Reklam edilən energetik içkilər qəfil ölümə gətirə bilər – SOS

 

Həkim: "Belə içkilər yeniyetmələrə, böyüyən uşaqlara qətiyyən olmaz”

Yay mövsümü olduğundan energetik içkilər, qazlı sulara tələbat kəskin artıb. Son bir neçə ildə ölkəmizdə onlara maraq kütləviləşib. Xüsusən də gənclər və yeniyetmələr bu cür içkilərin ən çox istifadəçisidir. Heç də gizlin deyil ki, tərkibində insan orqanizmi üçün zərərli maddələr olan bu içkilərin istifadəsinin kütləvi şəkildə yayılmasının əsas səbəblərindən biri reklam kampaniyalarıdır.

Efir məkanlarında mütəmadi olaraq bu cür içkilərlə bağlı insanları şirnikləşdirən reklamlar nümayiş olunur. Bəzən isə küçədə onların reklam olaraq pulsuz paylanıldığının da şahidi oluruq. Supermarketlərdən tutmuş, ən xırda mağazalarda belə "Hell”, "Burn”, "Boss”, "Jaguar”, "Rox”, "Red Bull”, "Pitbull”, "Bizon”  kimi markalara rast gəlirik. Bu cür içkilərin qiyməti 1-4 manat arasında dəyişdiyindən bəzən yeniyetmələr və uşaqlar üçün də əlçatan olur. Halbuki dünyanın bir çox inkişaf etmiş ölkələrində energetik içkilərin reklamı, istehsalı və satışı qadağan olunub.

Məsələn, Rusiya Səhiyyə Nazirliyi hələ 2010-cu ildən energetik içkilərin reklamını məhdudlaşdırmağı təklif edirdi, çünki bunu uşaq və yeniyetmələrin sağlamlığı üçün təhlükəsiz saymırdı. Lakin bu təşəbbüsün nəticəsi olmadı. 1 il sonra həddi-buluğa çatmayanlara alkoqolsuz enerji içkilərinin satışını qadağan edən qanun layihəsi Dövlət Dumasına təqdim olunub. Parlament tərəfindən dəstəklənmədiyindən 2 il sonra təkrar müzakirəyə çıxarılıb. Bu dəfə də deputatlar layihəni geri çevirdilər, Rusiya hökuməti qadağa üçün yetərli tibbi səbəb görmürdü. Bununla belə, məsələ yenidən müzakirəyə çıxarıldı və qanun layihəsini Dövlət Dumasında müxtəlif fraksiyalardan olan 40 deputat imzaladı. Lakin energetik içkilərin satışının məhdudlaşdırılması cəhdi yalnız dövlət başçısı Vladimir Putin deputatlarla görüşündə öz mövqeyini ortaya qoyduqdan sonra baş tutdu. Energetik içkilərə qadağaya münasibətini o, belə ifadə etmişdi: "Mən bu sahədə indi daha qətiyyətlə hərəkət edərdim”.

Norveç, Danimarka, Fransada da belə içkilərin sərbəst satışı qadağandır. Ölkəmizdə də dəfələrlə energetik içkilərin satışının qadağan olunması və yaxud ən azından yeniyetmələrə, uşaqlara satılmaması barədə təkliflər olub. Bir sıra deputatlar təkliflə çıxış edərək bildirmişdi ki, energetik içkilər Azərbaycanda aksiz dərəcəsi təyin olunan mallar siyahısına daxil edilməli, qiymətinin bahalaşması üçün əlavə aksiya vergiləri tətbiq edilsin. Lakin bu təkliflər elə təklif olaraq qaldı və hələ də əlində bu cür içkilər olan məktəb yaşlı uşaqlarla tez-tez rastlaşırıq.

energetik içkilər ile ilgili görsel sonucu

Bəs energetik içkilər hansı fəsadlar yaradır? Yerli ekspertlər də qeyd edir ki, energetik içkilər qəfil ölümlərə səbəb ola bilir. Belə ki, bu içkilər insanın istər psixoloji durumuna, istərsə də ürək-damar sisteminə, maddələr mübadiləsinə mənfi təsir göstərir, yuxu, əsəb sistemini pozur. Ən pisi isə energetik içkilər insanda asılılıq yaradır və nəticədə insanlar bəzən öz fəaliyyətlərinə nəzarət edə bilmirlər. Bəzi ekspertlər qeyd edir ki, energetik içkilərin insanlarda asılılıq yaratması üçün məqsədli şəkildə tərkibinə müəyyən əlavə edilir. Belə ki, onların tərkibində əsasən kofein olur və onun dozası yüksək dərəcədə götürülür. Bu maddələr orqanizmi bir müddət tonusa gətirsə də, sonradan ona yenidən ehtiyac yaradır. Yəni energetik maddələrdən asılılıq yaranmağa başlayır. Digər tərəfdən, stimullaşdırılmış əzələlər, xüsusən də ürək əzələsinin normadan artıq çalışması sonradan ürək əzələsinin boşalması və müəyyən zədələrin yaranmasına səbəb ola bilir. Ümumiyyətlə isə ekspertlər də dəfələrlə vurğulayır ki,  bu cür içkilərin üzərində tam olaraq tərkibi yazılmaya, göstərilməyə bilər.

Xatırladaq ki, bir müddət bundan əvvəl energetik içkilərin zərərli maddələrdən ibarət olması ilə yanaşı, tərkibində öküz sperması olduğu haqda məlumatlar yayılmışdı. Araşdırma nəticəsində məlum olmuşdu ki, energetik içkilərə öküz sidiyi və spermasından əldə edilən bir maddə əlavə edilir. Belə ki, "Lonqorn” şirkəti enerji içkisi markalarını test edib. Şirkətin gəldiyi nəticə isə ürəkbulandırıcı olub. Araşdırma sonrası energetik içkilərin tərkibində öküz sperması olduğu aydınlaşıb.

Beləliklə, yay mövsümündə təkcə energetik içkilər deyil, qazlı sulara da tələbat artır. Bəs bu kimi içkilər və qazlı sulardan kimlər istifadə edə bilər?

Adil Qeybulla ile ilgili görsel sonucu

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Yeni Müsavat”a danışdı: "Energetik içkilərdən mümkün qədər az istifadə etməyə çalışmaq lazımdır. Çünki onun tərkibindəki kofeinlər və digər maddələr ürəyə təsir edir, onun yığılma sayını artırır, beləliklə ürəyi yorur. Bəzən gün ərzində bu içkilərdən bir neçə dəfə istifadə edilir, nəticədə ürəyə böyük yük düşür. Məhz bu ürək əzələləsinin zədələnməsinə və digər fəsadlara gətirib çıxarır. İkinci tərəfdən energetik içkilər yeniyetmələr, böyüyən uşaqlara qətiyyən olmaz. Lakin təəssüflər olsun ki, orta məktəb bufetlərində və yaxud məktəbə yaxın olan mağazalarda uşaqlar bu içkilərdən alıb içilər. Heç kəs də bu məsələyə nəzarət etmir. Yaxşı olar ki, 18 yaşına qədər olan uşaqlara energetik içkilər satılmasın. Həmçinin energetik içkilərdən istifadə edən böyük yaşılı insanlar da ehtiyatlı olmalı, ona aludə olmamalıdırlar. Bildiyiniz kimi, energetik içkilərin içində kofein var və bu da insanlarda aludəçilik yaradır. O ki, qaldı qazlı içkilərə, onlardan da mümkün qədər az istifadə etmək lazımdır. Yəni, hər dəfə karbon qazı vurulmuş içkilərdən istifadə mədə-bağırsaqlarda gərginlik yaradır. Bəzən insanlar qazlı sulardan gəyirmək üçün istifadə edir. Lakin hesab edirəm ki, bu, doğru üsul deyil. Yaxşı olar ki, qazsız içkilərdən, adi sulardan istifadə olunsun. Ən təhlükəli isə qazlı içkilərin plastik qablarda olmasıdır. Bu, bəşəriyyətin bəlasıdır və artıq məsələ ilə bağlı həyəcan təbili çalınıb. Ona görə də bu problem həll olunmaq üzrədir”.



Oxşar Xəbərlər

Xəbər lenti