Gömrük Komitəsindən bahalaşma xəbərdarlığı: Qaçaqmalçılığa da rəvac verəcək?

Gömrük Komitəsindən bahalaşma xəbərdarlığı: Qaçaqmalçılığa da rəvac verəcək?

 

Aksiz vergisi dərəcələrinin artırılması hökumətin də gündəmindədir. Bu haqda Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib. A.Əliyev həmçinin Azərbaycanda aksiz vergisi dərəcəsinin xeyli aşağı olduğunu deyib. "Bundan başqa, aksiz vergisinin tətbiq edildiyi tütün və alkoqollu içkilər ilkin zəruri məhsullar deyil. Tütün və spirtli içkilərin idxalı məsələsində biz ilk növbədə əhalinin sağlamlığını düşünməliyik. Həmçinin Azərbaycanda bu gün tütün və alkoqollu içkilər istehsal edən kifayət qədər müəssisə var”.

Maraqlıdır, aksiz vergisi dərəcəsi artırılsa, bu bazara necə təsir edəcək?

İqtisadçı-ekspert Natiq Cəfərli açıqlamasında deyib ki, aksiz vergisinin artırılması qiymətlərin bahalaşmasına səbəb olacaq. Ekspertin sözlərinə görə, bu həm də qaçaq yolla ölkəyə idxal olunan aksiz məhsullarının həcminin artmasına rəvac verəcək: "Hələ ki, ancaq spirtli içkilər və tütün məhsullarından söhbət gedir. Əslində dünya ölkələrinin təcrübəsində də belədir. Büdcə ilə bağlı problemlər olanda və əlavə vəsait cəlb etmək lazım gələndə tütün və spirtli məhsullar ilkin tələbat malları sayılmadığı üçün ilkin variantda onların aksiz vergisi artırılır. Çox güman ki, Azərbaycanda da bu üsuldan istifadə etməyi düşünürlər. Xaricdən gətirilən tütün məhsulları və spirtli içkilərin aksiz vergiləri artırılacaq. Bu da təbii ki, qiymətlərə də təsir edəcək. Hansı səviyyədə aksiz vergisi artacaqsa, qiymətlər də buna uyğun artacaq. Əgər qiymətlər ətraf ölkələrdən ciddi şəkildə fərqlənsə, Rusiyadan, Gürcüstandan qanunsuz şəkildə gətirilən aksiz markalı məhsulların kütləvi hall alması ehtimalı yaranacaq. Yəni, bu qərar qaçaqmalçılığa da rəvac verən amilə çevriləcək”.

Natiq Cəfərli hesab edir ki, qiymətlərin bahalaşması bazarda saxta məhsulların artmasına səbəb olacaq: "Böyük ticarət mərkəzlərində rəsmi qayda da gömrükdən keçən məhsullar mütləq şəkildə satılacaq. Rəsmi qayda da gömrükdən keçməyən məhsulların bu tip marketlərdə satılması demək olar ki, mümkün deyil. Amma xırda obyektlərdə aksizsiz, qeyri-qanuni şəkildə istehsal olunan məhsulların həcmi arta bilər. Təbii ki, qiyməti ucuz olacaqsa, satışı da çox olacaq. Aksiz vergiləri artırılarsa, təbii ki, saxta yolla istehsal olunan və qeyri-qanuni şəkildə ölkəyə gətirilən məhsulların bazarı genişlənəcək. Bu da həm birbaşa olaraq vergidən yayınmalara, həm də rəsmi yolla gətirilən məhsulların satışının azalmasına səbəb olacaq”.

Vilayət Muxtar



Oxşar Xəbərlər

Xəbər lenti