8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Naftalanda məmur həbsi gözlənilir
Prezident İlham Əliyev mayın 18-də imzaladığı sərəncamla Natiq Musa oğlu Aslanov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad etdi. Prezidentin başqa bir sərəncamilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi.
Natiq Aslanov ən gənc icra başçılarından biri hesab olunurdu və 2010-cu ildə icra başçısı təyin edilən zaman 34 yaşı vardı. 2010-cu ilin yanvarında 34 yaşı tamam olmamış Natiq Aslanovu Naftalan kimi bir şəhərə icra başçısı təyin edilməsi təəccüblə qarşılanmışdı. O zaman təəcübə səbəb olan icra başçısının nisbətən gənc olması deyildi. Məlum olduğu kimi Naftalan şəhərinin iqtisadiyyatının əsasını müalicəvi sağlamlıq müəssisələri, sanatoriyalar tutur. Natiq Aslanov isə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının məzunu kimi tanınırdı. Onun bu ali məktəbi 1998-ci ildə bitirməsi haqqında məlumat olsa da, ali məktəbə nə zaman qəbul olunması haqqında məlumatlar yoxdur. Bu başqa bir araşdırmanın mövzusudur. Hələlik isə qeyd edək ki, Natiq Aslanovun 2000-2004-cü illərdə "Kəpəz” firmasında alqı-satqı üzrə menecer işlədiyi qeyd olunur ki, bu firmanın da onun əmisi oğlu, 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Mahir Aslanova məxsus olduğu qeyd olunur. Yeri gəlmişkən, "Kəpəz-F” Məhdud Məsuliyyətli Cəmiyyətinin də deputat Mahir Aslanova məxsus olduğu haqqında iddia var. Biz bu iddianı araşdırmağa çalışacağıq. Hələlik isə qeyd edək ki, Mahir Aslanovun deputat seçilməsində ARDNŞ-də yüksək vəzifəli şəxslərindən biri olan Bədəl Bədəlovun önəmli rol oynadığı haqqında məlumatlar var. Bu iki şəxs yaxın qohumdurlar.
Naftalan şəhəri Azərbaycan Dövlət Neft Şirkətinin nəzarətində olan bölgədir. Bu bölgədə istehsal olaunan Naftalan nefti SOCAR-a məxsusdur. Bu isə Naftalan nefti üzərində qurulmuş sanatoriya və sağlamlıq mərkəzlərinin SOCAR-dan asılı olması deməkdir. Dolayısı ilə Naftalan şəhərində sosial-iqtisadi həyat SOCAR-dan birbaşa asılıdır. Buna görə də, 2005-2007-ci illərdə ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru, 2007-2011-ci illərdə isə Sosial İnkişaf İdarəsinin rəisi, 2011-ci ildən isə ARDNŞ-nin Sosial məsələlər üzrə vitse-prezidenti olan Bədəl Bədəlovun yaxın qohumlarının Naftalanda əsas söz sahibləri, deputat və icra başçısı olmaları təəccüblü görünməməlidir. Çox maraqlıdır ki, Natiq Aslanovdan sonra Naftalan şəhər icra hakimiyyətinin başçısı təyin olunan Rövşən İbrahimovun da neft şirkəti ilə bağlı olmasıdır. Bu isə Naftalan şəhərinin Rövnəq Abdaullayevin nəzarətində qalması, SOCAR prezidentinin bu şəhər üzərində nəzarəti Bədəl Bədəlovdan alması kimi də qəbul oluna bilər. İstisna deyil ki, Rövnəq Abdullayev Bədəl Bədəlovla yollarını ayırmağa hazırlaşır. Görünür Naftalanda məmur həbsi gözlənilməsi haqqında rəylər də məhz Rövnəq Abdullayevin Bədəl Bədəlovla yollarını ayırmağa hazırlaşması haqqında şaiyələrin yayılmasından qaynaqlanır. Bu şaiyələrin isə nə qədər həqiqətə uyğun olub-olmadığını yaxın günlərdə görəcəyik. Hələlik isə "Kəpəz-F” Məhdud Məsuliyyətli Cəmiyyətinin də deputat Mahir Aslanova məxsus olması ilə bağlı araşdırmalarımızı davam etdirməyə çalışacağıq.
Yeri gəlmişkən, icra başçısı dəyişdikdən sonra bəzi sağlamlıq mərkəzlərinin, xüsusilə də "Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzi və” Kəpəz” Sanatoriyasının problemləri yarana bilər. Eyni zamanda 2015-ci ildə inşa edilən "Kəpəz”sanatoriyasının sabiq icra başçısının ailə biznesinə aid olması haqqında iddialar da var.
A.Nəbiyev,
"Yeni Sözçü” qəzeti