“TƏHSİL HAQQINDA” QANUNA DƏYİŞİKLİKLƏR TƏSDİQLƏNDİ –Nələr olacaq?

“TƏHSİL HAQQINDA” QANUNA DƏYİŞİKLİKLƏR TƏSDİQLƏNDİ –Nələr olacaq?

 

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında "Təhsil haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.

Layihə ilə bağlı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Dəyişikliklərdən biri Azərbaycanda ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunmasını nəzərdə tutur.

Qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 14-cü bəndinə edilən əlavəyə əsasən, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunacaqlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddənin 5-ci bəndi yeni redaksiyada verilir:

Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışarın qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Qüvvədə olan bənd isə belədir: Dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dəyişikliklə Azərbaycanda valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul ediləcəklər. Qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 11-ci bəndinə əsasən, Azərbaycanda ibtidai təhsil 6 yaşdan başlanır.

Dəyişikliklə bəndə ikinci cümlə əlavə olunur. Yeniliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

Digər dəyişikliklə isə maddənin 12-ci bəndi ləğv edilir. Bu bəndə əsasən, valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi xüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilərdi.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.



Oxşar Xəbərlər

Xəbər lenti