Şəhidlər Xiyabanında şıllaq atan hindistanlı turistlər qalmaqalı

 

Azərbaycanda səfərdə olan bir qrup hindistanlı turist musiqi sədaları altında Şəhidlər Xiyabanında klip çəkdirib. 

Sozcu.info  xəbər verir ki, bu barədə  görüntülər ötən həftə sosial şəbəkələrdə yayılıb.

Görüntülərə əsasən Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin dəfn olunduğu xiyabanı əyləncə məkanı ilə səhv salan hindistanlılar məzarların önündə ritmik musiqinin sədaları altında qaçaraq rəqs ediblər. hafizə xidməti tərəfindən nəzarət olunan bu xiyabanda gənclərin necə çəkiliş aparmaları da müəmma doğurur. Turistlərin əylənmək üçün bu müqəddəs məkanı seçmələri əhalinin, şəhid yaxınlarının, Qarabağ veteranlarının ciddi narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşılaraq pislənən bu hadisəyə görə işində məsuliyyətsizliyə yol verən şəxslərin cəzalandırılması tələb olunub. 

Ola bilər ki, adət-ənənləri fərqli olan, ölüləri yandıraraq basdıran hindistanlılar etdikləri bu hərəkətin Azərbaycan xalqına hörmətsizlik olduğunu anlamayıblar. Ölkəyə turist səfərləri təşkil olunan zaman onlara müqəddəs və toxunulmaz yerlərlə bağlı məlumat verilmirmi?

Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə virtualaz.org-a açıqlamasında bildirib ki, tur paketlə ölkəmizə səfərlər təşkil olunan zaman turistlərə bu cür məlumatlar verilir. Amma bu həm də etika məsələsidir: "Əgər etika, tərbiyə imkan vermirsə, turistlər belə hərəkət etmirlər. Çünki hər bir turistin üzərinə nəzarətçi qoymaq mümkün deyil. Ümumiyyətlə, belə hadisənin baş verməsi çox xoşagəlməz haldır”.

K. Quluzadə həmçinin bildirib ki, həmin turistlərin Bakıya hansı turizm şirkəti tərəfindən gətirilməsi ilə bağlı məlumatlı deyil. Hazırda agentlik həmin şəxslər barəsində araşdırma aparır.

Şəhid məzarlığında rəqs edərək əylənən, şıllaq atan turistlərin cəzalandırılmalarına gəlincə isə,  Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev virtualaz.org-a hazırda faktın araşdırıldığını deyib.

"Yayılan videogörüntülər müvafiq polis idarəsində araşdırılıb və ilkin nəticə ondan ibarət olub ki, həmin videogörüntülər ayrı-ayrı dövrlərdə Bakıya səfər etmiş  turistlərin həvəskar videoçəkilişlər əsasında montaj olunaraq üzərinə musiqi yazılıb. Hazırda bu istiqamətdə araşdırma davam etdirilir”, - E. Hacıyev deyib.

Qalmaqala Hindistanın Azərbaycandakı səfirliyi də münasibət bildirib. Səfirlik bir qrup ölkə vətəndaşının Şəhidlər xiyabanında klip çəkdirməsini pisləyib.  Qeyd olunub ki, hazırda diplomatik korpus məsələnin araşdırılması üçün Azərbaycan Xarici İşlər Nazirliyi və digər aidiyyəti qurumlarla birgə işləyir.



Oxşar Xəbərlər

Xəbər lenti