İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr

yaşadıqlarının müəyyən hissəsini yaşaya bilər. Bu adsız qəhrəman əslində həyatın sərt yollarında yorulmuş, insanlara inamı sarsılmış, tənhalığın ağır yükü altında əzilən bütün insanların simvoluna çevrilir. Əsərdə tənhalıq xəttinin xüsusi ağırlığı hiss olunur. Tənhalıq burada sadəcə insanın yanında adam olmaması deyil. Bu, insanın öz içində tək qalmasıdır.

Qəhrəmanın "Bu ahıl çağımda, yan-yörəmdə gül hədiyyə verəsi heç kimim yoxdu..." fikri əsərin emosional yükünü daşıyan ən ağır məqamlardan biridir. Bu cümlədə bütöv bir insan ömrünün yorğunluğu görünür. Müəllif burada çox mühüm sosial bir problemə də toxunur. Müasir insanın faciəsi bəzən yoxsulluq və ya fiziki ağrı deyil. Ən böyük faciə insanın mənəvi tənha qalmasıdır. Povest boyu müəllif çox zəngin bədii simvollar sistemi yaradır. Labirint insan şüurunun dolaşıqlığını ifadə edir. Pilləkənlər həyat mərhələlərinin metaforasına çevrilir. Yağış göz yaşlarını və mənəvi təmizlənməni simvolizə edir. Dəniz insan ruhunun dərinliyini göstərir. Kilim isə yaddaşın və insan taleyinin ilmələrini özündə birləşdirən mühüm bədii detal kimi təqdim olunur. Xüsusilə ana ilə bağlı xatirələrin verilməsi olduqca təsirlidir. Müəllif ana obrazını birbaşa səhnəyə gətirməsə də, onun ruhunu bütün əsər boyu yaşatmağı bacarır. Ana burada yaddaşdır, mərhəmətdir, uşaqlıqdır, itirilmiş rahatlıqdır. Qəhrəman hər dəfə çıxılmaz vəziyyətə düşəndə düşüncələri onu yenidən anaya aparır. Bu isə insan psixologiyasının çox həssas nöqtəsinə toxunur. Çünki insan ən ağır anlarında şüuraltı olaraq özünü ən təhlükəsiz hiss etdiyi limana qayıdır.

Dil və üslub baxımından da “LABİRİNT” fərqlənir. İmamverdi İsmayılov xalq dilinin canlılığını qorumaqla bədii düşüncə ilə publisistik nəfəsi uğurla birləşdirə bilib. Əsərdə xalq təfəkkürünün dərin qatlarından gələn ifadələr xüsusi yer tutur. Məsələn, "Kədərin dərəcəsi yoxdu, qədəri var." "İnsan var – içində xurma yetişdirir, insan var – zəqqum." "Böyüklük boyla deyil, ürəklə ölçülər." Bu tip ifadələr sadəcə bədii cümlələr deyil, həyat müşahidələrinin fəlsəfi nəticəsidir.
Əsərin sonluğu da xüsusi təsir gücünə malikdir. Yağış yağır, qaranlıq şəhərin üzərinə çökür, azan səsi gecənin səssizliyini yarır. Müəllif burada ölüm, dua və sonsuzluq hisslərini vahid bir mənəvi mənzərədə birləşdirə bilir. Oxucu əsərin sonunda dəqiq cavab almır. Qəhrəmanın taleyi tam aydınlaşdırılmır. Böyük ədəbiyyatın gücü də elə məhz bundadır. O, hər şeyi demir. Yazıçı yalnız ipucunu verir, hekayəni tamamlamaq və ona can vermək isə oxucunun daxili dünyasına düşən paydır.

“LABİRİNT” yalnız bir insanın hekayəsi deyil. Bu, insan ruhunun yorğunluğu, zaman qarşısında acizliyi, tənhalığın ağırlığı və yaşamaqla yox olmaq arasında qalan insanın mənəvi salnaməsidir. İmamverdi İsmayılov bu əsərdə müasir insanın görünməyən ağrısını duymağa və anlatmağa çalışıb. Və bunu yüksək peşəkarlıqla, səmimi müşahidələrlə və güclü psixoloji təsvirlərlə bacarıb.

Bu əsər oxunub bitən deyil. Əsər bitəndən sonra belə oxucunun daxilində yenidən başlayır...



Azər Məmmədov
aia.az



Oxşar Xəbərlər

Xəbər lenti