8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Yeni Müsavat” qəzetinə müsahibə verib. Şeyx bu müsahibədə son günlərin ən aktual mövzusu – özünün də adının qarışdığı Abel Məhərrəmov qalmaqalı haqda fikirlərini açıqlayıb.
Sozcu.info müsahibənin həmin hissəsini və bəzi maraqlı məqamlarını təqdim edir:
– Yeri gəlmişkən, noyabrın əvvəlində Madriddə keçirdiyiniz tədbirlə bağlı mediada çoxlu sayda yazılar dərc olundu. BDU-nun keçmiş rektoru Abel Məhərrəmovla bağlı, xüsusən də təyyarədə şərab aparılması, bundan başqa oteldə qalmaqalla bağlı yazılar oldu. Bu yazılara münasibətinizi bilmək istərdik. Orda həqiqətən nə baş vermişdi?
– Mən açığı bir şey baş verdiyini görməmişəm. Bəzi adamların da Şeyxülislam haqda düşüncələri qəribədir. Mən bu cür səfərlər olanda evdə hazırlaşıram, məlumat verirlər ki, təyyarə hazırdır, uça bilərik. Ondan sonra mən də gəlirəm, təyyarəyə minib yola düşürük. Təyyarədə mənim və digər səfər iştirakçılarının geyimləri, şəxsi əşyaları olan çantalar olur. Bir də bizim heyətdə olan çəkiliş qrupunun avadanlıqları.
Amma qəti şəkildə deyirəm ki, belə bir məsələ olmayıb, bu, yalandır. Nəyə görəsə bunu yazırlar, deyirlər. Yəqin ki, düşmənçilik məqsədi ilə edirlər. Axı dövlət var, dövlətin sərhəd, gömrük xidməti var, media var. İspaniya böyük bir dövlətdir, ciddi nəzarət sistemi var. Hətta biz ora gedəndə sərhəddə ayaqqabılarımıza qədər yoxlayırlar. Necə oldu ki, bu qədər yükü oradan keçirdilər? Bütün bunlar necə ola bilər? Elə başa düşürəm ki, bütün bunlar quraşdırmadır. Təyyarənin gecikməsi normal hadisədir, çarter reyslər də bir qayda olaraq yubanır. Mən o zaman soruşmuram ki, təyyarə niyə ləngiyir? Digət tərəfdən, mən nə Abel müəllimin, nə də heyətdə olan digər şəxslərin içki içdiyini görməmişəm.
Tədbirimiz yüksək səviyyəli bir konfrans idi. 260 nəfərdən çox nüfuzlu qonaq vardı. Orda mən də, Siyavuş müəllim də, Abel müəllim də çıxış etdi. Axırda da prezident həzrətlərinin məktubu oxundu. Burda bəzi şeylər yazırlar, mən Bakıya gələndən sonra oxudum. Guya məni nömrədən çıxarıb dəvət ediblər. Belə şey olmayıb.
Oteldə qalarkən nümayəndə heyətinin üzvləri adətən otelin foyesində oturub çay içirdilər. Bir dəfə məni də dəvət etdilər, oturub çay içdik. Səhəri gün nümayəndə heyəti ilə birlikdə Əli bəyin evində qonaq olduq, səmimi şəraitdə söhbətlər oldu, orada Abel Məhərrəmov da, Siyavuş Novruzov da gözəl çıxışlar etdilər, beynəlxalq konfransın yüksək səviyyədə təşkilində roluna görə Əli bəyi təbrik etdilər. Çox gözəl münasibət oldu. Heç bir başqa söhbət olmayıb. Ölkəmizin İspaniyadakı səfiri — Abel müəllimin oğlu Anar Məhərrəmov da orada bizimlə birgə idi.
Anar müəllim bizim ötən illərdə İspaniyada keçirdiyimiz konfranslarda da iştirak edib. Mən keçən il İspaniyada konfransdan sonra Bakıya qayıdanda prezident cənabları ilə görüşümüz oldu və mən orda səfirimizin müsbət fəaliyyətini, gördüyü işləri qeyd elədim. Prezident bundan məmnun qaldı. Biz Abel müəllimlə illərlə dostuq, münasibətimiz olub. Ona böyük hörmətim var. Uzun illər İlahiyyat Fakültəsində imtahan komissiyasının sədri olmuşam, universitetdə dərs demişəm, professor olmuşam, birgə tədbirlər keçirmişik. O işdən azad ediləndə mən burda olmamışam, qayıdandan sonra telefon açmışam. Ancaq hələlik danışa bilməmişik, mümkündür ki, xəbərsiz olub.
O ki qaldı Abel müəllimin rektorluqdan azad edilməsinə, bu prezident cənablarının müstəsna səlahiyyətidir. Heç kimin bu işə qarışmağa ixtiyarı yoxdur. Prezident kimə görəsə kimisə işdən azad etmir. Bu gün işdən azad edib, bəlkə gələcəkdə başqa yerdə lazım olacaq? Bu işə Abel müəllimin oğlunu, qardaşlarını qarışdırmaq mən elə bilirəm ki, çox böyük haqsızlıqdır.
– Şəxsi münasibətləriniz necədir? Bu tədbirdən sonra Abel Məhərrəmov, ya da Siyavuş Novruzovla aranızda soyuqluq yaranmayıb?
– Yox, heç bir soyuqluqdan söhbət gedə bilməz. Mən onunla bu gün də dostam. Mən onun oğluna oğlum kimi baxıram, nəvəsinə nəvəm kimi. O da mənə qarşı elədir. Bizim aramızda heç bir problem yoxdur. Siyavuşu da oğlumdan, qardaşımdan ayırmıram. Vaxtilə onun nikahını da mən kəsmişəm. Bir böyük, agsaqqal olaraq özümə hər zaman ondan yalnız ehtiram görmüşəm.
– Bundan əvvəl isə Çexiyada mülklərinizin olması bağlı mətbuatda və sosial şəbəkələrdə məlumatlar yayıldı. Hətta bəzi alqı-satqı sənədlərinin surətləri də internetə düşdü. Bu məlumatlar nə qədər həqiqətə uyğundur? Çexiyada ev və ya əmlakınız varmı?
– Tamamilə yalan məlumatdır. Mənim orda heç bir şeyim yoxdur. Mən artıq uzun illərdir ki, Karlovı Varıda müalicə alıram. Orada həkimlərim var, hər il məni müalicə edirlər. Hər dəfə müalicəyə gedəndə orada namaz qılmağa yer tapmaq problem olurdu. Odur ki, ibadət, namazlarım üçün münasib yer axtarırdım. Adını çəkmək istəmədiyim azərbaycanlı iş adamları var, din xadimi olaraq ehtiram göstərib orda namaz qılmaq üçün mənə bir yer aldılar. İki maşınlıq qarajının üstündə yerləşən 23-24 kvadratlıq yeri alıb orada otaq, mətbəx və dəstəmazxana düzəltdirib vermişdilər mənə. Orda Quranım, namaz səccadəm vardı. Bir də yerli yeməkləri yeyə bilmirdim deyə, orada ayrıca yemək hazırlayırdıq. Allah rizası üçün bu savab işi etmişdilər. Məlum şayiələr yayıldıqdan sonra mən o yerdən imtina etdim, sahiblərinə qaytardım. Məqsədli şəkildə xəbərlər yayırlar ki, guya orada mənim böyük əmlaklarım var. Belə şayiələri qəsdən şişirdirlər. Bütün bunlar dövlətçiliyimiz adına, dini lider olaraq şəxsimə qarşı düşmənçilik məqsədlidir. Amma narahat deyiləm, haqqı qoruyan Allahdır.
– Beşmərtəbə bina da göstərilirdi ki, sizə məxsusdur.
– Hə. Olmayan çox şeylər yazırlar. Lakin bunların heç biri həqiqətə uyğun deyil.
– Amma bir şey də var ki, siz dövlət məmuru deyilsiniz. Sizin əmlakınız qanunla ola bilər… Yeri gəldi deyə soruşum. Nəvələriniz İstanbuldadır, ya Bakıda?
(Gülür.) O da yalan məlumat idi. (Bir neçə il əvvəl mətbuatda Şeyxin oğlunun ailəsi ilə birlikdə İstanbula köçməsi ilə bağlı xəbərləri qəsd edir – K.R.) O zaman gəlinim xəstə idi, İstanbula müalicə üçün getdilər. Təbii ki, uşaqları da özləri ilə apardılar. Mən deyirəm ki, oğul mənimdir, heç yerə getməyib, Bakıda yaşayır. Amma bunu da bir hadisəyə çevirdilər, mənə qarşı kampaniyaya çevirdilər. Halbuki əsası yox idi, amma yazırdılar.
– Açığı, Siz tirajlı şəxssiniz. Sizinlə bağlı xəbərlər çox oxunur. Haqqınızda yazılan istənilən xəbər ən çox oxunanlar siyahısına daxil olur. Bəlkə də bununla əlaqədardır.
– Olsun, yazılanlara bir söz demirəm, amma bir az insafla yazsalar, barı. Bir şeyi deyim. Moskvada erməni katalikosu Qareginlə görüşdə o mənə etiraf elədi ki, bizim mətbuatda sənin barədə mənfi yazılar yazılır. O ermənidir, aydındır ki, məni qaralayırlar. Bəs burda yazanın məqsədi nədir? O niyə məni gözdən salmaq, qaralamaq istəyir?
Mənim 70 yaşım var, göydə Allahdan, yerdə qanundan başqa çəkinəcəyim bir şey yoxdur. Amma bir dini lider barədə yalan yazmaq, olmayanları yaymaq etikadan kənardır, milli mənəviyyatımıza uyğun deyil.
– Gələn il 70 illik yubileyiniz gəlir. Bunun yarıdan çoxunu, yəni 40 ilə yaxınını Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etmişiniz. Sovet dövründə Şeyx olmaq, dini proseslərə rəhbərlik etmək, özü də cavan yaşda necə idi? Ötən illərlə bağlı xatirə yazmağı düşünürsünüz?
– Gələn il sağlıq olsun həm 70 yaşım, həm də Şeyxülislamlıq fəaliyyətimin 40-cı ili olacaq. Mən öz yubileyimi ailəmin içində keçirəcəm, ailəmlə bir yerdə olmaq istəyirəm. Amma bunula bağlı hansı qərar qəbul edilərsə, ona uyğun da işimizi planlaşdıracağıq. Bunu gələcək göstərəcək.
Xatirələrə gəlincə, həqiqətən də vaxtım yoxdur. Amma həmişə fikirləşirəm ki, zaman ayırım, xatirələrimi yazım. Amma nə təqaüdə çıxa bilirik, nə də məzuniyyətə. Beləcə qalıb hələ ki. İnşallah vaxt olar yazarıq. Amma həqiqətən çox maraqlı xatirələrim var. Mən iki dövlət, iki dünya görən bir adamam. Kommunist rejimində yaşayıb işləmiş, bu gün də müstəqil Azərbaycan vətəndaşı kimi çoxlu xatirələrim var. Çox şeylər dəyişib.
O zaman bizi xaricə getməmişdən əvvəl Moskvaya çağırıb söhbət edərdilər. Həccə gedəcək adamları çağırıb onlarla söhbət edərdilər. Deyirdilər ki, sənin sovet parpostun var, sən bununla qürür duymalısan. Bir sovet vətəndaşı 100 başqa insana bərabərdir və sair. Amma sonra sovet rejimi dağıldı və hər şeyin fərqli olduğu məlum oldu. Maraqlıdır ki, o zaman soveti tərifləyənlər, indi onların bəzisinin səsi bu tərəfdə də gəlir. Ən qorxulusu da odur ki, bəzən özlərini dindar kimi göstərir və bəzi işləri də xarab edirlər.