8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sabiq Aparat rəhbərinin mesajı kimlərə ünvanlanıb?
Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dövlət vəsaitini mənimsəməkdə şübhəli və günahkar bilinib, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 13 il müddətinə azadlıqdan məhrum edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun daxil olduğu qrupun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edir.
Qeyd edək ki, rabitə və yüksək texnologiyalar nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəsissələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində ittiham olunurdu. Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində bütün ittihamlar öz təsdiqini tapdığı üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı tərəfindən təqsirləndirilən V. Zeynalovun 14 il müddətinə şərti olaraq azadlıqdan məhrum olunmasını istəmiş, məhkəmə "hümanizm” göstərərək onu 13 il müddətinə həbsə məhkum etmişdi. Ancaq məhkəmənin bu "humanizm”i ilə barışmayan Vidadi Zeynalov və onunla birlikdə "Rabitə işi” üzrə həbs olunanlar apellyasiya şikayəti vermişdilər. Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrlik etdiyi iclasda çıxış edən Vidadi Zeynalov özünü yalnız dövlət başçısının qarşısında günahkar bildiyini bəyan edib və məhkəmədən kiminsə tapşırığını icra etməməyi bəyan edib: "Alnı açıq, üzü ağam. Cəzam varsa, qanuni cəza təyin edin. Kimlərinsə tapşırığını icra etməyin”.
Çox maraqlıdır, görəsən Vidadi Zeynalov özünü yalnız dövlət başçısının qarşısında günahkar hesab edir dedikdə nəyi nəzərdə tutub. Axı dövlət başçısının qarşısında günahkar olmaq hüquqi məsuliyyət doğurmur. Bu olsa-olsa siyasi və mənəvi məsuliyyət doğura bilər. Eyni zamanda Vidadi Zeynalov Bakı Ağır Cinayətlər Məhkəməsini, daha dəqiq desək hakim Əfqan Hacıyevin rəhbərlik etdiyi hakimləri sifarişlə hökm verməkdə ittiham edir. Eyni zamanda Vidadi Zeynalovun çıxışından belə qənaət yaranır ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, onun struktur qurumlarının və tabeçilikdə olan müəsissə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə başlanmış cinayət işinin istintaqını həyata keçirən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi də işi ədalətli aparmayıb. Beləliklə, 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsi və israf edilməsində ittiham olunan birinci instansiya məhkəməsi tərəfindən günahkar hesab olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilən Vidadi Zeynalov Azərbaycan hüquq-mühafizə orqanlarının fəaliyyətini faktiki olaraq şübhə altına alır.
Vidadi Zeynalovun Bakı Apellyasiya Məhkəməsində bütün ittihamları rədd etməsi isə təsadüfi ola bilməz. İstisna deyil ki, Vidadi Zeynalov sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Azərbaycan Milli Elmlər Akademiyasında müşavir vəzifəsinə təyin olunmasından sonra özünün də azadlığa çıxa biləcəyi qənaətinə gəlib. Eyni zamanda Vidadi Zeynalovun Bakı Apellyasiya Məhkəməsində çıxışı zamanı "Mən rəhbərliyin verdiyi tapşırıqları sədaqətlə yerinə yetirmişəm” deməsini də yükəsk vəzifəli məmurlara və keçmiş rabitə və yüksək texnologiyalar naziri, hazırda AMEA prezidentinin müşaviri olan Əli Abbasova ünvanlanmış mesaj da saymaq olar. Eyni zamanda belə rəy yaranır ki, Vidadi Zeynalov apellyasiya şikayəti əsasında azadlığıa çıxa biləcəyinə və yaxud da cəzasının əsaslı şəkildə yüngülləşdirilməsinə ümid edir. Ona görə də hələ ad çəkmir və ümumi şəkildə "Mən rəhbərliyin verdiyi tapşırıqları sədaqətlə yerinə yetirmişəm” deməklə mesaj verir. Istisna deyil ki, Bakı Apellyasiya Məhkəməsindəndə davam edən məhkəmə prosesində Vidadi Zeynalovun ümidləri doğrulmasa, o zaman Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri kəskin açıqlamalar verə və rəhbərlik dedikdə kimləri nəzərdə tutmasına aydınlıq gətirə bilər. Mövzunun ictimaiyyət tərəfindən diqqətlə izləndiyini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsində davam edən məhkəmə prosesini izləməyə çalışacağıq. Eyni zamanda Vidadi Zeynalovun məhkəmədə səsləndirdiyi fikirlərə aidiyyatı orqanların və şəxslərin, o cümlədən AMEA prezidentinin müşaviri Əli Abbasovun mövqeyini öyrənməyə çalışacağıq.
A.Nəbiyev,
"Yeni Sözçü” qəzeti