Deputat:“MTN ləğv ediləndə təəccüblənmədim, artıq “razborkalara” getməklə ad çıxartmışdı”

Deputat:“MTN ləğv ediləndə təəccüblənmədim, artıq “razborkalara” getməklə ad çıxartmışdı”

 

"Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun törətdiyi cinayət əməllərini cəmiyyət çoxdan görürdü.
Düşünürəm ki, onun bu əməlini görməyən insan yox idi”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rafael Cəbrayılov Akif Çovdarovun oğlu Ruslan Çovdarovun atası haqqında söylədiyi fikirləri şərh edərkən bildirib.

Deputat deyib ki, təkcə Akif Çovdarovun adında olan əmlakının həcmi, onun hansı yollarla pul qazanmasını sübut edən faktlardan biridir:

"Ancaq məhkəmənin ittiham hökmü olmadan, heç kəsi cinayətkar adlandırmaq olmaz. Hazırda Akif Çovdarovla bağlı istintaq davam edir. Bu istintaqı isə peşəkar hüquqşünaslar aparır. Akif Çovdarovun hansı cinayətləri törətdiyi də məhkəmənin hökmündən sonra məlum olacaq. İstənilən halda biz istintaqın nəticəsini gözləməliyik. Çünki son sözü istintaq deyəcək”.

R.Cəbrayılov qeyd edib ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində peşəkarların öz vəzifəsindən uzaqlaşdırılması, onların yerinə isə keçmişdə "OBXSS” (Sosial Əmlakı Dağıdanlara qarşı Mübarizə Şöbəsi) adlanan qurumun sabiq polis işçilərinin toplanılması çox mənfi hal idi:

"Halbuki, keçmiş "OBXSS” adlanan bu idarə 1995-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə ləğv olunub. Bu qurum həm daxili İşlər Nazirliyində, həm də Prokurorluqda ləğv edildi. Eldar Mahmudov keçmiş milli təhlükəsizlik naziri təyin olunandan sonra isə "OBXSS”-un keçmiş əməkdaşlarının MTN-ə gətirilməsi və peşəkar təhlükəsizlik işçilərinin oradan uzaqlaşdırılması prosesi gedirdi. Bunun da yaxşı nəticələr verməyəcəyini hər kəs görürdü. Yəni, demək istədiyim odur ki, 2015-ci ildə ləğv olunan MTN-də belə bir qanunsuzluğun ifşa olunmasına mən heç də təəccüblənməmişəm. Çünki buna qədər artıq MTN-nin əməkdaşları "razborkalara” getməklə ad çıxartmışdı. MTN əməkdaşları biznesmenlərdən pul toplamaqla məşğul olurdu. Hər kəs də bunu görürdü. Ona görə də hesab edirəm ki, Akif Çovdarovun təqsirinin nə qədər olub-olmamasını da onun oğlu deyil, istintaq özü müəyyən edəcək. Özü də Akif Çovdarovun adının keçdiyi cinayət işində bir və ya bir neçə epizod deyil, çoxsaylı epizodlar var. Bunu da istintaq araşdıracaq və son nəticə məhkəmənin hökmündə əksini tapacaq”.



Oxşar Xəbərlər

Xəbər lenti