27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
"Habertürk”ün Vaşinqton təmsilçisi
Casuslar dünyasının ciddi şəkildə qarışacağı və bəzi sərt qarşılıqlı hərəkətlərin olacağı, Putinin yeni nüvə silahını tanıtdığı nitqini etdiyi gün məlum olmuşdu.
Tramp administrasiyası bir müddətdir ki, ABŞ-ın bütün nüvə silahı sistemini yeniləyir, onu daha effektiv hala gətirmək üçün çalışır.
Əslində, Putin o nitqində "Sizin həmlənizi görürəm. Sizdə varsa, bizdə daha yaxşısı var” deyirdi.
Dünya bu nitqlə birlikdə qəfildən 1950-ci illərin şərtlərinə doğru geri dönmüşdü. Rusiya ilə ABŞ arasında yenə bir "MAD balansı” qurulmuşdu. "Mad” sözü gündəlik istifadədə "dəli” anlamına gəlir, lakin eyni zamanda "Mutually Assured Destruction” ("qarşılıqlı olaraq birdəfəlik yox olma") ifadəsinin qısaldılmış formasıdır.
"MAD dünyası”nda ("Dəli balans dünyası”) supergüclərin hər biri, əgər bir nüvə müharibəsi olarsa, özünün də yox olacağını bildiyindən buna girişməz.
"MAD dünyası”nda nüvə silahları istifadə edilməz, qarşılıqlı təhdid olaraq əldə tutular və supergüc rəqabəti isti müharibələrlə deyil, soyuq müharibələrlə aparılar.
Bu qlobal balans qurulduqda ilk zərbəni yeyən də casuslar olar. Çünki dövlətlər bir-birlərinə qarşı öz güclərini casuslar vasitəsilə göstərməyə başlarlar. O zaman dünyada anidən çirkli oyunlar, sui-qəsdlər, deportasiyalar, ikili agentlərin tutulub saxlanması hadisələri baş verməyə başlayar.
Supercasuslar zirvəsi
Yəni, anlayacağınız odur ki, bu gün ABŞ-ın rusları, casus olduqları iddiası ilə, ölkələrindən çıxaran dövlətlər karvanına təsirli formada qoşulması əslində sürpriz deyil. Bu, gözlənilən və olmalı olan bir şey idi, ancaq Tramp administrasiyasının bunu etməsini çaşdırıcı edən bəzi tərəfləri, təbii ki, vardır.
Bundan təqribən iki ay öncə, Vaşinqtonda bir supercasuslar zirvəsi olmuşdu. Mərkəzi Kəşfiyyat Agentliyinin (MKA) rəhbəri Pompeonun birbaşa koordinasiya etdiyi bir əməliyyatla Rusiya kəşfiyyatının zirvəsindəki üç şəxs, yəni, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Silahlı Qüvvələrin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Korobov, ölkəyə girmələri qadağan olduğu halda, Vaşinqtona gəlib MKA rəhbəri ilə saatlarla davam edən görüşlər keçirmişdi.
Məlumatlı mənbələr bildirirlər ki, o görüşlərdə son günlərdə baş verən hadisələrin meydana gəlməməsi üçün qarşılıqlı anlaşma əldə edilmişdi.
Ondan sonra başqa şeylər də oldu. Tramp, bütün müşavirlərinin "Bax ha, zəng etmə” deməsinə rəğmən, bir həftə öncə Putinə zəng edib, seçilməsilə bağlı onu təbrik etdi.
"Bu hadisələr baş verərkən, ABŞ nə üçün 60 casusu deportasiya etmək yolunu tutdu?” deyərək, soruşa bilərsiniz. "Suriyada problemlər yaşayarkən İngiltərə ilə həmrəyliyini göstərmək ehtiyacı hiss etmişdir” desək, bu, məntiqli bir açıqlama olar.
Xüsusi prokuror amili
Amma unutmamalı olduğumuz başqa bir şey də vardır: Tramp administrasiyasının Rusiya ilə əlaqələrini araşdıran xüsusi prokuror Müller hakimiyyət üzərində təzyiqini əməlli-başlı artırıb.
Trampın bu məsələyə baxan vəkili məlum olmayan səbəblərə görə istefa verib. Müllerin müstəntiqləri araşdırmaq üçün Trampın özəl biznes sənədlərini də tələb edirlər. Bu məsələ ABŞ administrasiyası üzərində davamlı təzyiq yaradır.
Tramp bu şəraitdə 60 rus diplomatını deportasiya edərək, xüsusi prokurora qarşı bir şou göstərməklə "Bax, sən "Əlaqələr var” deyirsən, mən isə onları deportasiya edirəm” demiş ola bilər.
Bunu da bilməliyik ki, Vaşinqtonda bəzi dairələrdə bu, ciddi şəkildə danışılır.
Tərcümə Strateq.az-ındır