Fransalı professor:"Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir"

 

Paris Sorbon Universitetinin geosiyasət üzrə professoru, Fransa paytaxtının 5-ci rayonunun mer müavini Jak Soppelsan "Report”a müsahibə verib.

Sozcu.info  həmin müsahibəni təqdim edir:

– Siz "Azərbaycan Cənubi Qafqazın lider dövləti” adlı kitabın həmmüəllifisiniz. Bəs belə bir kitabın nəşri Fransa ictimaiyyəti tərəfindən necə qarşılandı?

– Mən 2015-ci ildə Fransanın Sorbon Universitetinin siyasi elmlər doktoru Turab Qurbanovla birgə "Azərbaycan Cənubi Qafqazın lider dövləti” adlı kitab yazmışam. Kitabın nəşri Fransada erməni diasporunun kəskin etirazlarına və ədavətinə səbəb oldu. Onlar bu kitaba görə mənə qarşı çox aqressiv mövqe tutdular. Halbuki bizim kitabımız Fransa ictimaiyyəti tərəfindən, habelə ali təhsil müəssisələrində çox müsbət qarşılandı. Fikrimcə, Ermənistanda yaşayan ermənilər Fransadakı erməni diasporu qədər aqressiv deyillər. Fransada yaşayan erməni mənşəli son nəslin nümayəndələri heç vaxt Dağlıq Qarabağda və Ermənistanda yaşamamalarına baxmayaraq, özlərini çox aqressiv aparırlar. Biz kitabın təqdimatını Paris şəhərinin 5-ci meriyasında təşkil etdik. Bu zaman tədbirdə iştirak edən erməni diasporunun nümayəndələri tərəfindən özümüzə qarşı son dərəcə aqressiv münasibətlə qarşılaşdıq. Bütün bunlar isə Fransada erməni diasporunun apardığı təbliğatın nəticəsidir. Hesab edirəm ki, buna bir problem kimi yanaşılmalı və həlli üçün çalışılmalıdır.

– Bildiyiniz kimi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu Ermənistanın işğalı altındadır. Sizcə, Azərbaycanla bağlı həqiqətləri Fransada necə yaymaq olar?

– Azərbaycan həqiqətlərinin dünyada, o cümlədən Fransada  yayılması vacibdir. Hamı haqlı tərəfin ölkəniz olduğunu bilməlidir. Çünki Azərbaycan zərərçəkən tərəfdir. Məhz Əmir Əliyevin "Azərbaycan beynəlxalq cinayətlərin hədəfi: hüquqi təhlil” kitabı obyektivlik və hüquqi neytrallıq prinsiplərinə söykənərək, hüquqi mənbələrə əsaslanaraq Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Azərbaycan münasibətləri, həmçinin Cənubi Qafqazda vəziyyətin hüquqi təhlilinə həsr olunub, tarixi və fundamental həqiqətləri üzə çıxarır. Bu kitabın fransız dilinə tərcümə edilməsi həqiqətlərin Fransada yayılması baxılmasından böyük əhəmiyyət kəsb edir.

– Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Rəsmi Parisin Dağlıq Qarabağ münaqişəsinin həllində nümayiş etdirdiyi süstlüyü necə izah edərdiniz?

– Fransa BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk qrupunun üzvüdür. Fransa vasitəçi qismində Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynaya bilər. Düzdür, bu, utopiyaya bənzəyə bilər, lakin Fransanın regionda kifayət qədər böyük nüfuza malik olduğunu unutmamalıyıq. Burada da Fransadakı erməni diasporunun mənfi təsiri öz rolunu oynayır. Bilirsiniz ki, bir sıra bölgələrimizdə erməni diasporu çox güclüdür. Məsələn, Azərbaycan Beynəlxalq Frankofoniya Təşkilatına üzv olmaq üçün namizədliyini irəli sürüb. Lakin erməni diasporunun təsiri nəticəsində Azərbaycan təşkilata üzv qəbul olunmur.

– Sizcə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyəti yetərlidirmi?

– XIX-XX əsrlərdə regionda kütləvi miqrasiya və xüsusilə SSRİ dövründə ruslar tərəfindən əhalinin kütləvi şəkildə köçürülməsi həyata keçirilib, demoqrafik vəziyyət dəyişdirilib. Nəticədə regionda münaqişə ocağı yaradılıb. Azərbaycanlılar öz torpaqlarından qovulub və onlar hələ də öz yurdlarına qayıda bilmirlər.

Artıq uzun illərdir ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəaliyyəti heç bir nəticə vermir. Mən Dağlıq Qarabağ münaqişəsinin həllində bu qurumun nümayiş etdirdiyi zəiflikdən təəssüflənirəm. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) var və onlardan üçü ATƏT-in Minsk qrupunun həmsədridir. Hesab edirəm ki, həmsədrlərin sayını artırmaq, Minsk qrupuna yeni dövlətlər cəlb etmək lazımdır.



Oxşar Xəbərlər

Xəbər lenti