1997-сi ildə Ziya Bünyadovun əvəzinə hansı siyasi lider öldürüləcəkmiş?

 Pənah Hüseyn: "Ad çəkilməməsi çox şey deyir”; Əli Orucov: "Əgər belə bir plan olubsa, ən populyar və ən nüfuzlu liderin seçilməsi işlərinə yarayardı”

"Yeni Müsavat”ın son saylarında dərc olunan akademik Ziya Bünyadovu qətlə yetirən və ömürlük həbs cəzası alan Nizami Nağıyevin silsilə müsahibələri oxucular tərəfindən maraqla və heyrətlə qarşılanıb. Həmin müsahibələrdən birində isə qatil iddia edib ki, onların - İrandan "Hizbullah" adına gələn Nəsrullah və qeyrilərinin Z.Bünyadovdan əvvəl bir müxalifət liderini öldürmək planları da olub, lakin bundan vaz keçiblər. 

Sitat: "Sonradan Tariyeldən eşitmişdim ki, əvvəlcə bir müxalifət liderini də aradan götürmək planı olub. Amma düşünüblər ki, bunu eləsək, küçəyə heç kim çıxmayacaq. Sonradan baxıblar ki, Ziya Bünyadovun cəmiyyətdə nüfuzu daha çoxdur. Çirkin məqsəd onların idi, bizim saf niyyətimizdən istifadə etdilər."

Bu iddia 1997-ci ilin bu günlərində hansı müxalifət liderinin ictimai rəydə daha öndə olması ilə bağlı sualları ortaya çıxarır. Məlumdur ki, həmin vaxt ölkə müxalifətinin əsas lideri mərhum prezident Əbülfəz Elçibəy idi ki, o da doğulduğu Kələki kəndindən kənara çıxa bilmirdi. Üstəlik, Bakıya girişi də qeyri -rəsmi olaraq, yasaqlanmışdı. Eyni zamanda, həmin il 1998-ci il seçkilərinə az müddət qalırdı və müxalifət hələ seçkiləri boykot etməmişdi. Amma bununla belə, ən güclü illərini yaşayan demokratik düşərgənin Müsavatın başqanı olan İsa Qəmbər, AMİP lideri Etibar Məmmədov kimi nüfuzlu liderləri var idi. Yəni istənilən halda bütün diqqətlər bu iki şəxsin üzərinə yönəlir. Xarici güclər ölkəni qarışdırmaq üçün onlardan hansını hədəf seçə bilərdi?

Картинки по запросу Pənah Hüseyn

Həmin vaxtlar müxalifətin əsas simalarından olan AXP sədri, sabiq baş nazir Pənah Hüseyn Ziya Bünyadovun qatilinin iddiaları ilə bağlı musavat.com -a bunları dedi: "O, həbsdə olan şəxsdir, iddialarına bir şəxsin fikirləri kimi baxmaq lazımdır. Əslində "müxalifət lideri", deyərkən ad çəkməməsi çox şeyi deyir. 1997-ci ildə xalqı küçələrə çıxarmaqla bağlı dediklərini isə anlaya bilmədim. Sifarişçilərin xalqı nə üçün küçələrə çıxarmaq istəmələri barədə də dolğun fikirlər yoxdur. 90-cı illərdə məlumdur ki, çox ciddi siyasi proseslər baş vermişdi. 1993-cü ildən sonra tamamilə yeni bir situasiya yaranmışdı. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri baş vermişdi. Bunlar çox ciddi siyasi proseslər idi. Ən müxtəlif cəbhələrdən müxtəlif qüvvələr proseslərə əhəmiyyətli təsir imkanlarına malik idilər. Müxalifətin birlik modeli kimi Demokratik Konqres var idi. O zaman da əsas siyasi qüvvə Demokratik Konqres idi. 1997-98-ci illərdə ölkədə ən ciddi siyasi proseslər gedirdi. Prezident seçkiləri ilə bağlı on minlərlə, bəzən daha çox insanın iştirakı ilə aksiyalar olurdu. Bu baxımdan, açığı, bu şəxsin dedikləri mənə inandırıcı görünmür. Çünki xalqı küçələrə çıxarmağa ehtiyac yox idi, aksiyalara onsuz da insanlar çıxırdı, yaxud çıxası idilər. Onu da qeyd edim ki, o zamanlar insanları aksiyalara çıxarmaq üçün tamam fərqli qüvvələrin təsir imkanları daha geniş idi. O dövrdə SİDSUH da formalaşmışdı, yəni əsas siyasi qüvvələr bir arada idilər. Bu baxımdan, məhz insanları küçələrə çıxarmaq üçün belə bir qətlin törədildiyi fikirləri inandırıcı görünmür. Çünki qətldən öncə və sonralar yüz minlərlə insanın iştirakı ilə o dövrün müxalifəti mitinqlər keçirib. Sizin qəzet başda olmaqla, o dövrün KİV-lərində bu barədə kifayət qədər məlumatlar var. Hətta deyərdim ki, ən geniş məlumatları məhz ”Yeni Müsavat" verib. Bir faktı da deyim, baxmayaraq ki, 1998-ci il seçkilərini müxalifətin əsas aparıcı qüvvələri boykot etmişdi, seçkilərə qatılan Etibar Məmmədov ciddi nəticələr qazanmağa nail olmuşdu... İndi kimsə həbsxanadan nəsə deyə bikər, bu, başqa məsələdir"...

AMİP katibi Əli Orucov ile ilgili görsel sonucu

AMİP katibi Əli Orucov o dövrdə E.Məmmədovun təhlükəsizliyinin ciddi qorunduğunu söylədi: "Üzərindən illər keçəndən sonra mərhum akademik Ziya Bünyadovun qətli barədə yeni versiyaların və iddiaların ortaya çıxması maraq doğurur. Mənə görə, bu qətllə bağlı hələlik sirr pərdəsi götürülməyib. 

Deyilənləri hüquq-mühafizə orqanları yenidən araşdırmalı, əsl həqiqətin üzə çıxarılmasına çalışmalıdır. Bu qətldən sui-istifadə edənlər, hakimiyyətdaxili qruplaşmaların bir-birini sıradan çıxarmaq cəhdlərinin də istintaqın və məhkəmənin gedişində olması müşahidə edildi. Onun öldürülməsini ”Hizbullah"a da bağladılar. Mən bilmirəm təzədən söylənilənlər nə qədər həqiqidir. Amma ağılabatan odur ki, bəzi qüvvələr Azərbaycanda sabitliyi pozmağa və qarşıdurma yaratmağa çalışırdı. Bunun üçün hər cür təxribatlar masada olub. Amma Etibar Məmmədovun təhlükəsizliyi həmin dönəmlərdə çox ciddi qorunurdu. Ehtimal etmirəm ki, belə bir qəsd planı baş tuta biləydi. Digər tərəfdən, prezidentliyə iddiaçılar arasında Əbülfəz Elçibəy, İsa Qəmbər, Sabir Rüstəmxanlı, Lalə-Şövkət də var idi. Hədəf bu liderlərin hər biri ola bilərdi (İlyas İsmayılov, Rəsul Quliyev də iddialılar arasında idi). O dövr çox qarmaqarışıq və gərgin dövr idi. Amma Ziya Bünyadov kimi görkəmli bir ziyalının, alimin, sözünü qorxmadan deyə bilən, cəsarətli bir insanın qətli çox ağır itki idi. Hər biri hədəf ola bilərdi. Çünki bu minvalla məqsəd ölkədə qarışıqlıq yaratmaq, dövlətə inamı sarsıtmaq və beynəlxalq imici zədələmək, beləliklə də basqıları artırmaq ola bilərdi. Həmin dövrlər Azərbaycana həm Rusiyanın, həm İranın, həm də Qərbin davamlı və ciddi təzyiqləri vardı. Bu gün uğurla irəliləyən beynəlxalq iri kommunikasiya xətlərinin və iri layihələrin həyata keçməsinə mane olmağa çalışılırdı. Xüsusən də Moskva və Tehran bu işdə çox fəal idi. Əgər belə bir plan olubsa, ən populyar və ən nüfuzlu liderin seçilməsi işlərinə yarayardı. Bu, mərhum prezident Əbülfəz Elçibəyin özü də ola bilərdi. Nəzərə almaq lazımdır ki, Elçibəy 1997-ci ilin oktyabrında Bakıya qayıdıb. Ziya Bünyadov da həmin ilin fevralında qətlə yetirilib. Bu baxımdan ilk ağıla gələn hədəf, məncə, Ə.Elçibəy ola bilərdi. Bütün maraqlı tərəflərə Elçibəyin ortadan götürülməsi sərf edərdi".

Cavanşir ABBASLI



Oxşar Xəbərlər

Xəbər lenti