İcra başçısı dəyişdiriləcək rayonlar-Siyahı

 

İcra başçısı dəyişdiriləcək rayonlar-Siyahı

 Oliqarxların kadrları vəzifələrini itirəcək

 

 

Hacıbala Abutalıbovun baş nazir müavini təyin edilməsi ilə Bakı şəhər icra hakimiyyətinin başçısı vəzifəsindən kənarlaşdırılması prosesi  işə düşmüş oldu. Prezident İlham Əliyevin 21 aprel 2018-ci ildə imzaladığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı elan olunduqdan sonra Hacıbala Abutalıbovun baş nazirin müavini təyin edildiyi məlum oldu. Hələlik onun Bakı şəhər icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam elan olunmayıb. Ancaq yaxın günlərdə bununla bağlı sərəncamın elan olunacağı gözlənilir. Bu həftə paytaxt merinin kimliyinə də aydınlıq gətirilə bilər.

Əziz Əzizov Yasamal rayon icra hakimiyyətinin başçısı təyin edildikdən sonra Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı postu da vakant olaraq qalır. Bu vəzifəyə yaxın günlərdə təyinat ola bilər. Faktiki olaraq vakant olan bu iki icra başçısı postu ilə yanaşı yaxın günlərdə bir neçə rayonun icra başçısı postuna təyinatlar ola bilər.

"Yeni Sözçü” qəzetinə iqtidara yaxın mənbələrdən daxil olan məlumata görə, yaxın günlərdə başçısı dəyişdiriləcək rayonların siyahısı müəyyən edilib. Belə ki, yaxın günlərdə Ağsu rayon icra başçısı Ənvər Seyidəliyev vəzifəsindən azad ediləcəyi iddia olunur. Sabiq əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun dayısı olan Ənvər Seyidəliyevlə bağlı qərar, hətta bu həftə içində elan oluna bilər. Əgər, sabiq əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov haqqında cinayət işi qaldırılsa, Ağsu rayonunda ciddi yoxlamalar olacaq. Qeyd edək ki, bu rayonda ciddi maliyyə fırıldaqları olması haqqında iddialar var və bu məsələ ilə bağlı araşdırma aparmağa çalışacağıq.

Vəzifəsini itirəcək icra başçılarının arasında Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov, Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov, Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov, Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov, Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev, Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov, Ağdaş rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimovun adı olacaq. Vəzifəsini itirəcək bu şəxslərin bir çox yaxın bir ay ərzində, digərləri isə payıza kimi kürsüləri ilə vidalaşmalı olacaqlar. Sabiq vergilər naziri Fazil Məmmədovun kadrları hesab olunan Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov, Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun yaxın bir ay ərzində vəzifələrindən kənarlaşdırılacağı, onların fəaliyyətinin araşdırılacağı gözlənilir. Yeri gəlmişkən qeyd edək Fazil Məmmədovun kadrlarının maliyyə fəaliyyətinin araşdırıldığı haqqında məlumatlar var. Bu məlumatları dəqiqləşdirməyə və Binəqədi, Gədəbəy, Şəmkir və Qazax rayonlarında baş vermiş şübhəli maliyyə əməliyyatları ilə bağlı "Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu tərəfindən də araşdırılma aparılır. Həmin araşdırmaları yaxın saylarımızada oxucularımıza təqdim edəcəyik.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Arif Əsgərovun qardaşı Ayaz Əsgərovun vəzifəsindən kənarlaşdırılmasına sayılı günlər qalıb.

Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov və Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev isə fəaliyyətlərində yol verdikləri nöqsana görə vəzifələrindən kənarlaşdırlacaqlar. Əgər, yeni kənd təsəürraftı naziri İnam Kərimov sələfi Heydər Əsədovun rəhbərliyi dövründə bu rayonlara verilmiş subsidiyaları araşdırsa, hər iki icra başçısına ciddi problemlər yaranacaq. Eyni sözləri Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov haqqında da demək olar.

Xaçmaz və Ağdaş rayon icra hakimiyyətlərinin başçıları Şəmsəddin Hacıyev və Tofiq İbrahimov vəzifələrindən səhhətlərinə görə kənarlaşdırıla bilərlər. 79 yaşlı Şəmsəddin Xanbabayevin özünün istefa ərzəsi yazması haqqında məlumatlar var.

Yuxarıda adları qeyd edilən icra başçılarından başqa Goranboy Rayonu İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, Kürdəmir rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev, Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov da vəzifələrini itirmək təhlükəsi qarşısında qalan məmurlardandır. 26 il ərzində Xocavənd rayon icra hakimiyyətinə rəhbərlik edən Eyvaz Hüseynovun yaxın iki il ərzində vəzifəsindən kənarlaşdırılacağı gözlənilir.

Vəzifəsindən azad olunacaq icra başçılarının yerinə isə heç bir oliqarxa bağlı olmayan məmurlar gətiriləcək. Bununla oliqarxların siyasi hakimiyyətdəki çəkiləri və iqtisadiyyat üzərindəki nəzarətləri azaaldılacaq. Ekspertlər bu kadr dəyişikliklərinin müsbət nəticələr verə biləcəyini qeyd edirlər. Mövzunun aktuallığını nəzərə alıb, diqqətdə saxamağa çalışacağıq.

Azad AYDIN,

"Yeni SÖZÇÜ” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti