"Qadının qarnını yararaq uşağını çıxarıb öldürdülər” - NTV və “Ülke TV”də Xocalı soyqırımı ilə bağlı reportaj

"Qadının qarnını yararaq uşağını çıxarıb öldürdülər” - NTV və “Ülke TV”də Xocalı soyqırımı ilə bağlı reportaj

 

Türkiyənin NTV kanalında Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı reportaj yayımlanıb.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, reportajda Xocalı soyqırımının şahidlərinin fikirlərinə yer verilir.

Reportaj Xocalı sakini Məmməd Nağıyevin bu fikri ilə başlayır: "Ermənilər mənim gözümün qarşısında hamilə qadının qarnını yararaq uşağını çıxarıb öldürdülər”.

Reportajda qeyd edilir ki, 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla, 613 azərbaycanlı 26 il əvvəl Xocalıda qətlə yetirilib. Bildirilir ki, xocalılılar 1992-ci il fevralın 26-da törədilmiş bu qətliamın ildönümü ərəfəsində Türkiyədə olublar.

Xocalı soyqırımının şahidi, 8 gün erməni əsirliyində olmuş Vüsalə Məmmədova reportajda həmin gecə yaşadığı dəhşətli hadisələri, ermənilərin ona verdiyi işgəncələri göz yaşları içində danışır. O, ən böyük arzusunun bir gün öz qızının əlindən tutub doğma yurduna qayıtmaq olduğunu bildirir.

Xocalı soyqırımına beynəlxalq ictimaiyyət tərəfindən hələ də lazımi hüquqi-siyasi qiymətin verilməməsini təəssüflə qeyd edən xocalılılar bu gün Türkiyəyə qarşı irəli sürülən qondarma "erməni soyqırımı” iddialarını pisləyiblər. 

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyir: "Bu gün Türkiyəni şantaj edirlər. Bəzi Avropa ölkələri əllərində heç bir sübut, əsas olmadan bu qondarma "soyqırımı”nı tanıqdıqlarını deyirlər. Sual olunur: siz nəyə istinad edib, nəyə əsaslanıb bu uydurma "soyqırımı”nı tanıyırsınız?”.

Xocalı soyqırımı ilə bağlı daha bir reportaj "Ülke TV” kanalında yayımlanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə Ədalət və İnkişaf Partiyasının qrup toplantısında Xocalı soyqırımı ilə bağlı söylədiyi fikirlərlə başlayan reportajda faciə barədə faktlar diqqətə çatdırılır.

Reportajda, həmçinin Xocalı soyqırımı şahidlərinin fevralın 25-dən 26-na keçən gecə yaşadıqları müsibətlərlə bağlı fikirlərinə geniş yer verilir. Vurğulanır ki, onlar beynəlxalq ictimaiyyətdən Xocalı soyqırımının tanınmasını tələb edirlər.

Hər iki reportajda Xocalı dəhşətlərini əks etdirən kadrlar nümayiş etdirilib.



Oxşar Xəbərlər

Xəbər lenti