Fəzail Ağamalı Gəncə qiyamından danışdı:“Elçibəy bizə dedi ki, Heydər Əliyevi Bakıya dəvət etmək fikri var”

Fəzail Ağamalı Gəncə qiyamından danışdı:“Elçibəy bizə dedi ki, Heydər Əliyevi Bakıya dəvət etmək fikri var”

 

AXC hakimiyyətində sosial təminat nazirinin müavini olan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı 4 iyun qiyamı ilə bağlı maraqlı məqamları açıqlayıb.

Sozcu.info bildirir ki, musavat.com-a açıqlamasında F. Ağamalı bildirib ki,  Surət Hüseynov tərəfindən qaldırılan qiyamın şahidlərindən biridir: "Azərbaycan dövlətçiliyinin qorunması üçün həmin hadisələr zamanı bütün imkanlarımı ortaya qoyan şəxslərdən olmuşam. İyun qiyamı AXC-Müsavat hökumətinin səriştəsizliyi ucbatından baş verdi. Bu qiyamın təşkilatçısı, ideoloqu Rusiyanın xüsusi xidmət orqanları idi. Qiyama səbəb olan amillərin qarşısını almaq imkanları rəhmətlik Əbülfəz bəydə o zaman yox idi. O, liberal xüsusiyyətləri ilə faktiki ölkəni idarə edə bilmirdi. Hökumət daxilində olan klassiklər Elçibəyin, yurdçular isə Əli Kərimlinin yanında idilər. Cəbhəçilərin xeyli hissəsi də var idi ki, faktiki İsa Qəmbərin formalaşdırmaqda olduğu Müsavat Partiyasının yanında idilər.

Onun sözlərinə görə, bu qrupların  hər biri hakimiyyətdə mövqelərini möhkəmləndirməyə çalışırdı. Bu da hakimiyyəti xeyli dərəcədə zəiflədirdi. Bundan istifadə edən Rusiya öz mövqelərini Azərbaycanda möhkəmləndirmək üçün hərəkətə keçdi: "Surət Hüseynov da həmin vaxt Rusiyanın Hərbi Kəşfiyyat İdarəsinə bağlı şəxs idi. Onun Gəncədə yerləşən hərbi hissələrlə çox sıx əlaqəsi var idi. Onun faktiki olaraq müdafiə nazirindən üstün statusu mövcud idi. Onu milli qəhrəmana çevirmişdilər. Milli qəhrəman adını da ona AXC hakimiyyəti vermişdi. Surət Hüseynovun hakimiyyəti ələ almaq haqqında informasiyalar AXC-Müsavat cütlüyünün yüksək eşelonuna bəlli idi. Bunun qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülməyə başlandı. Surət Hüseynov hərəkətə keçməzdən əvvəl Gəncədə hökumət hərəkətə keçdi, lakin çox səriştəsiz bir əməliyyat aparıldı. Bu əməliyyat Surətə imkan verdi ki, Gəncədən çıxsın və hakimiyyəti tam ələ ala bilsin. Həmin vaxt xalq da hakimiyyətlə birlikdə deyildi. Çünki itirilən Kəlbəcərin acısı var idi. Gəncədə milli qvardiyanın güllələnməsi ilə vətəndaş müharibəsinin əlamətləri görünürdü.

F.Ağamalı qeyd edib ki, bu vəziyyətdən çıxmağın yeganə yolu da Heydər Əliyevin hakimiyyətə gətirilməsi idi. Onun fikrincə, çox yanlış olaraq, o dövrdə hakimiyyətdə olanlar Heydər Əliyevi qiyama bağlamaq istədilər: "Tarixi həqiqət sonrakı illərdə bir daha özünü sübut etdi. Heydər Əliyev Rusiyanın planlarını pozdu. O zaman qiyama qarşı idim və bir sıra şəxslərlə telekanallara da çıxdım. Xalqı qiyama qarşı durmağa səslədim. Vəziyyətdən çıxış yolu üçün iyunun 6-da Becan Fərzəliyevlə mən hökumət telefonumdan Əbülfəz Elçibəyə zəng vurduq və Heydər Əliyevin Naxçıvandan Bakıya qaytarılması təklifini irəli sürdük. Bu faktı ilk dəfədir açıqlayıram. Elçibəy bu təklifimizə reaksiya vermədi. İyunun 9-da Milli Məclisdə keçirilən iclasda mən də iştirak edirdim. Həmin vaxt maliyyə naziri olan Saleh Məmmədova dedim ki, Elçibəylə görüşək və yeganə çıxış yolu kimi Heydər Əliyevin Bakıya gəlişini göstərək. Razılaşıb, hətta Elçibəyin yanında da olduq. Aramızda 40 dəqiqəyə yaxın söhbət oldu. Mən də, Saleh bəy də çıxış yolu kimi Heydər Əliyevin Bakıya dəvət olunması və Milli Məclisin sədri kimi fəaliyyət göstərməsini gördük. O zaman Elçibəy bildirdi ki, belə bir fikri var.

Deputat bildirib ki, sonradan bu təklifləri reallaşıb, Heydər Əliyev Bakıya gəlib və Milli Məclisin sədri seçilib: "Rəhbər olandan sonra Heydər Əliyev Surəti neytrallaşdırmaq üçün doğru olaraq onu baş nazir gətirdi. Başqa variant da yox idi. Bununla ölkədə nəzarəti tam ələ almaq mümkün oldu. 1994-cü ildə Surət ikinci dəfə qiyama cəhd etdi. Çünki Rusiya istədiyinə ilk qiyamda nail ola bilməmişdi. Həmin dövrün oktyabr hadisələrində təəssüflər olsun ki, OMON-çular da Rövşən Cavadovun rəhbərliyi altında bu qiyama qoşuldular. Lakin Heydər Əliyevin çağırışı ilə meydana gələn yüz minlərlə insan Rövşəni düşünməyə vadar etdi, o, Heydər Əliyevlə danışıqlara getdi və nəticədə Surət təkləndi. O, istefaya göndərildi və həbs edildi. Bununla da Surətin qaldırdığı hər iki qiyam xalqın dəstəyi ilə iflasa uğradı və dövlətçilik qorundu, xalqımız böyük təhlükədən xilas oldu. Sonrakı gedişatlar isə hər kəsə məlumdur”.



Oxşar Xəbərlər

Xəbər lenti