"Sədrin oğlu "makler" kimi veteranların torpağını satırdı" -MƏHKƏMƏ

"Sədrin oğlu "makler" kimi veteranların torpağını satırdı" -MƏHKƏMƏ

 

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri 1961-ci il Məhəmməd Vəliyev və sədr müavini 1961-ci il Cavan Əhmədovun məhkəməsi davam edib.

Sozcu.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Prosesdə şahid qismində İctimai Birliyinin Nərimanov rayon təşkilatının sədri Arif Əsgərov dindirilib.

O, cinayət işində şahid kimi yox zərərçəkmiş kimi tanınmalı olduğunu bildirib.

Hakim Ramella Allahverdiyeva qeyd edib ki, cinayət işində rüşvət vermə maddəsi varsa, heç kəs zərərçəkmiş qismində tanınmır.

A.Əsgərov ifadəsində bildirib ki, 1985-1987-ci illərdə Əfqanıstan müharibəsində iştirak edib: "Nizami rayonu ərazisində qeydiyyatda idim. Lakin bu şəxslər məni aparıb Suraxanıda bataqlığa saldılar, oradan torpaq verdilər. Torpağa görə narazılıq elədim. Cavan Əhmədov söylədi ki, sədrə məlumat verəcəm. Sonra 2010-cu ildə ona 3000 manat verdim. O, mənə Nizami rayonu ərazisində torpaq verəcəkdi. 2013-cü ildə eşitdik ki, Nizami rayonu ərazisində olan torpaqlar biz veteranlara pulsuz verilməlidir".

O, dindirilən zaman söyləyib ki, təqsirləndirilən M.Vəliyevin oğlu "makler" kimi həmin torpaqları satıb: "Mən onların bir neçə şəxsdən pul aldığını görmüşəm. Hazırda yaşadığım ev suyun içərisindədir".

Daha sonra şahid qismində Əfqanıstan Veteranı Azad Əliyev dindirilib. O, təqsirləndirilən C.Əhmədova 4 sot torpaq üçün ümumilikdə 8800 manat pul verdiyini söyləyib: "Mən bələdiyyəyə rüsum üçün də 1680 manat pul vermişəm. Cavana pul verəndən sonra torpaq üçün sənəd almamışam".

Təqsirləndirilən C.Əhmədov şahidin ona pul vermədiyini qeyd edib.

Digər Əfqanıstan Veteranı şahid Azər Mustafayev ifadəsində söyləyib ki, pulu qaynanası İradə Hüseynova verib: "Özüm orada olmamışam, işim var idi deyə pulu qaynanam verdi".

Proses martın 7-də davam edəcək.

Qeyd edək ki, onlar torpaq almaq və ayrılmış imtiyazlardan istifadə etmək üçün birliyin sədrinə və müavininə rüşvət veriblər.

Bildirək ki, Məhəmməd Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, Cavan Əhmədov isə təşkilatın sədr müavinidir.

Hər iki təqsirləndirilən şəxs dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər.

Təşkilatın sədr və sədr müavinindən şikayətçi olanlar veteranlardır.

Şikayətçilər bildirib ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

Veteranlara ayrılan torpaq sahəsi onlara satılıb. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manat arasındakı qiymətə satılıb.

Zərərçəkmişlərdən 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblər./lent.az/



Oxşar Xəbərlər

Xəbər lenti