Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
"Qəzetlərdə yazırlar ki, 13 min adam Müsavat Partiyası tərəfindən Avropaya göndərilib. Bu, ağ yalandır. İndiyə qədər Müsavat Partiyası tərəfindən Avropaya bir nəfər də göndərilməyib”.
APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Müsavat başqanı Arif Hacılı deyib.
O bildirib ki, Müsavat Partiyasının rəhbərliyinə qarşı uzun müddətdir ki, ittihamlar irəli sürülüb: "Bir neçə ildir ki, partiyaya qarşı mühacir mövzusunda kampaniya aparılır. Respublika Prokurorluğunda bu məsələ ilə bağlı cinayət işi başlanılıb. Həmin cinayət işi cərcivəsində məndən başqa İsa Qəmbər, Gülağa Aslanlı, AXCP sədri Əli Kərimli və s. dindirilib. "Yeni Müsavat” qəzeti bizə qarşı uzun müddətdir ki, bu kampaniyanı aparır”.
Müsavat başqanı bildirib ki, partiya mühacirətə getmək istəyən üzvlərini bu addımı atmamağa çağırıb: "Biz Avropada olan 200-dən az müsavatçının yalnız partiya üzvü olduğunu bildirmişik. Bunu da rəsmi sorğulara cavab verərkən qeyd etmişik. Həmin şəxslərin vəkilləri və nümayəndələri rəsmi qaydada bizə müraciət edəndə biz araşdırıb, onların sorğularına cavab vermişik”.
A. Hacılı adının hallandırıldığı biznes məsələlərindən də danışıb: "Mənim Vasif Talıbova aid "Sirab” şirkətinə şərik olduğum, şirkətin guya Avropada əldə etdiyi gəliri Vasif Talıbovla aramızda böldüyümüzü deyirlər. Təbii ki, bu absurd və mənasız böhtandır”.
O bildirib ki, Müsavat AKM-nin üzvü olan Mehdi Xəlilbəyliyinin "Sirab” adlı şirkəti var: "Həmin şirkət yükdaşıma ilə məşğuldur. Onun Azərbaycandakı eyni adlı şirkətə heç bir aidiyyəti yoxdur. Bəzi qərəzli adamlar bu məsələni bizə bağlıyırlar. Çox gülüncdür”.
Partiya sədri bildirib ki, irəli sürülən ittihamlar araşdırılacaq: "Ancaq bir neçə ildir ki, partiyadan siyasi mühacirlərə arayış verilməsi sərtləşdirilib. Partiyada bu məsələlərlə bağlı komissiya yaradılıb. Bütün ittihamlar araşdırılacaq. Əgər hansısa partiya üzvünün qanunsuz əməlləri aşkarlanarsa, həmin üzvlər cəzalandırılacaq. İttihamlar doğru olmazsa, bununla bağlı aidiyyəti orqanlara müraciət edəcəyik, partiyanın adını ləkələmək istəyənlərin cəzalanmasını istəyəcəyik. Biz bu məsələlərin araşdırılmasının tərəfdarıyıq”.
A. Hacılı bildirib ki, artıq iki illik partiya üzvülüyü olmayanlara arayış verilməsi qadağan olunub.
Jurnalist Yafəs Əkrəmoğlunun yaydığı arayışla bağlı danışan Müsavat Pariyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə həmin arayışın Müsavat Partiyası tərəfindən verildiyini təsdiqləyib. O bildirib ki, həmin arayış saxta deyil: "O arayış 2008-ci ildə Müsavatın Naxçıvan Təşkilatının rəhbəri Sabir Vəliyev tərəfindən verilib və təsdiq edə bilər. Barəsində arayış verilən şəxs isə hazırda Azərbaycanda yaşayır”.
A. Hacılı deyib ki, hazırda istefa verməsi üçün əsas yoxdur: "Əgər partiya haqqında iddialar təsdiqini tapsa, istefa vermək barədə düşünərəm. Həmin vaxt başqa sərt tədbirlər də həyata keçiriləcək. Hazırda isə istefamla bağlı müzakirələr aparıla bilməz”.
Onun sözlərinə görə, Müsavat Partiyasının Divanında müzakirələr aparılan zaman Tofiq Yaqublu bildirib ki, partiyanın üzvü olan şəxsə bir gün ərzində arayış verilməlidir.
Nemət Kərimli isə heç kimə arayış verilməməsini tələb edirdi: "O zaman Divanda qərar qəbul etdik ki, biz yalnız miqrasiya təşkilatlarından gələn sorğularla bağlı arayış verəcəyik”.
Müsavat sədri bildirib ki, Almaniyada saxlanılan Mehdi Xəlilbəyli ilə tanışlığı olub, amma yaxınlığı yoxdur: "İlham Həsəni yaxşı tanıyıram, o, icarəyə götürülmüş evdə qalır.
Digər saxlanan Elçin Əkbərov 9 və 14 saylı cəzaçəkmə müəssisələrinin rəisi olub. İndi deyirlər ki, Arif Hacılı 14 saylı cəzaçəkmə müəssisəsində olub. Ona qalsa, mən bir çox həbsxanada olmuşam. Bu adam hakimiyyətə yaxındır, bizneslə məşğuldur”.