8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Yan Bremmer
"TIME”
25 yanvar 2018-ci il
Dünyanın şaşqın siyasi və işgüzar elitası ötən il Donald Trampın (Donald Trump) andiçmə mərasimi ərəfəsində Davosda keçirilən Dünya İqtisadi Forumunda gələcəyin vəd etdiyi məsələlər barədə yüksək səslə fikirləşirdi.
Bir il keçdi və artıq gələcək buradadır. Sözün əsl mənasında. Tramp və maliyyə naziri Stiven Mnuçinin (Steven Mnuchin) başçılığı altında Amerika nümayəndə heyəti Davosa gəlməlidir. Amerikalı populist çox güman xəbərlərin qəhrəmanına çevriləcək, ancaq cari ildə izləməli olacağımız başqa süjet xətləri də var.
Qərbə lider lazımdır
Noyabr seçkilərində partiyasının "qələbəsindən” sonra Almaniya kansleri Angela Merkel (Angela Merkel) indiyə kimi koalisiya hökuməti formalaşdırmağa çalışır. Qeyd edək ki, bu, onun dörd elektoral qələbəsi arasında ən zəifi olub. Merkel hələ həftəsonu Davos forumunda iştirak edəcəyini təsdiqləyib. Ona özünü Qərb liberal dəyərlərinin böyük müdafiəçisi kimi göstərmək çox çətin olacaq. Xüsusilə nəzərə alsaq ki, məhz bu dəyərlər (qaçqınlara göstərdiyi təmkinsiz və səmimi qəbul) Merkelin ölkədəki populyarlığına mənfi təsir göstərib və hökuməti formalaşdırmaq üçün tərəfdaş axtarmağa məcbur edib.
Fransa prezidenti Emmanuel Makron (Emmanuel Macron) alternativ olaraq öz liderliyini təklif edib, halbuki Avropada ən iddialı islahatlar planını həyata keçirmək üçün ona Almaniyanın yardımı lazım olacaq. Bundan başqa, Trampa qarşı nümayiş etdirdiyi davamlı müxalif mövqe sayəsində Makron Fransada olduğu kimi ölkə xaricində də fanat ordusu toplaya bilib. Lakin fransız seçiciləri ilk növbədə Fransanın təhlükəsizliyi və rifahı barədə düşünürlər və Makronun iddialı, həmçinin lazımi iqtisadi islahatları gözlənilən nəticəni versə, fransızlar ənənəvi sağçı və solmərkəzçi partiyalara qarşı etdikləri kimi, ona qarşı da çıxa bilərlər.
Ancaq heç kim Donald Trampın məharətlə Qərb dəyərlərini müdafiə edəcəyinə inanmır. Beləliklə, lider yeri boş olaraq qalır.
Modi nə deyəcək?
Çin rəhbəri Si Tsinpin (Xi Jinping) ötən il Davosda salamlama çıxışında Trampın "Amerika ilk növbədə” şüarı altında apardığı siyasətə görə yaranan qlobal lider boşluğunu tutmağa çalışıb. O, bir neçə ay davam edən piar-kampaniyanın başlanğıcını qoyub, bu kampaniyanın kuliminasiya nöqtəsi isə noyabrda partiyanın 19-cu qurultayında geosiyasətdə "yeni dövrün” başlanması ilə bağlı bəyanat olub.
Bu həftə də Çin tərəfdən möhtəşəm çıxışlar gözləmək olar. Ancaq daha maraqlısı Hindistanın baş naziri Narendra Modinin (Narendra Modi) Davos auditoriyasına söylədikləri olacaq. Artıq Hindistan əhali sayına görə ən böyük demokratik ölkə olub. Dünyanın ən güclü iqtisadiyyatları arasında Hindistan yeddinci yeri tutur, 2050-ci ilə kimi isə ölkə Çindən sonra ikinci yerə qalxa bilər. Hindistan ÇXR-in "Bir qurşaq, bir yol” adlı iddialı infrastruktur layihəsində iştirak etməkdən qətiyyətlə imtina edir, özünü Asiyada Çinin artan iqtisadi ambisiyalarına qarşı potensial əks ağırlıq kimi göstərir. Bu gün artıq ABŞ, Hindistan, Yaponiya və Avstraliya arasında təhlükəsizlik sahəsində Hind-Sakit okean tərəfdaşlığının möhkəmlənməsi ilə bağlı aktiv danışıqlar gedir.
Çox güman, Modi nitqində daha çox iqtisadi məsələlərə toxunacaq, amma Hindistanın geosiyasi mövqeyi ilə bağlı hər hansı bir fikir səsləndirəcəyinə diqqətlə qulaq asmaq lazımdır.
Tramp zalda
Gəlin, bir faktı qeyd edək. Yalnız strateq Stiv Bennonun (Steve Bannon) gedişi Trampa İsveçrənin bu dağ kurortunda dəbdə olan qlobalistlərlə ünsiyyət qurmağa imkan verir. Bennon iqtisadi populizmi ürəkdən dəstəkləyən prezidentin tək-tük müşavirlərindən biri idi. İndi Bennonun getdiyi, ancaq media maşını "Breitbart”-ın özünü göstərməyə başladığı bir vaxtda Tramp maneəsiz çoxsaylı kameralar qarşısında poz verə bilər. Axı prezident dünyanın ən güclü şəxsləri arasında iştirak etmək imkanını necə əldən verə bilər?
Çox güman, Tramp yekun nitqlə çıxış edəcək. Mətbuatda çıxan məlumatlar sübut edir ki, Tramp çıxışında Davos mövqeyindən uzaq "Amerika ilk növbədə” ideyasından bəhs edəcək. Bu, pis hazırlansa da davalarda taktiki dəyər görən şəxs üçün əhəmiyyətə malikdir. Trampın şərhlərinə gözlənilən reaksiyalar daha maraqlı olacaq. Yadda saxlayın: sevginin antonimi nifrət deyil, laqeydlikdir. Tramp şərhlərinin səbəb olduğu nifrətin öhdəsindən gələ bilər (o, hərdən bu düşmənçiliyi alqışlayır da), amma ona məhəl qoymayanda, özünü itirir.
Bu il Davos ciddi şəkildə struktur bərabərsizliklə məşğul olacaq…
Maliyyə naziri Mnuçin Davosun "qlobalist məclisi” olduğunu hesab etmir. Ancaq Davos məhz belə bir məclisdir. Özü də təkcə qlobalistlər üçün deyil, eyni zamanda bu qloballaşma yarışında ad qazanan 0,001% qalib üçün. Hərçənd 2018-ci ildə dünya elitasının vəziyyəti 2007-ci ilə oxşamır. Gəlirlərin bərabərsizliyi bütün ölkələrdə artmağa davam edir. Planetin ən varlı səkkiz adamının malik olduğu sərvət dünyanın ən yoxsul dörd milyard sakininin kapitalına bərabərdir. Və indi qloballaşmadan faydalanan əsas şəxslər nəticələri götür-qoy etməyə başlayıb.
Bu həftə aktivlərin idarəsi üzrə dünyanın ən böyük şirkəti "BlackRock”-un baş direktoru və sədri Larri Fink (Larry Fink) şirkətinin investisiya etdiyi açıq səhmdar cəmiyyətlərinin rəhbərlərinə açıq məktub yazıb. "Cəmiyyət həm dövlət, həm özəl şirkətlərin sosial məqsədlərə xidmət göstərməsini tələb edir, – o, bildirib. – Zamanla uğur qazanmaq üçün hər bir şirkət nəinki yaxşı maliyyə göstəricilərini nümayiş etdirməli, həmçinin cəmiyyətə müsbət töhfə verdiyini göstərməlidir. Şirkətlər səhmdarlar, əməkdaşlar, müştərilər və işlədikləri cəmiyyətlər də daxil olmaqla, bütün maraqlı tərəflərə fayda verməlidir”.
Bu, şirkətlərin iş metodlarına böyük dəyişikliklər gətirəcək. Uoll-Stritin ən nüfuzlu şəxslərindən birinin bu məsələni açıq şəkildə qaldırması ondan xəbər verir ki, bərabərsizlik dünyanın, həmçinin hamının və hər kəsin tərəqqisi və rifahı üçün aradan qaldırıla bilməyən aşkar təhlükəyə çevrilib. Bu il Davosda iqtisadi bərabərsizliyin strukturu barədə söhbətlər hər yerdə səslənəcək.
… və daha nüfuzlu olacaq
Bəli, bu gün beynəlxalq siyasət gərgin vəziyyətdədir, buna isə çoxdandır şahid olmurduq. Bir vaxtlar bütün dünyanı birləşdirəcək güc adlandırılan texnoloji tərəqqi isə cəmiyyəti daxildən parçalayır, çünki siyasətdə qütbləşmə güclənir, məşğulluq məsələsində isə qeyri-müəyyənlik hökm sürür. Ümumiyyətlə, perspektivlər çox acınacaqlıdır.
Amma xəbərlərin hamısı pis deyil. Bu gün dünyada yoxsulluq səviyyəsində çox az adam yaşayır. Müxtəlif qüvvələr qlobal iqtisadiyyata mane olmağa çalışsa da, o, inamla inkişafını davam etdirir. Qloballaşmanın həmişə aşkar qalibləri və məğlubları olub. Ancaq biz son vaxtlar qloballaşma oyununda məğlublara daha çox diqqət ayırırıq. Bu, müsbət haldır. Davos əvvəllər qloballaşmanın şöhrət qazandığı yer idi. İndi isə bura transsərhəd ideya, informasiya, insan, pul, məhsul və xidmət axınının hərtərəfli yoxlamadan keçdiyi bir yerdir. (Expressa.net)