“Facebook”da bir söz ortaya atır, aləmi bir-birinə qarışdırırlar… – Hadi Rəcəbli

“Facebook”da bir söz ortaya atır, aləmi bir-birinə qarışdırırlar… – Hadi Rəcəbli

 

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinə ötən dövrdə, son payız sessiyası və ondan keçən müddətdə ən çox ünvanlanan müraciət ünvanlı sosial yardımla bağlı olub.

 
 

Yenicag.az-ın etikxeber.az-a istinadən xəbərinə görə, bunu adıçəkilən komitənin sədri Hadi Rəcəbli komitənin MM-in qarşıdan gələn 2019-cu il payız sessiyası ilə bağlı yanvarın 24-də keçirilən ilk iclasında deyib.

O, qeyd edib ki, son payız sessiyasında komitədə 45 məsələ, o cümlədən, 21 qanun layihəsi müzakirə olunub, plenar iclasa tövsiyə edilib və onların qəbulu mümkünləşdirilib:

"Eyni zamanda, komitəyə 648 sənəd daxil olub. Bunların 579- u ərizə və şikayətlər olub. Bizə edilən müraciətlərin ən çoxu isə ünvanlı sosial yardımla bağlıdır. İnsanlar onların da ünvanlı sosial yardımla təmin olunmasını istəyir. Qeyd edək ki, həmin insanların bəzilərinin müraciətləri aiddiyyəti orqan tərəfindən müsbət cavablandırılıb. Amma nə edək ki, hamının müraciətini, arzusunu təmin mümkün olmur. Bu, heç də bizdən asılı olan məsələ deyil”.

Komitə sədri onlara ünvanlanan müraciətlər arasında əlilliklə, səhiyyə ilə bağlı müraciətlərin də olduğunu bildirib:

"Komitəmiz bu çağırışdan səhiyyə məsələləri ilə məşğul olmasa da, yenə də insanlar bizə üz tutur. Çünki bizim komitəyə etimad böyükdür”.

H.Rəcəbli, ümumiyyətlə, qeyd edib ki, Əmək və sosial siyasət komitəsi ən ağrılı problemlərlə məşğul olur, sosial durumu aşağı olan aztəminatlı qrup insanlarla işləyir:

"Məntiqli olaraq, problemlər də meydana çıxır. Bütün hallarda biz əhalinin qaldırdığı problem və məsələlərin həllinə müsbət yanaşırıq, eyni zamanda qayğı göstəririk və müraciətlərinə diqqətlə baxırıq. Prezident İlham Əliyevin mühüm sosial əhəmiyyət kəsb edən humanist təşəbbüsü ilə şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödənişin verilməsinin icrası ilə bağlı bəzi problemlər ortaya çıxdı. Narazı insanların qarşısına çıxdıq, söhbət apardıq. Humanist söhbətlərimizə baxmayaraq, bəzi hallarda saytlar – heç adına müxalif də demək olmaz – bunu yanlış təqdim etdilər. Həmin saytlar bizim işimizi başqa formada çatdırmağa çalışırdılar. Milli Məclisin rəhbərliyinə təşəkkür edirəm ki, onlar gərgin məsələlərin həllində hər zaman bizim yanımızda olublar”.

Musa Quliyev: Özünüməşğulluqla bağlı dinləmələrə ehtiyac var

Adıçəkilən komitənin üzvü Musa Quliyev də ünvanlı sosial yardım məsələsinə toxunaraq, bunun müvəqqi bir layihə kimi nəzərdə tutulduğunu xatırladlıb.

Onun sözlərinə görə, bu baxımdan, bu məsələ ilə bağlı hamının istəyini reallaşdırmaq mümkün deyil.

Millət vəkili sonra komitənin bir sıra məsələlərlə, o cümlədən, özünüməşğulluq məsələsi ilə bağlı dinləmələr keçirməsinin vacibliyini dilə gətirib.

M. Quliyev sosial şəbəkələrdə özünəməşğulluq proqramı çərçivəsində əhaliyə verilən ev heyvanlarından narazılıq edilməsi məsələsinə münasibət bildirərək, bunları qeyd edib:

"Mən bilmirəm bu nə qədər əsaslıdır və ya obyektivdir. Biz qoca heyvanların da şəklini sosial şəbəkədə görürük. Bunlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha interaktiv işlər görməlidir. Mətbuata xidmət işini yaxşı görür, amma bu məsələlərə daha operativ cavab verilməlidir. Çünki bu cənab prezidentin gözəl bir layihəsidir. Biz çalışmalıyıq ki, özünəməşğulluqla bağlı parlamentdə dinləmələr təşkil edək və məsələləri birlikdə müzakirə edək”.

Bu təklif komitə sədri tərəfindən də dəstəklənib.

Komitə sədri bildirib ki, dinləmələr təklifi və praktikası məhz onlar tərəfindən gəlib:

"Bu məsələni ilk dəfə biz qaldırmış, təklif etmiş və ötən müddətlərdə də onun reallaşdırılmasına nail olmuşuq. Odur ki, bu sessiyada da dinləmələr keçirilə bilər. Bu məsələdə Musa müəllimin təklifini dəstəkləyirəm”.

***

Jalə Əliyeva: Yel qayadan nə aparar ki?!

Komitənin üzvü, professor Jalə Əliyeva ötən illər ərzində istər Azərbaycan dövlətinin, istərsə də ölkə parlamentinin müstəqil dövlət quruculuğunda böyük addımlar atdığını, böyük nailiyyətlərə nail olduğunu bildirib:

"Bəzən görürsən ki, bu addımlar, bu inkişaf kimlərisə qıcıqlandırır, narahat edir. Amma atalar məsəlində deyildiyi kimi, "yel qayadan nə aparar ki?!”.

İnkişafımıza, uğurlarımıza atılan daşlar əvvəl-axır onu atanların özünə qayıdır və qayıdacaq. Uğurlarımızın, inkişafımızın üzərinə kölgə salmaq cəhdləri mümkün olmayacaq”.

***

Hadi Rəcəbli: Azərbaycana, Bakıya daxil olanda adamın ürəyi, könlü açılır

Millət vəkilinin fikirlərini H. Rəcəbli davam etdirib.

Qeyd edib ki, Azərbaycanın inkişafı göz önündədir:

"Biz çox ölkələrdə oluruq, gəzirik, görürük. Ancaq Azərbaycana, Bakıya daxil olanda adamın ürəyi, könlü açılır. Hər yerdə inkişaf, gözəllik var. Düzdür, inkişaf, cəmiyyətlər problemsiz də olmur. Heç bir cəmiyyət bunlardan xali deyil. Amma Azərbaycanın böyük uğurları göz önündür. Bununla belə, təəssüf edirəm ki, bəzən hətta, bura girib-çıxanlardan bəziləri də qarayaxmalarla, böhtanlarla məşğul olur. Götürür "facebook”da, sosial şəbəkələrdə bir söz ortaya atır, aləmi bir-birinə qarışdırır, hamısı da yalan, böhtan. Biz də insanıq, biz də nəyisə bu və ya digər formada səsləndirə bilərik…Burada qəribə nə var ki? Amma görürsən ki, yox, demədiyin sözü, fikri başqa cür yozub, böhtana, qarayaxmaya keçirlər…Təəssüflər ki, belələri də var”.

***

Elmira Axundova: Deyirlər ki, bizim kimdən əskikliyimiz var axı?!

Millət vəkili, Xalq yazıçısı Elmira Axundova sosial ipoteka və sosiial evlər məsələsinə toxunub.

Qeyd edib ki, bu məsələlərdə xeyli problemlər var:

"Çünki insanların çoxu bu məsələlərdən kənarda qalır. Bu gün xüsusilə, gənclərin, gənc ailələrin sosial evlərə ehtiyacları var. Amma bir çox hallarda onlar bu məsələdən kənarda qalır və ya sosial ipoteka ala bilmirlər. Məsələn, məişət xidməti sahəsində çalışan insanlar var ki, onlar sosial ipoteka ala, mənzil şəraitlərini yaxşılaşdıra bilmirlər. Məsələn, mənə müaricət edən xanımlar var, onlar deyirlər ki, ayda 600-700, hətta, min manat məvacib alırıq, imkanımız var ki, sosial ipoteka götürək, amma bundan istifadə edə, yaralana bilmirik. Deyirlər ki, bizim kimdən əskikliyimiz var axı?! Ona görə hesab edirəm ki, o insanların da sosial ipotekadan yararlanmalarına imkan yaratmaq lazımdır. Mən eyni zamanda, son vaxtlar aparılan struktur dəyişikliklərinə toxunmaq istəyirəm. Son günlərdə dövlət başçısı tərəfindən bu istiqamətdə çox böyük addımlar atılmaqdadır, bir çox qurumlar, srtukturlar ləğv edilməkdədir. Görün nə qədər lazımsız, xeyirsiz srtukturlar varmış…Elə illərdir mən də bunu deyirdim, bunu söyləyirdim. Sağ olsun cənab prezident, elə bil mənim dediklərimi də eşitdi (gülür)… Mən bu addımları çox dəstəkləyirəm. Eyni zamanda, hesab edirəm ki, ləğv edilən qurumların işsiz qalan əməkdaşları, onların işlə təmin edilmələri də bağlı müvafiq addımlar atılmalıdır”.

Millət vəkilinə komitə sədrindən də dəstək gəlib.

***

Araz Əlizadə gənc nazirləri hədəf aldı…

"Bəzən məmurlar prezidentin bütün əməyini yerə vururlar. Həmkarım Musa Quliyev az öncə çıxışında dedi ki, əhaliyə verilən heyvanların qoca olması ilə bağlı şəkillər yayırlar. O, şəkillərin düz olduğunu bilmir. Amma mən deyim ki, bu şəkillər düzdür. Həmin heyvanlar qocadır”.

Bunu deputat Araz Əlizadə iclasda əhaliyə verilən heyvanlarla bağlı şikayətlərdən danışarkən deyib.

O bildirib ki, nazirlik düşünmədən qərar qəbul edib və əhaliyə yerli heyvanlar verilib:

"Əslində, cins heyvanlar verilməlidir ki, onlar sürülərini inkişaf etdirsin. Axı sən bu heyvanları öz cibindən almırsan! Buna büdcədən pul ayrılır. Cavan-cavan adamlardır, amma yuxarıdan gedirlər. Deyirlər ki, sənə verilən heyvan xəstədirsə, ver bizi məhkəməyə. Yerli bazara kəsilmək üçün heyvan çıxarırlar. Onların da qiyməti 600-700 manatdır. Amma nəzərdə tutulmuş minlik heyvanlardır. Xəstə heyvanlarla o ailə evini necə dolandırsın? Necə inək vermisiz ? Niyə insandan soruşmurlar ki, bu malın keyfiyyəti nədir? Soruşmurlar ki, bunla qazana biləcəksən, məhsul götürə biləcəksən? Gəlin, cənab prezidentin əməyini yerə vurmayaq. Gəlin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işinə diqqət yetirək. Qanunları qəbul etmişik, onların necə işləməsinə də diqqət edək”.

www.yenicag.az



Oxşar Xəbərlər

Xəbər lenti