistan paytaxtında indi də hakim partiyaya qarşı etirazlar başlayıb.
Bu gün məni Qərb mətbuatında qərbmeyilli siyasətçi kimi təqdim edirlər. Dəfələrlə demişəm ki, mən nə qərbmeyilili, nə rusiyameyilli, nə amerikameyilli siyasətçiyəm - mən ermənimeyilli siyasətçiyəm...
Avrasiya İqtisadi İttifaqına gəldikdə, bəli, mən Ermənistanın [bu təşkilata] daxil olmasına qarşı olmuşam, lakin indi Ermənistan Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqının (AİƏİ) üzvüdür və bu bir faktdır. Və hər bir siyasətçi, gərək bu faktla hesablaşsın.
Həmişə demişəm ki, geosiyasi və xarici siyasət sahəsində hər hansı kəskin hərəkət son dərəcə düşüncəsizlikdir, xüsusilə də beynəlxalq və regional vəziyyəti nəzərə alaraq".

RUSİYA DEPUTATLARI İLƏ GÖRÜŞDƏN TƏƏSSÜRAT HAQQINDA
"Rusiya heç vaxt Ermənistanın daxili işlərinə müdaxilə etməyib və heç vaxt etməyəcək.
Əlbəttə, biz AİƏİ, KTMT və s. çərçivələrində Ermənistan-Rusiya münasibətlərinin gündəliyini hələ çox müzakirə edəcəyik. Bu, əməli dialoq olacaq. Ümid edirəm ki, biz Rusiya ilə münasibətlərdə tərəqqiyə nail ola bilərik.
Rusiyalı həmkarlara dedim, hesab etmirəm ki, burada heç bir problem yoxdur, bu problemləri biz müzakirə edəcəyik. Mən deyirəm revers olmayacaq. Bu prosesdə heç bir geosiyasi qəsd və heç bir geosiyasi kontekst yoxdur. Bu proses, bizim hərəkatımız - sırf daxili Ermənistan prosesidir, bununla heç bir xarici qüvvənin əlaqəsi yoxdur, buna zamin oluram. Və bu aydındır, bunu görməmək mümkün deyil".

BAŞQA ÖLKƏ SƏFİRLƏRİ İLƏ GÖRÜŞ HAQQINDA
"Həm Avropa İttifaqı, həm ABŞ səfirləri ilə görüşdüm və bizim aramızda əməlli dialoq baş tutdu.Onların mövqeyi də Rusiyanın mövqeyi kimidir: heç kəs Ermənistanın daxili işlərinə qarışmır". /BBC-Azərbaycan/



Oxşar Xəbərlər

Xəbər lenti