8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
59 yaşlı Şirvan şəhər sakini 17 il gəmidə çalışıb. Cənubi Afrikaya səfər zamanı xəstələnib, orada xəstəxanada müalicə alıb. Elə el arasında daha çox SPİD adlandırılan QİÇS xəstəliyinə də Afrikadakı xəstəxanada yoluxdurulub.
Afrikada, özü də xəstəxanada virusa yoluxma faktı Azərbaycanda ilk dəfədir ki, qeydə alınıb. Hazırda QİÇS-lə Mübarizə Mərkəzində müalicə alan keçmiş gəmiçi başına gələnləri virtualaz.org saytının əməkdaşına danışıb. O, SPİD-ə yoluxmuş insanlara qarşı münasibətin dəyişməsinin və xəstəliklə bağlı maarifləndirmənin tərəfdarıdır.
"Malyariyadan müalicə edib, SPİD-ə yoluxdurdular”
Gəmiçi deyir ki, Afrikada qəribə xəstəliyə yoluxub, xəstəxanada ona malyariya diaqnozu qoyublar. "Elə bil dərimin altında həşəratlar gəzirdi. Günlərlə xəstəxanalarda müalicə olundum, dedilər ki, malyariyaya yoluxmuşam. Orada iynələr, sistemlər edirdilər. Azərbaycana geri dönəndən sonra isə şiddətli ağrılar başladı, arıqlayaraq tanınmaz hala düşdüm”, - gəmiçi danışır.
Şirvan Diaqnoztika Mərkəzində aparılan müayinələrdən sonra ona QİÇS diaqnozu qoyulur. Amma müsahibimiz narkotik istifadəçisi olmadığını, yüngül həyat tərzi keçirən qadınlarla yaxınlıq etmədiyini əsas gətirərək, diaqnoza inanmayıb. Buna görə də, İrana üz tutub. "Şirvanda həkimlərin diaqnozuna inanmadım, İrana getdim. Tehrandakı xəstəxanada SPİD-ə yoluxduğumu təsdiqlədilər. Artıq 5 ildir həm hepatit C, həm də SPİD-dən müalicə alıram. İlk günlər vəziyyətimi evdə gizlədirdim, uşaqların mənə yaxınlaşmasına icazə vermirdim, düşünürdüm ki, onları qucaqlasam, mənim qabımda yemək yesələr virusa yoluxacaqlar. Səhhətimdə yaranan problemlər, bir yandan da yaxınlarımla münasibətimin pozulacağı qorxusu vaxtında müalicə almağıma imkan vermədi. Mənim kimi digər xəstələri də məhz cəmiyyətin münasibəti qorxudur. Halbuki, SPİD-ə yoluxmuş xəstələr də normal insanlar kimi yaşayır, işləyir. İndi bilirəm ki, öpüşmə və ya eyni qabda qidalanma ilə başqasını yoluxdurmuram”, -gəmiçi deyir.
Müsahibizim onu da əlavə edir ki, indi bütün yaxınlarına ildə heç olmasa iki dəfə analiz vermələrini təklif edir. Çünki SPİD təkcə narkomanların və fahişələrin xəstəliyi deyil. Bu xəstəliyə təsadüfən yoluxan minlərlə insan var.
Heç kim bu virusdan sığortalanmayıb
Bunu isə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyir. Onun sözlərinə görə, müraciət edən xəstələr arasında həyat yoldaşı tərəfindən yoluxdurulmuş gənc qadınlar çoxdur. "Məsələn, Rusiya və ya Ukraynaya gedən əmək miqrantları orada təsadüfi cinsi əlaqədən yoluxublar, Azərbaycana geri qayıdandan sonra həyat yoldaşlarını da yoluxdurublar. Xüsusilə, rayonlarda belə faktlar çox qeydə alınır. Gələn xəstələrdən birinin aiəsi yaxın qohum idi. Qız yoluxandan sonra ailələr arasında dava düşmüşdü”, - N.Zülfüqarov deyir.
Nikaha daxil olan cütlüyün məcburi müayinəyə cəlb edilməsindən sonra viruslara yoluxma riski azalır. Lakin erkən nikah və hələ də nikahsız evlənənlərin olduğunu nəzərə alsaq, təhlükənin sovuşmadığını söyləyə bilərik.
Seks-biznes nümayəndələrini gözləyən təhlükə
Son illər ölkəyə turist axını artıb. Sosial şəbəkələrdə xüsusilə ərəb turistləri ilə cinsi münasibətdə olan gənc qadınlar haqda və onların vasitəsilə HİV, sifilis, hepatit kimi virusların yayılma ehtimallarından danışılır. Amma Natiq Zülfüqarov deyir ki, seks-biznes nümayəndələri arasında HİV-ə yoluxma faizi azdır: "Hər 2-3 ildən bir risk qrupları arasında kəşfiyyat xarakterli epidemioloji nəzarətlər, müayinələr aparılır. Bununla da, risk qrupları arasında virusun yayılma səviyyəsi öyrənilir. Sesk-biznes nümayəndələri arasında yayılma halları aşağıdır, lakin bu o demək deyil ki, onlar yoluxmadan sığortalanblar”.
Mütəxəssis deyir ki, sadəcə olaraq, seks-biznes nümayəndələri arasında maarifləndirmə tədbirləri nəticəsini verib. Bundan əlavə, artıq onlara pulsuz qoruyucular paylanılır. Buna görə də, yoluxma faizi azdır. Rəsmi statistikaya görə, HİV-ə yoluxanların əksəriyyəti narkotik istifadəçiləridir.
Narkotik bəlası
Yenə rəsmi statistikanı qeyd edək, HİV-ə yoluxanların 50 faizdən çoxu narkotik istifadəçisidir. Yoluxmaların faiz göstəricisinə görə bölgələr arasında ilk yeri Şirvan və Hacıqabul tutur. Bundan sonra siyahıda Astara, Lənkəran, Masallı, Yevlax, Göyçay və Bakı gəlir. Görünür ki, narkotik istifadəçilərinin say göstəricisi yüksək olan bölgələrdə virusa yoluxanlar da çoxdur. Məsələn, Şirvan və Hacıqabul bölgəsi narkotrafik ərazi hesab edilir. Hazırda mərkəzdə müalicə alan xəstələrin əksəriyyəti də narkotik istifadəçiləridir.
O ki qaldı virusa yoluxanların rəsmi statistikasına, bu ilin əvvəlinə olan göstəricilərə görə, 5107 nəfər rəsmi qeydiyyatdadır. Amma mərkəzin apardığı tədqiqatların nəticələrindən HİV-ə yoluxanların sayının təxminən 8200 nəfər olduğu güman edilir.
Müraciət edənlərin anonimliyi tam qorunur
Gəmiçinin qeyd etdii kimi, SPİD-ə yoluxanların çoxu yaxınlarının, cəmiyyətin münasibətindən çəkinir. Halbuki, xəstəliyin erkən mərhələdə aşkarlanması müalicənin effektliyi üçün əhəmiyyətlidir. Zülfüqarov deyir ki, QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etməklə 10 dəqiqə ərzində HİV-ə yoluxub-yoluxmadığını öyrənmək mümkündür. "4-cü nəsil testləri ilə 7-8 dəqiqə ərzində cavab verilir. Amma təbii ki, bütün müayinələrdə yanılma ehtimalı var. Buna görə də, diaqnoz qoyularkən hərtərəfli müayinə aparılır. Mərkəzin laboratoriyasında gün ərzində 5 min analiz aparmaq mümkündür. Analizlər nəticəsində HİV və ya QİÇS aşkarlanan xəstələrin anonimliyi tam qorunur. Buna görə də, istənilən şəxs rahatlıqla müraciət edərək müayinə oluna bilər”, - Zülfüqarov əlavə edir.
Həkim söyləyir ki, xəstəliyin 4 mərhələsi var. Virus vaxtında aşkarlandığı halda xəstənin müalicəsinin effektliyi daha yüksək olur və təbii ki, həmin şəxsin daha uzunömürlü olmasına da təsir edir. Virus birinci və ikinci mərhələdə aşkarlandığı halda, QİÇS mərhələsinə keçməsinə imkan verilmir. Müayinələrin anonimliyi də istənilən şəxsin çəkinmədən müraciət etməsinə imkan yaratmağa xidmət edir.
Bu virusa yoluxanların müalicəsi ömür boyu davam edir. "Bəzən görürsən ki, xəstə özünü yaxşı hiss edir. Dərmanların vaxtlı-vaxtında qəbuluna fikir vermir. Bu isə yolverilməzdir. Belə xəstələr ömür boyu həkim nəzarətində qalmalıdırlar”, -Zülfüqarov deyir.
Azərbaycan azsaylı ölkələrdəndir ki, qeydiyyatda olan xəstələri pulsuz dərmanla təmin edir: "Dünyanın heç bir ölkəsində QİÇS-ə yoluxmuş şəxsin tam müalicəsi yoxdur. Azərbaycanda tətbiq edilən dərmanlar ABŞ və Afrikada istifadə olunan dərmanlardır. Hazırda QİÇS-in müalicəsində tətbiq edilən ən effektli dərmanlardır və bu dərmanlardan istifadə edənlər uzun illər, 20-25 ildən çox yaşayırlar”. Regional mərkəzlər də var. Xəstələr yol və vaxt itkisi olmadan dərmanları oradan ala bilirlər. Qayıdaq anonimliyin qorunması məsələsinə, mərkəzin fəaliyyəti elə qurulub ki, həkim və ya aptek işçisi belə xəstənin adını, soyadını bilmir. Həkimin yazdığı reseptin üstündə xəstənin HİV kodu yazılır. Aptek həmin koda uyğun dərmanları verir.
Xəstə ana sağlam övlad dünyaya gətirə bilər
Dərmanların köməyi ilə dünyaya sağlam övlad gətirmək mümkündür. Zülfüqarov deyir ki, sadəcə olaraq, dərmanları düzgün və vaxtında qəbul etmək lazımdır. O ki qaldı virusun anadan uşağa yoluxdurulma faktına, hamilə qadınlar arasında HİV-ə yoluxma 0,03% olub. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, bu göstərici 1 faizdən yüksək olduğu halda epidemioloji hal kimi qiymətləndirilə bilər. Məsələn, Afrika ölkələrində hər 10 hamilə qadından 6-da QİÇS qeydə alınır.
QİÇS ölümcül xəstəliklərin siyahısından çıxarılıb
ÜST QİÇS-i ölümcül xəstəliklər siyahısından çıxararaq ağır xəstəliklər siyahısına əlavə edib. Ona görə ki, təyin edilmiş dərmanları qəbul edən xəstələr həyat fəaliyyətini davam etdirə, dünyaya sağlam övlad gətirə bilirlər. "Mərkəzin mütəxəssisləri ticarət mərkəzlərində, avtovağzalda, əhalinin sıx olduğu ərazilərdə aksiya keçirirlər. Məqsəd virusun aşkarlanması və əhalinin məlumatlandırılmasıdır. Bəzən görürsən ki, hətta QİÇS-lə bağlı bəzi həkimlərin tam məlumatı yoxdur. Bir çoxları mərkəzimizin yanından keçməkdən çəkinirlər. Məsələn, vərəm hava-damcı yolu ilə keçir, amma QİÇS daha təhlükəsizdir”, - Zülfüqarov deyir.
QİÇS cinsi əlaqə, narkotik istifadə və anadan uşağa ötürmə yolu ilə keçir. Bu virusa yoluxan yaxınlarınızla yemək yeyə, öpüşə bilərsiz.
Ülviyyə Xudiyeva
Foto Samirə Həsənovanındır