Səlim Müslümovun qardaşının fəaliyyəti yoxlanılır

2013-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik edən Səlim Müslümovun istefaya göndərilməsi, bunun ardınca iqtidaryönlü media resurslarında sabiq nazirin 2 milyard manat mənimsəməsi haqqında məlumatların dövriyəyə buraxılması gündəmin əsas müzakirə mövzusu olaraq qalır. 2 milyard manatlıq mənimsəmə iddialarının həqiqətə nə dərəcə də uyğun olması haqqında məlumatları dəqiqləşdirmək medianın imkanları xaricində olduğundan bu məsələyə aidiyyatı orqanlar aydınlıq gətirməlidir. Səlim Müslümovun son beş il ərzində rəhbərlik etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ən çox korrupsiyalaşmış qurumların siyahısının başında gəlməsi 2 milyard manatlqı mənimsəmə iddiaların əsassız olmadığı haqqında qənaət yaradır. Onun 2002-2013-cü illər ərzində, 11il  ərzində Dövlət Sosial Müdafiə Fondunun sədri olması da 2 milyard manatlqı mənimsəmə ittihamlarının qaynaqlarına aydınlq gətirir. Səlim Müslümov 16 il ərzində hökumətin üzvü olub və ən çox korrupsiyalaşmış qurumlara rəhbərlik edib. 16 il ərzində rəhbərlik etdiyi qurumlar əhalinin ən çox şikayətçi olduğu qurumların siyahısının həmişə ilk pilləsində yer alıb. Bu isə artıq iddia deyil, faktdır. Prezident Adminstarsiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin mütamadi olaraq əhalinin şikayətləri ilə bağlı açıqladığı şikayətlərdə Dövlət Sosial Müdafiə Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmişə siyahının ilk pillərində yer alıb. Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyinə verildikdən sonra Səlim Müslümovun rəhbərlik etdiyi qurum super nazirliyə çevrilmişdi.

Səlim Müslümovun ölkənin idarə edilməsində rolu onun özünün hökumət üzvü olması ilə yekunlaşmırdı. Səlim Müslümovun dayısı Ənvər Seyidəliyev 2007-ci ildən Ağsu rayonuna rəhbərlik edir. Ənvər Seyidəliyevin Ağsu rayonunda əsas vəzifələrə qohum-əqrabasını rəhbər təyin etməsi haqında mediada çox yazılıb. Eyni zamanda Ağsu rayonunda büdcə vəsaitlərindən istifadə zamanı korrupsiyaya yol verilməsi haqqında da çoxsaylı iddialar var. Bu iddialara başqa bir araşdırmamızda aydınlıq gətirməyə çalışacağıq.

Hələlik isə onu qeyd edək ki, hazırda ən ciddi təhlükə ilə üzləşənlərdən biri sabiq nazir Səlim Müslümovun qardaşı Radim Müslümovdur. Bir neçə ildir ki, Radim Müslümov İsmayıllı Rayonu üzrə Maliyyə idarəsinə rəhbərlik edir və İsmayıllı rayon İcra Hakimiyyətinin rəsmi saytında yer alan məlumata görə hələ də bu vəzifəni daşıyır.

İsmayıllı rayonunda müxtəlif tikinti, abadlıq və təmir işləri üçün ayrılmış büdcə vəsaitlərinin Radim Müslümovun qeyri-rəsmi rəhbərliyi ilə istifadə olunması haqqında iddialar var.Radim Müslüovun İsmayıllı rayonu üzrə Maliyyə İdarəsindən əvvəl Ağsu rayonunda anoloji idarənin rəisi olması haqqında da məlumatlar var. Əmək və əhalinin sosial müadfiəsi naziri Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov İsmayıllı rayon icra hakimiyyətinin başçısı vəzifəsindən  azad edildikdən sonra bu rayon o zaman Dövlət Sosial Müdafiə Fondunun sədri olan Səlim Müslümovun təsir zonasına keçib.

İsmayıllı rayonunda həyata keçirilən müxtəlif , abadlıq və təmir işləri ilə bağlı tenderlərin bir qayda olaraq Radim Müslümovun himayəsində olan şirkətlərin qazanması haqqında iddialar var. Məsələn, İsmayıllı şəhərində çoxmənzilli yaşayış binalarının əsaslı təmiri, mənzil fondunun əsaslı təmiri, abadlıq işlərinin görülməsi kimi layihələrə çox böyük büdcə pulları xərclənib. Məsələn, İsmayıllı şəhərində çoxmənzilli yaşayış binalarının əsaslı təmiri işlərinə 670 min manatdan artıq büdcə vəsaiti sərf edilib. "İsmayıllı Tikinti-27” Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi bu işlərin hansı vəziyyətdə olduğuna çoxmənzilli yaşayış binalara baxış keçirməklə müəyyən etmək olar. Mənzil fondunun əsaslı təmiri işlərinə isə 400 min manatdan artıq büdcə vəsaiti sərf edilib. Bu layihəni isə "Nial Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirib. Göründüyü kimi yalnız çoxmənzilli yaşayış binalarının və mənzil fondunun əsaslı təmiri adı altında 1 milyon manatdan artıq büdcə vəsaiti istifadə olunub. Bu qədər vəsaitin necə istifadə olunmasına aydınlıq gətirmək isə aidiyyatı orqanların işidir. Bir milyon manatdan artıq büdcə vəsaitlərinin həvalə edildiyi "İsmayıllı Tikinti-27” ASC-nin sədri Azad Əliyev və "Nial Construction” MMC-nin direktoru Seyfəli Qasımovla Radim Müslümov arasında hansı işbirliyi olmasına da aidiyyatı orqanlar aydınlıq gətirməlidir.

Son məlumata görə artıq bu istiqamətdə addımlar atılmağa başlayıb. Belə ki, Maliyyə Nazirliyi və Hesablama Palatası İsmayıllı rayonuna son beş ildə ayrılan büdcə vəsaitlərinin necə istifadə olunması ilə bağlı araşdırmalar aparmağa başlayıb.

 Biz bu iddiaları izləməyə və adları çəkilən şəxslərin mövqeyini öyrənməyə çalışacağıq.

A. Nəbiyev,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti