8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu gün Məhkəmə-Hüquq Şurasının bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə geniş iclası keçirilib.
Sozcu.info Məhkəmə-Hüquq Şurasına istinadən xəbər verir ki, iclasda ötən il görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, ötən il Məhkəmə-Hüquq Şurasının iclaslarında ədalət mühakiməsinin səmərəliliyinin artırılması və işin keyfiyyətinin yüksəldilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və məsuliyyət hissinin artırılması, korrupsiya, süründürməçilik və digər neqativ halların aradan qaldırılması, habelə hakimliyə namizədlərin seçimi ilə bağlı bir çox məsələlərə baxılaraq konkret qərarlar qəbul edilib:
"Məhkəmə səhvlərinin azaldılmasında hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq bütün hakim korpusunu əhatə edən silsilə təlimlər təşkil olunmuş, mövcud pozuntular və onların aradan qaldırılması, hakimlərin davranışı, məhkəmə idarəçiliyi, sənədlərin keyfiyyətli tərtibi ilə bağlı mövzuların tədrisinə üstünlük verilib".
Nazirin sözlərinə görə, mülki dövriyyənin inkişafı, məhkəmələrə əlçatanlığın asanlaşması və insanların etimadının nəticəsidir ki, 2016-ci ildə mülki sahə üzrə məhkəmələrə müraciətlərlərin sayı 45%-dək çoxalaraq, 470 mini ötüb (məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə 20 dəfədən çox). Birinci instansiya məhkəmələrində isə mülki xarakterli iddiaların 96,8%-i, inzibati mübahisə üzrə iddiaların isə 84.4%-i təmin edilib: "Mülki xarakterli işlər üzrə yekun qərarların 98,5%-nin, inzibati işlər üzrə qərarların isə təxminən 90%-nin dəyişdirilməyərək sabit qalması hüquqların məhkəmə müdafiəsinin real göstəricisi olub".
İclasda həmçinin, Şuranın yeni qanunvericilikdən irəli gələn vəzifələri müzakirə edilərək, 2017-ci ildə səlahiyyət müddəti başa çatan 130-dan çox hakimin fəaliyyətinin prinsipial qiymətləndirilməsi ilə bağlı konkret tapşırıqlar verilib. Ölkə başçısının korrupsiya ilə qəti mübarizə aparılması, məhkəmə qərarlarının ədalətliliyi, qərəzli yanaşmanın aradan qaldırılması, vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması ilə bağlı tapşırıqları diqqətə çatdırılaraq, hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının qətiyyətlə alınmasının vacibliyi vurğulanıb.
İclasda qeyd olunub ki, ötən il vətəndaşların haqlı narazılığını doğuran pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 12 hakim intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.
Tədbirdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev və digər Şura üzvləri məhkəmə fəaliyyətinin təkmilləşməsi, vahid məhkəmə təcrübəsinin və ədalətli cəza siyasətinin formalaşması məqsədilə aparılan təhlillərin və cinayət qanunvericiliyinin humanistləşdirilməsi məsələlərinin aidiyyəti qurumlarla birgə müzakirəsinin, məhkəmə proseslərində müasir texnoloji yeniliklərin tətbiqinin zəruriliyini qeyd ediblər.
Şurada həmçinin, qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Gəncə şəhəri Nizami rayon məhkəməsinin hakimi Mahir Niftəliyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi qərara alınıb, Sumqayıt apellyasiya məhkəməsinin hakimi Səyyad Qafariyə töhmət verilmiş, məhkəmənin digər hakimləri Elman Rəhimov və Lətifə Məmmədovaya, Bakı Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Vəliyevə, Masallı rayon məhkəməsinin hakimi Anar Alməmmədova, İmişli rayon məhkəməsinin hakimi Ülvi Qənbərova irad tutulub.