İsgəndər Həmidovun son durumu - qardaşı oğlundan duyğusal status

 

Əvəz Zeynallı: "İsgəndər Həmidovun vəziyyəti dostlarını üzəcək haldadır”

Adil Qeybulla: "Burada perspektiv yoxdur”

Azərbaycanın sabiq xarici işlər naziri İsgəndər Həmidovun səhhəti ilə bağlı gələn xəbərlər ürəkaçan deyil. Komadan ayılmayan keçmiş nazir yaşamaq uğrunda ölüm-dirim savaşı aparır. Mərkəzi Klinik Xəstəxanada müalicə alan İ.Həmidov fevralın 5-də "City Hosbital”a köçürülüb.

Bu barədə sabiq naziri ziyarət etməyə gedən "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı öz facebook profilində status paylaşıb: "Mərkəzi Klinik Xəstəxanadayıq. İsgəndər bəyin vəziyyəti ağır olaraq qalır. Həkimlərlə görüşdüm, ətraflı məlumat aldım. Yanına - reanimasiyaya girdim, süni nəfəs aparatına qoşulub. Komadadır. Yalnız nəfəs ala bilir. Dostlar, İsgəndər Həmidovun vəziyyəti dostlarını üzəcək haldadır... Dualarımız İsgəndər Həmidovla olsun”.

Əvəz Zeynallı ile ilgili görsel sonucu

Səhhətinin pisləşdiyi ilk günlərdən İ.Həmidovun yanında olan, tibb elmləri doktoru, professor, "City Hosbital”ın həkimi Adil Qeybulla ümidsiz danışdı: "Durumu çox ciddidir. Əsasən maliyyə sıxıntıları səbəbindən bura köçürüldü. İsgəndər bəyin vəziyyəti çox kritikdir. Bura gətiriləndə gedib baş çəkdim. Mərkəzi Klinikada olanda da hər gün gedib baş çəkirdim. Açığı deyim ki, burada perspektiv yoxdur, yəni durumun çox ağır olduğunu hər kəs bilməlidir”.

A.Qeybulla maliyyə dəstəyinin verilməsi məsələsinə də toxundu: "Hər halda, bu, ailədaxili məsələdir, yəni maliyyə dəstəyi üçün bank hesabının açılması və digər məsələlər. Buna qarışmağım düzgün olmazdı. Bilirsiniz ki, müxalifətdə olan insanların maddi durumu ürəkaçan deyil. Nəzərə alaq ki, İsgəndər bəy bundan öncə Türkiyədə əməliyyatlar keçirib, müayinələrdən keçib. Bu da müəyyən maliyyə vəsaitləri hesabına olub”.

adil qeybulla ile ilgili görsel sonucu

Sabiq nazirin qardaşı oğlu, etatist.com internet qəzetinin təsisçisi Şəhriyar Məcidzadə öz facebook profilində əmisinin ağır durumu ilə bağlı "Ağrılarına gülümsəyən adam” başlıqlı kədərli bir status paylaşıb: "Mənim taleyim belə gətirib. Uşaqlıqda güllə səsləri altında oynamışam, yeniyetməlikdə atamın və əmimin həbsxana və məhkəmələri qarşısında oxumuşam, gəncliyimdə isə atamın və əmimin ağrılarına gülümsəyib, heç kimə bəlli etməməyinə şahid olmuşam. Bir insan ən ağır ağrıları yaşaya-yaşaya necə gülümsəməyi, necə əziyyətlərinə aldırmadığını göstərib, ona atılan bütün böhtanların müqabilində gülümsəməyə davam edər? Mən onları ən ağır müharibə illərində düşmənin mövqeyinin 200 metrliyində yerləşən baba evimizdə olduqları vəzifəli vaxtlarında görüb şahid olmuşam ki, ruhdan düşməyiblər. Mən onları ədalətsiz istintaq müddətlərində, ədalətsiz məhkəmə proseslərində də elə görmüşəm, mən onları son mənzilə doğru gedəndə də eyni gördüm. Heç kimə bəlli etmədən ağrını, acını yaşayıb, hamını arxayın salıb sonra ölümə doğru yürüdülər... Bax belə DİMDİK!

<b>

Necə bir taledir, İlahi?.. İsgəndər bəyin Türkiyədən əməliyyatdan qayıtdığı günlər idi. Evdə oturub söhbət edəndə gülümsünə-gülümsünə qayıtdı ki, həkimlər deyirlər ki, başqa adamlar əməliyyat olunandan sonra özlərinə gələ bilmir, amma sən deyir-gülür, yeriyirsən.

Amma bilirsiniz mənə ən təsir edən nə oldu? Xəstəxananın qarşısında onun bu ağır vaxtlarında Zakir əmim, atam olmadı. Elə bil burada da böyük qardaş vəzifəsini yerinə yetirmişdi. Zakir əmim haqq dünyasına gedəndə atam var idi, İsgəndər əmim orada idi. Atam rəhmətə gedəndə İsgəndər əmim yanımda idi. Amma O... Amma İsgəndər əmim olduğu xəstəxananın qarşısında qardaşları yox idi. Mən sənin ayağa qalxmağını istəyirəm, cənab general!.. Ona böhtan atanlara, atamın xidmətlərini oğurlayanlara, özünü Tərtər batalyonunun komandiri elan edənlərə və bu hadisələri görüb susqunluqla üstündən keçənlərə deyirəm: İsgəndər Həmidovun vəziyyəti ağırdır. O, daha ona böhtan atanların üzünə gülümsünməsiylə onları aldada bilməyəcək. Onlar Azərbaycanın tarixidirlər. Milli-azadlıq hərəkatının liderlərindən biri, 20 Yanvardan sonra Bakatinin əlini bütün Daxili İşlər Nazirliyinin şəxsi heyəti qarşısında sıxmayıb, "Sənin əlin mənim xalqımın qanına batıb” deyən, Tərtərin müdafiəsini sonuna qədər təşkil edən, Ağdərənin düşməndən azad edilməsinin təşkilatçıları kimi, Tərtər-Kəlbəcər yolunun açılmasını həyata keçirən, bir əsir verməyən, bir şəhidi kəfənsiz, mərmərsiz dəfn edilməyən Tərtəri qalaya çevirənlər. Onlar tarixdə qalacaqlar, düşmənin Yevlağa qədər irəliləyib Bakı-Qazax magistral yolunu bağlamaqla Azərbaycanın təslimçi məğlubiyyətə düçar olmasına imkan verməyənlər kimi. Onlar tarixdə qalacaqlar, heç bir zaman qiyamda, vəzifə davasında, mənfəət davasında iştirak etməyib sonuna qədər Azərbaycana sadiq qalanlar kimi. Daha neçə xidmətlərindən xəbərim yoxdur? Onlarla, yüzlərlə! Onları da sizlər - bu xidmətlərə şahid olanlar yazsın. Onlar həm də ən çox ədalətsizlik görənlər kimi tarixdə qalacaqlar. Ola bilər ki, dərsliklərdə yazılmasın, ola bilər filmlərdə olmasın, amma kiminsə yaddaşında, kiminsə söhbətində onlar belə qalacaqlar. Ey mənim qədirbilən, gözəl xalqım, onlar səni çox sevib".

Xatırladaq ki, 24 yanvar tarixində təxminən saat 17.00 radələrində bayır gəzintisi zamanı İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Komaya düşən sabiq nazir süni tənəffüs aparatına qoşulub.



Oxşar Xəbərlər

Xəbər lenti