“Sosial şəbəkələr nəzarətə götürülməlidir” - Hadi Rəcəbli Gəncə hadisəsinin səbəblərindən DANIŞDI

“Sosial şəbəkələr nəzarətə götürülməlidir” - Hadi Rəcəbli Gəncə hadisəsinin səbəblərindən DANIŞDI

 

"Dünyada politologiya elmi ilə yanaşı, konfiliktologiya elmi də var. Siyasətşünaslıq və münaqişəşünaslıq. Bütün dünyada gedən prosesləri münaqişəşünaslıq elmi vasitəsilə idarə edirlər. Suriyada, Misirdə və digər ölkələrdə gedən proseslərə baxsaq, görərik ki, bunların hamısında o elmdən istifadə ediblər. Yəni, bu gün bütün dünyada cəmiyyət problemsiz deyil. Bütün ölkələrdə problemlər, qəzalar, hadisələr olur. Ancaq bu o demək deyil ki, həmin cəmiyyət və dövlət dağılmalıdır”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəbli iyulun 10-da Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında keçirilən icazəsiz aksiyaya münasibət bildirərkən deyib.

 

 

Deputat bildirib ki, dünyada münaqişə yaradan bir neçə problem var.
"Bunlar, milli və etnik ayrı-seçkilik, dini və təriqət ayrı-seçkiliyi, ərazi iddiaları və sonuncusu sosial məsələdir. Bu hallarda isə bilavasitə dini ekstremizm özünü göstərir. Biz sosial şəbəkələrdə yayılan məlumatlara diqqətlə baxmalıyıq. Mən bu gün sevinirəm ki, bütün çıxış edənlər bildirirlər ki, "Hadi müəllimin dediyi və insanların qəbul etmədiyi "söyüş söyən, dövlətin əleyhinə təxribat aparan sosial şəbəkələr nəzarətə götürülməlidir” fikri tam doğrudur”. Həqiqətən də belə sosial şəbəkə səhifələri nəzarətə götürülməlidir. Bu gün Azərbaycanda iqtidar-xalq birliyi var. Gəncədə baş verən təxribatlar vətəndaşlarımızı daha da ayıq-sayıq olmağa çağırır. Bildiyimiz kimi, məlum hadisə zamanı 2 yüksək vəzifəli polis zabitimiz şəhid oldu. Niyə bilavasitə cinayətkarlar vəzifəli zabitlərimizi öldürüblər? Niyə oradakı serjanta, hadisəni çözən adamlara təcavüz edilməyib və bu 2 zabit qətl edilib? Bu bir daha onu göstərir ki, Gəncədə baş verən hadisələr təşkil olunub və Azərbaycanın sabitliyini görmək istəməyən qüvvələrin xeyrinədir”.

 

 

Hadi Rəcəbli deyib ki, sosial şəbəkələrdə yazı yazan, adamları kütlə psixologiyasına uyğun olaraq qızışdıran qüvvələrin hər birini təhlil edən zaman görərik ki, bunların hamısı dövlətin, xalqın əleyhinə olan insanlardır.

"Ona görə də ayıq-sayıq olmalıyıq. Düşünürəm ki, münaqişəşünaslıq elminin əsaslarına uyğun olaraq biz belə hisslərə, kütlə psixologiyasına uymamalıyıq”.

 

Deputat həmçinin qeyd edib ki, Gəncə qədər Azərbaycanda yeniləşən, müasirləşən ikinci bir şəhər təsəvvür etmir.
"Bu şəhərdə sözün əsl mənasında Azərbaycanın qədim diyarı bərpa olunub. Şəhərdə bərpa işləri aparılıb, insanlara xüsusi şəraitlər yaradılıb, yeni iş yerləri açılıb, parklar, binalar tikilib. Bu gün Gəncə dünyəvi şəhərə çevrilib. Orada bir neçə beynəlxalq tədbirlər keçirilib. Bu hadisələr bir daha onu göstərir ki, Gəncədə baş verən iğtişaş tamamilə təxribatdır”.


Oxşar Xəbərlər

Xəbər lenti