Qarabağ, Şərqi Zəngəzur keçmiş münaqişə zonasından beynəlxalq dialoq və əməkdaşlıq mərkəzinə transformasiya

Azərbaycan Cənubi Qafqaz tarixində yeni və mühüm bir səhifə açmaqdadır. Bu gün ölkəmiz müasir dünyanın siyasi-iqtisadi proseslərinin mərkəzində dayanan aparıcı dövlətlərdən birinə çevrilmişdir. İstər iqtisadi əməkdaşlıq və inteqrasiya məsələlərində, istər qlobal təhlükəsizlik problemlərinin həllində, istərsə də humanitar əlaqələrin inkişafında Azərbaycanın fəallığı və təşəbbüskarlığı aydın şəkildə müşahidə olunur. Bu uğurların əsasında isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti dayanır.

Dövlətimizin atdığı praktiki addımlar bir daha sübut edir ki, Azərbaycan etibarlı tərəfdaşdır və onunla əməkdaşlıq etmək istəyən beynəlxalq aktorların sayı durmadan artır. Ölkəmiz müxtəlif sahələr üzrə məsələlərin həllində geniş potensiala malik olmaqla yanaşı, regionda yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasında da əsas təşəbbüskar kimi çıxış edir. Bu baxımdan Cənubi Qafqazda yeni əməkdaşlıq platforması ideyası — “3+3” təşəbbüsü — məhz Azərbaycanın siyasi iradəsinin nəticəsidir və regionda inteqrasiya imkanlarını genişləndirən mühüm amil kimi qiymətləndirilir.

Cənubi Qafqazın unikal geosiyasi mövqeyi xüsusi diqqətə layiqdir. Bu mənada Azərbaycanın strateji yerləşməsi daim ön plana çıxır. Məşhur politoloq Zbignev Bjezinskinin vaxtilə qeyd etdiyi kimi, Azərbaycan zəngin təbii ehtiyatlara malik region üçün bir növ giriş qapısı rolunu oynayır. Bu fikir bu gün də aktuallığını qoruyur və Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırır.

Hazırda Azərbaycan yalnız beynəlxalq münasibətlər sistemində fəal iştirak etməklə kifayətlənmir, eyni zamanda öz ərazilərini də qlobal proseslərin aktiv iştirakçısına çevirir. Qarabağ və Şərqi Zəngəzur bölgələri bu gün artıq beynəlxalq tədbirlərin keçirildiyi, dialoq və əməkdaşlığın inkişaf etdiyi mühüm mərkəzlərdən birinə çevrilmişdir.

İşğaldan azad edilmiş ərazilərlə bağlı dövlət başçısı tərəfindən verilən vədlər bu gün reallığa çevrilməkdədir. Bu ərazilərin dünyanın ən gözəl guşələrindən birinə çevrilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın öz resursları hesabına aparılır. İlk növbədə regionun strateji idarə olunması üçün konseptual əsaslar yaradılmış, daha sonra isə sistemli şəkildə infrastruktur layihələrinə start verilmişdir.

Qısa zaman kəsiyində Qarabağ və Şərqi Zəngəzur bölgələri dərin transformasiya mərhələsindən keçmişdir. Vaxtilə işğal altında olan bu ərazilər bu gün sürətlə beynəlxalq əməkdaşlıq və inteqrasiya məkanına çevrilir. Xüsusilə 2023-cü ildən sonra Xankəndi şəhərinin beynəlxalq tədbirlərdə rolu əhəmiyyətli dərəcədə artmışdır. Bu kontekstdə regionda inşa olunan üç beynəlxalq hava limanı dövlət başçısının strateji uzaqgörənliyinin bariz nümunəsidir.

Artıq beynəlxalq ictimaiyyət Qarabağ və Şərqi Zəngəzur bölgələrini Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edir. Bu, həm siyasi, həm də psixoloji baxımdan mühüm nailiyyətdir. Həmin ərazilərdə keçirilən mötəbər tədbirlər, o cümlədən iqtisadi əməkdaşlıq sammitləri, beynəlxalq forumlar və media görüşləri bu reallığın möhkəmlənməsinə xidmət edir.

Eyni zamanda türk dünyasının birliyini ifadə edən mühüm tədbirlərin də bu bölgədə keçirilməsi xüsusi simvolik məna daşıyır. Bu, Qarabağ və Şərqi Zəngəzurun yalnız Azərbaycanın deyil, bütövlükdə türk dünyasının ortaq dəyəri olduğunu nümayiş etdirir.

Bərpa və quruculuq işləri çərçivəsində müasir yanaşmalar — “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları geniş tətbiq olunur. Bu isə həmin ərazilərdə məskunlaşan əhalinin yüksək həyat şəraiti ilə təmin edilməsinə, məşğulluğun artırılmasına və dayanıqlı inkişafın təmin olunmasına imkan yaradır.

2021–2025-ci illər ərzində bu məqsədlə təxminən 22 milyard manat vəsait sərf edilmişdir. Dövlət başçısının açıqlamalarına əsasən, 2026-cı ilin sonuna qədər 140 minə yaxın vətəndaşın bu ərazilərdə məskunlaşdırılması planlaşdırılır.

Nəticə etibarilə, Azərbaycan Qarabağ və Şərqi Zəngəzur bölgəsi vasitəsilə dünyaya unikal bir dirçəliş modeli təqdim edir. Qısa müddət ərzində sıfırdan qurulan şəhər və kəndlər, yaradılan müasir infrastruktur və davamlı inkişaf strategiyası ölkəmizin gücünü, iradəsini və strateji baxışını aydın şəkildə nümayiş etdirir.

Bu gün Azərbaycan dövlətinin əldə etdiyi uğurlar, həyata keçirdiyi genişmiqyaslı layihələr və formalaşdırdığı yeni reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir. Bu isə ölkəmizin qlobal miqyasda nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.

Elşad Mirbəşiroğlu
politoloq, elmlər doktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti