MTRŞ-ə telekanalları bağlamaq hüququ verildi – QANUN

Bu gün Milli Məclisdə "Kütləvi informasiya vasitələri haqqında" Qanununda dəyişiklik edilməsini nəzərdə tutan sənəd müzakirə edilib.

Modern.az saytının məlumatına görə, qanunun 19-cu maddəsinə edilən dəyişiklik televiziya və radio yayımçılarının fəaliyyətinin dayandırılması və ya onların fəaliyyətinə xitam verilməsinin təsisçinin və məhkəmənin qərarı ilə yanaşı, "Televiziya və radio yayımı haqqında” qanunda nəzərdə tutulmuş hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının (Milli Televiziya və Radio Şurası) qərarı ilə də həyata keçirilməsini nəzərdə tutur.

Müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, bu dəyişiklikdən sonra Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərrəmli ANS-i bağlayacaq.

"Hər gün Milli Televiziya və Radio Şurasının ANS-i cərimələməsi ilə bağlı xəbərlər oxuyuruq. Əgər belə olarsa, onda onlar ANS-i bağlayacaqlar. Heç olmasa müvafiq dövlət orqanları məsələyə müdaxilə etsin və normal əməkdaşlıq mühiti yaradılsın. Düşünürəm ki, bu dəyişikliyin edilməsi tezdir və sui-istifadə hallarına yol açacaq. ANS ilk özəl televiziyamızdır və bu gün biz onlara ögey münasibəti görürük”.

Deputat Fazil Mustafa da qanun layihəsinə etirazını bildirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə deyib ki, "Televiziya və radio yayımı haqqında” qanunda da nəzərdə tutulur ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) hər hansı televiziyanı bağlaya bilər:

"Azərbaycanda televiziya və radio yayaımı ilə bağlı müvafiq qanun var. Televiziya strateji bir sahədir. Azərbaycanın bütün regionlarında televiziyalar yayımlanır. Ola bilər ki, hər hansı televiziya ölkə əleyhinə müəyyən çağırışlar edir. Hesab edirəm ki, bu qanunla bağlı oxşar təcrübə bir çox dövlətlərdə var. Mən də bu qanuna dəyişikliklərə səs verəcəm”.

Müzakirələrdən sonra dəyişiklik qəbul olunub.



Oxşar Xəbərlər

Xəbər lenti