Sumqayıt şəhər stadionu özəlləşdirməyə çıxarılır

 

Sumqayıtın Mehdi Hüseynzadə adına şəhər stadionu özəlləşdirməyə çıxarılır. Virtualaz.org Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, arena 2018-ci ildə özəlləşdiriləcək obyektlərin siyahısına salınıb. Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin tabeliyində olan stadionun investisiya üsulu ilə özəlləşdirilməsi nəzərdə tutulub.

8,6 hektar ərazisi olan Sumqayıt şəhər stadionu 1966-cı il iyulun 1-də istifadəyə verilib. Bir sıra beynəlxalq yarışlar, o cümlədən, 1985-ci ildə SSRİ-də təşkil olunmuş FİFA Dünya Gənclər Çümpionatının "D" qrupunun Çin–Paraqvay oyunu bu stadionda keçirilib. Arenadan "Polad”, "Vosxod”, "Xəzər”, "Kimyaçı”, "Sumqayıt”, "Gənclərbirliyi”, "Qarabağ” (Ağdam), "Xəzər Lənkəran” (Lənkəran) və "Standard” komandaları ev oyunları kimi istifadə ediblər.

Stadionda son təmir işləri 2011-ci ildə aparılıb. Baxımsızlıqdan yararsız vəziyyətə düşən stadionun ot örtüyü qeyri-qənaətbəxş vəziyyətdədir, oturacaqların, paltardəyişmə və digər yardımçı otaqların təmirə ciddi ehtiyacı var. Arenanın texniki imkanları hazırda burada oyun keçirməyə imkan vermir.

Qeyd edək ki, iki il öncə Sumqayıtın icra başçısı Zakir Fərəcov buranın tarixi stadion olduğunu və təmir olunacağını bildirmişdi.

Gülnar Əliyeva



Oxşar Xəbərlər

Xəbər lenti