Həbsdən çıxdı, atasını öldürdü, anasını bıçaqladı və... - Bakıdakı hadisənin TƏFƏRRÜATI

Bakıda atasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Emil Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

 

İttihama görə, bu ilin mart ayının 12-də Xətai rayonun Əbilov küçəsi ev 18/12 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Emil Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Sadıqovu bıçaqlayaraq öldürüb.

 

Bu zaman Emil Sadıqov ona mane olmaq istəyən anası - 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Yasəmən Sadıqova xəstəxanada tibbi yardım alıb.

 

İstintaq müəyyən edib ki, Emil Sadıqov bu hadisədən 6 ay əvvəl həbsdən çıxıb. Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrilə ittiham edilən gənc bir neçə ay əvvəl həbsxanadan çıxıb və köhnə vərdişindən əl çəkməyərək yenidən mərc oyunlarına pul qoymağa başlayıb.

Nəticədə çıxılmaz vəziyyətə düşən Emil Sadıqov atasından evi satmasını istəyib. Sadiq Sadıqov buna etiraz etdikdə evdə münaqişə yaranıb və oğul atasının döş qəfəsinə çoxsaylı bıçaq zərbələri endirərək onu öldürüb.

 

Emil Sadıqov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələrilə ittiham edilir.

 

Emil Sadıqov özünü elan olunmuş ittiham üzrə təqsirli bilib. O deyib ki, bundan əvvəl oğurluqla məhkum olunub və ona təyin edilən cəzanı başa vurub: "Mən atamı öldürmüşəm, özümü günahkar sayıram. Atamın da çox günahı olub. Nə uşaqlığımı bilmişəm, nə də ki, gəncliyimi. Atam bizi daima incidib, heç nədən evdə dava-dalaş salıb. Ona yalvarmışıq ki, bizi incitməsin. Biz belə yaşamışıq. Çox əziyyət çəkmişik. 13 yaşına kimi döyülə-döyülə, söyülə-söyülə böyümüşəm. 13 yaşımdan da işləməyə başlamışam, evə çörəkpulu gətirmişəm. Mənim taylarım məktəbə gedib, günlərini keçiriblər. Amma mən məktəbə getmək, təhsil almaq əvəzinə fəhləlik etmişəm. Fəhləliklə qazandığım pullarla anamı, qardaşımı, bacımı dolandırmışam”.

 

Emil Sadıqov qeyd edib ki, atası onları evdə yaşamağa imkan verməyib: "Atam məni tez-tez evdən qovurdu. Həmin ərəfədə özümə maşın almışdım, taksi kimi istifadə edirdim. Məcbur qalaraq həmin maşında yatırdım. Küçələrdə qalmışdım. 28 yaşıma kimi oğurluq etməmişəm, heç oğurluq etməkdə fikrim yox idi. Məcbur qalaraq bunu etdim. Oğurluq edən günü gecəni səhərə kimi yatmadım. Səhər oyananda ev sahibinin yanına getdim. Pulu özünə qaytardım, dedim ki, səhv etmişəm, oğurluğa əl atmışam, məni polisə vermə. Amma ev sahibi məndən polisə şikayət etdi. Buna görə də məni həbsə atdılar”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həbs olunan ərəfədə atası ilə eyni evdə anası, bacısı, qardaşı və bacısının əri yaşayıb: "Mən həbsxanaya düşəndən sonra atam onları daha çox incitməyə başladı. Anam da, qardaşım da, bacım da Kürdəxanı istintaq təcridxanasında mənimlə danışanda ağlayırdılar, atamın onlara qarşı etdiyi hərəkətlərdən danışırdılar. Yeznəmiz atamın əlindən bezdi və bacımı da götürərək kirayə tutduğu evdə yaşamağa başladı”.

 

Emil Sadıqov bildirib ki, həbsdən çıxandan sonra atasına hərəkətlərinə son qoymasını deyib: "Amma atam bu hərəkətlərindən əl çəkməyib. Əmilərim bizə gəlib, onlar deyiblər ki, baş qoşmayın, bizim də atamız belə olub, qardaşlardan bir bu ona oxşayıb”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, qətl hadisəsindən bir neçə ay əvvəl atası ilə yenidən evdə dava-dalaş salıb. Onun sözlərinə görə, bu davadan sonra anası və qardaşı da evi tərk ediblər: "Atama mən baxmağa başladım. O, dolana bilmirdi. Həmin ərəfədə mənim işim yaxşı gətirmişdi, əlimdə pulum vardı. Atama maşın aldım ki, taksilik edib, dolansın. Bundan sonra atamın ad günü oldu, ona qızıl üzük hədiyyə etdim”.

 

Emil Sadıqov daha sonra ifadəsində borca düşməsindən, atasına məxsus evi satmaq barədə olan mübahisələrindən danışıb: "Son günlər borca düşmüşdüm. Həm də 30 yaşım var idi, evlənmək istəyirdim. Atama təklif etdim ki, yaşadığımız evi sataq, ondan əldə etdiyimiz pula iki ev tikək. Birində qardaşımla anam, digərində atamla mən yaşayaq. Deyirdim ki, atamsan, sənə baxmağa borcluyam, bir yerdə yaşayarıq. Amma atam mənimlə razışalmırdı, evi satıb, başqa yerə gedəcəyini söyləyirdi”.

 

Təqsirləndirilən şəxs qeyd edib ki, atası anasını da öldürməklə hədələyib: "Atam anamı öldürdəcəyini, bunun üçün narkoman killer tutacağını deyirdi. Anamı öldürmək üçün narkomana 1000 manat verəcəyini də söyləyirdi. Məni də tutdurmaqla hədələyirdi. Atamı öldürməyi, o, öləndən sonra anamın, qardaşımın, bacımın rahat yaşayacağını düşündüm. 20 il həbsdə yatmaq fikrim olmayıb. Mən də bir insanam. Həmişə atama deyirdim ki, yola gəl, evdəkiləri incitmə, amma bunu etməyib”.

 

Emil Sadıqov atasının əxlaqsız insan olduğunu, qonşuluqda qız-gəlinlərə söz atan biri olduğunu söyləyib: "Atam kimə gəldi söz atırdı, arvad kimi qeybət edirdi. Sonuncu dəfə atama yenə də xəbradarlıq etdim. Amma o, xəbərdarlıqlarına məhəl qoymadı. Buna görə də ona bıçaqla 5 zərbə vurdum. Atamı öldürəndən sonra dükana getdim. Bir butulka su alaraq içdim. Daha sonra intihar etmək fikrinə düşdüm. Buna görə də santexnik materialları mağazasından ip aldım və daha sonra Hövsanda dəniz kənarına gəldim. Orada bisetkada özümü asdım. Amma ip sürüşkən olduğu üçün intiharı başa çatdıra bilmədim. İp ilgək vurduğum dirəkdəm sürüşərək açıldı. İkinci dəfə də özümü asmağa cəhd etdim. Bu zaman da ip qırıldı, yerə yıxldım. Yerdə uzanaqlı halda intihar etməyin lazım olmadığını düşündüm”.

 

Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman 36-cı polis bölməsindən Elməddinadlı polis işçisi ona zəng edib və harada olması ilə maraqlanıb: "Elməddin məndən polisə gələrək təslim olmağımı istədi. Ona dedim ki, şokdayam, özümə gələndə təslim olacam. Bir qədər dəniz qırağında dayandım. Sonra polis bölməsinə gələrək təslim oldum”.

 

Proses iyulun 26-da davam edəcək. 


 


 



Oxşar Xəbərlər

Xəbər lenti