“Şimali Koreya və Cənubi Koreya o halda birləşə bilər ki...”

“Şimali Koreya və Cənubi Koreya o halda birləşə bilər ki...”

 

Elxan Şahinoğlu: "Bu ölkələrdə həm siyasi, həm də iqtisadi sistem bir-birinə zidd, 180 dərəcə fərqlidir"

Artıq bir müddətdir ki, Şimali Koreya Xalq Demokratik Respublikası ilə Cənubi Koreya arasındakı münasibətlər yeni məcraya qədəm qoymaq üzrədir. Belə ki, müxtəlif xarici media qurumlarında gedən informasiyalara görə, son dövrlərə qədər bir-birinə düşmən mövqedə dayanan sözügedən ölkələr hazırda yaxınlaşmağa çalışır, hətta birləşmə planını müzakirə edirlər. Məsələn, bununla bağlı verilən ən son məlumatda deyilir ki, Şimali Koreya və Cənubi Koreya aprel ayının 27-də birgə sammit keçirmək barədə razılığa gəlib. Həmçinin, o da qeyd olunur ki, Cənubi Koreya prezidenti Mun Çjo İn və Şimali Koreya lideri Kim Çen In arasında yüksək səviyyədə danışıqlara hazırlıq məqsədilə aprelin 4-də tərəflərin işçi görüşünün daha bir raundunun keçirilməsi qərara alınıb.

Təxminən, 20 gün öncə "Nezavisimaya qazeta"da yayımlanan məqalədə də məhz sözügedən məsələyə toxunulub və Şimali Koreya Xalq Demokratik Respublikası ilə Cənubi Koreyanın birləşmək istiqamətində ciddi addımlar atmaq niyyətində olduqları vurğulanıb. İki ölkə rəhbərinin ilk dəfə 2000-ci ildə, ikinci və axırıncı dəfə 2007-ci ildə görüşdüyünü qeyd edən qəzet yazır ki, birləşmək haqda imzalanmış bəyannamədə tərəflər "Koreya millətinin özünün gücüylə" bu məqsədə çatmağa söz veriblər. "Nezavisimaya qazeta"nın iddiasına görə, Şimali Koreya Xalq Demokratik Respublikası bu dəfə masaya yoxsul qohum kimi deyil, nüvə silahına sahib ölkə kimi oturmaq niyyətindədir. Lakin Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu Koreya proqramlarının direktoru Georgi Toloraya hesab edir ki, hadisələrin bu cür inkişafı Cənubi Koreya cəmiyyətinin müəyyən, millətçi bölümü üçün ideal görünsə də, bu ssenarinin gerçəkləşmə şansları sıfra yaxındır. Təxminən, eyni mövqedən çıxış edən "Vzqlyad" qəzeti də Koreya millətçilərinin böyük fantaziyalı adamlar olduğunu bildirib: "Onların içində belə bir süjet populyardır: iki Koreya birləşir və Koreya nüvə silahına malik olmaqla böyük dövlət olur. Bundan sonra vahid Koreya qonşulardan özünün saydığı əraziləri, xüsusən Çindən müqəddəs Pektusan dağını və Rusiyadan Primoryenin bir hissəsini çarpır. Bu, çox cazibəli və çox da ağlabatmayan ssenaridir, amma hər halda nəzərdə saxlamaq lazımdır".

Maraqlıdır, görəsən Şimali Koreya Xalq Demokratik Respublikası ilə Cənubi Koreyanın yaxınlaşması sonda iki ölkənin birləşməsi ilə nəticələnə bilərmi? Bu sualla müraciət etdiyimiz "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu qənaətdədir ki, hazırda adıçəkilən ölkələrin birləşməsi aktual deyil: "Cənubi Koreya inkişaf etmiş, bazar iqtisadiyyatına malik, demokratik ölkədir. Şimali Koreya isə qapalı diktaturadır. Odur ki, bu sistem bir araya gələ bilməz. Hazırda əsas məqsəd Koreyanın birləşməsi yox, Şimali Koreyanın nüvə məsələsinin həll edilməsidir. Beynəlxalq aləm məhz bu istiqamətdə addımlar gözləyir. Qeyd edim ki, bir ara vəziyyət son dərəcə gərginləşmişdi. Lakin hazırda Şimali Koreya lideri nüvə silahlarına moratorium qoyub və yaxınlarda ABŞ prezidenti ilə görüşü nəzərdə tutulur. Bugünlərdə isə Çinə səfər edib. Odur ki, bu gün əsas məsələ Şimali Koreyanın ram edilməsi, nüvə silahlarına son qoyulmasıdır. Bundan başqa, iki qardaş dövlətin, xalqın birləşməsi həm də ona görə aktual deyil ki, Cənubi Koreyada ABŞ-ın hərbi bazaları yerləşir. Şimali Koreya heç zaman bununla razılaşmaz. Cənubi Koreya isə həmin bazaları ölkəsindən çıxarmaz. Yəni bu ölkələrdə həm siyasi, həm də iqtisadi sistem bir-birinə zidd, 180 dərəcə fərqli olduğundan belə vəziyyətdə Koreyanın birləşməsi mümkün deyil".

Bildiyiniz kimi, qeyri-rəsmi adı Şərqi Almaniya olan, sosialist ideologiyalı Almaniya Demokratik Respublikası ilə onunla tam əks mövqedə dayanan Almaniya Federativ Respublikası 3 oktyabr 1990-cı ildə birləşərək soyuq müharibə dövrünün nəticəsi olan bölünməyə son qoydu və bununla da indiki vahid Almaniya formalaşdı. Politoloq Elxan Şahinoğlu hesab edir ki, Şimali Koreyada siyasi sistem dəyişmədikcə Koreyada alman modeli işləməyəcək: "Almaniya ona görə birləşdi ki, Almaniya Demokratik Respublikasında sosialist hakimiyyət dağıldı, insanlar küçələrə çıxıb mitinq keçirib, siyasi sistemin dəyişməsini tələb etdilər. Bu halda Almaniya Demokratik Respublikası məcbur qalıb "Berlin divarı"nı dağıtdı və bununla da Almaniyanın birləşməsi sürətləndi. Odur ki, Koreyanın birləşməsi üçün mütləq Şimali Koreyada siyasi sistem dəyişməlidir. Yəni insanlar bazar iqtisadiyyatının, demokratik siyasi sistemin formalaşmasını tələb etməlidirlər. Çünki Şimali Koreyanın bugünkü siyasi sistemi ilə Koreyanın birləşməsi mümkün deyil. Əgər Almaniya Demokratik Respublikasında kommunizm dağılmasaydı, o zaman Almaniyanın da birləşməsi mümkün olmayacaqdı. Orada kommunizm sistemi dağıldığına və insanların tələbinə görə birləşmə sürətləndi. Lakin Şimali Koreyada bu hallar baş vermir. Onu da nəzərə alın ki, Şimali Koreyada mövcud olan avtoritar rejim Almaniya Demokratik Respublikasında olan rejimdən daha güclü, daha sərtdir. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Şimali Koreyada siyasi sistem dəyişdikdən sonra alman modeli Koreyada da işləyə bilər".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti