Səməd Qaraçöpün şerləri

Səməd Qaraçöpün şerləri

 

       

ZİBİL

Elə hər addımda "zibil!" – deyirəm,
Elə hər addımda tüpürürəm mən;
Şairlər zibilə döndərib sözü,
İndi bu zibili süpürürəm mən.

Bir zaman analar şair doğardı,
Nə oldu, zibilmi doğdu analar?!
Kitabnan doludu zibilxanalar,
Zibilnən doludu kitabxanalar.

Baxırsan – kitabdı, açırsan – zibil,
Eh, burda hər şeyin zibili çıxdı;
Kitab çıxartmağa – yollar bağlıdı,
Zibil çıxartmağa – yollar açıqdı.

Ömrümdə bir kitab çıxartdım elə,
Getdi bir kitaba bütün illərim;
Əl boyda kitabdı, o da ki çoxdan
Altında qalıbdı bu zibillərin.

*****

SAY

Başqaları pul sayır, mən günləri sayıram,
Hər gün gözləyirəm ki, yaxşı günlər gələcək.
Hər gün gözləyirəm ki, hələ bu harasıdı,
Getdikcə başımıza çox oyunlar gələcək.

Başımızda oynanan oyunları sayıram,
Daha burda gülürlər nəyisə düz saymağa.
Yox, bunların gözündə ən yaxşı gün odu ki,
Təki yaxşı pul olsun gecə-gündüz saymağa.

Bunlar puldan savayı, heç nəyi saymır daha,
Puldu burda başları bədənlərdən ayıran...
Yaxşı pullar gəlir hey, yaxşı günlərsə gəlmir,
Bunlar pulları sayır, mən günləri sayıram.

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti