8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Respublikasının Prezidenti
zati – aliləri İlham Əliyev cənablarına
Bakı şəhəri, Yeni Əhmədli, Qaçaq Nəbi küçəsi,
5-ci evin 106 –cı mənzilində yaşayan
Firuz Eyvazəli oğlu Haşımov
tərəfindən
Ə R İ Z Ə
Hörmətli Prezident, bu mənim Sizə ünvanladığım ikinci müraciətimdir. Bütün məmləkət əhlinin xəbərdar olduğu rəzalət indiyə qədər davam etməsəydi, mən qələmə əl atmazdım.
On illər boyu düçar olduğum məşəqqət və bəlalar, dövlətçiliyin ali məramları naminə mətbuatda apardığım ağır mübarizə (özünü müxalifət sayan güruhun içində kifayət qədər düşmən qazanmaq bir yana, iqtidardan da bir "Sağ ol!” sözünü eşitmədim) mənə haqq verir ki, açıq danışım.
Ən avam adam da, görür ki, ölkədə ellik zəmanətlə bir-birilə əlaqəli olan korrupsioner, rüşvətxor zümrəsi formalaşıb. Azərbaycana müvəqqəti örüş yeri kimi baxan bu zümrə üçün milli qeyrət, iman, doğma torpaq, mənəviyyat anlayışları yoxdur.
Bu zümrəyə mənsub olanlar və əlaltıları çoxdandır ki, ətrafınızda keçilməz sədd yaradıblar. Ərşə çıxan ah-nalələr, minlərlə it-bat olan ərizə və müraciət, azğın məmurların kasıb-kusubu saya salmaması və s. Bu kimi neqativ hallar barədə sizlərə görünür dolğun məlumat vermirlər.
Azərbaycan dörd tərəfdən mühasirə vəziyyətində olan qalaya oxşayır. Buranın Liviyanın, Suriyanın ya da İraqın gününə düşməməsi üçün Sizin gecə-gündüz çalışmağınızı, özünüzü oda-közə vurmağınızı görürük, təqdir edirik.
Hörmətli Prezident, amma erməni nasistlərindən, rus şovinistlərindən, anqlosaks təxribatçılarından min qat təhlükəli düşmən bizim Vətənin – qalanın içindədir.
Cəzasızlıq sindromundan azğınlaşmış məmur, oliqarx balaları, "flüger jurnalistlər”, vaxtilə üç-dörd bayrağa qulluq etməyini bu gün məharətlə ört-basdır edən məddahlar, sinfi düşmənçilik dalğasının qalxdığını görmək istəməyən bizim nadan ideoloqlar və nəhayət özlərini rayonlarda əsl bəylərbəyi kimi aparan icra başçıları – hörmətli Prezident, müstəqilliyimizin, eyni zamanda Sizin də düşmənləriniz bunlardır.
Mən bu siyahıya iclas salonunda oturub düymə basmaqdan başqa əllərindən heç nə gəlməyən deputatları da əlavə edərdim. İki cümləni bir-birinə qoşub danışa bilməyən, ciblərindən, nəfslərindən başqa heç bir şey barədə düşünməyən bu unikumları xalq adbaad yaxşı tanıyır və hamısına da nifrət edir.
... Yaxın Şərqin səmasını qara buludlar bürüyüb, qorxunc proseslər gedir. Vəziyyətimiz ürək açan deyil, itkilərimiz göz qabağındadır. Belə əsnada ölkə daxilində iqtidarla xalq arasında uçurumlar yaradan, millətin Prezidentə inamını qırmağa çalışan, sinfi düşmənçilik toxumlarını səpən, araqarışıqlıqda dələduzluqla xalqın var-dövlətini mənimsəyən vələdüzinaların ayaqları altında torpaq od tutub yanmalıdır.
Eyş-işrət yerlərində cəngə-cəngə pul xərcləyən, haqqını tələb edən simsarsızlara acıq verərək "hara yazsanız xeyri yoxdur, onsuz da bütün kağızlarınız üstümüzə gəlir” deyən şərəfsiz "gül balalara” qulaq burması verilməsə, inanın ki, sonra gec olacaq.
Ərizəmin əvvəlində rəzalətin davam etməsindən yazmışdım. Hörmətli Prezident, bu məsələ Sizin hər cürə ənam və hörmətə layıq gördüyünüz Elmira Axundova və onun oğlu ilə əlaqədardır. Deputat oğlunun fırıldaqları haqda mətbuatda, sosial şəbəkədə külli miqdarda material gedib. Elmira xanımın "gül balası” aradan çıxarılmış digər bir dələduzla əlbir olub neçə-neçə ailəni quru yerdə qoyub. Müflis olub qapılara düşən, intihar həddinə çatdırılmış zavallılar əllərində vacib dəlillər, sübutlar, təkzib edilməyən faktlarla daha o nüfuzlu təşkilat qalmayıb ki, oraya müraciət etməsinlər. Neçə-neçə qəzetdə ("Yeni musavat”, "Gündəlik Bakı” və s.), saytlarda Elmira Axundova və oğlunun bahalı maşınları, təmtəraqlı evləri, villaları barədə yetərincə danışılıb, səs yazıları yayılıb. Həftələr keçib, aylar ötüb, tədbir görən olmayıb.
Hörmətli Prezident, Elmira Axundova iqtidardan aldığı fəxri adları, deputat toxunulmazlığını üzünə sipər kimi tutaraq polisə, məhkəmələrə iradəsini diqtə edir. Hər yerə şayiə yayır ki, o ulu öndərin, ümumiyyətlə Ailənin rəsmi bioqrafıdır və heç kim yanından yel olub keşə bilməz.
Bu xanım "gül balasını” həbsdən, layiq olduğu cəzadan xilas etmək üçün daha o pəstah qalmayıb ki, çıxartmasın. Gah müflis günə düşüb var-yoxlarını itirənləri polisə çağırıb incidirlər, gah da mənim kimi heydən düşmüş veteranı məhkəmələrə çəkib iri məbləğdə cərimələyirlər. Guya mən Elmira Axundovanın işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələmək istəmişəm, hansısa ailə sirrini faş etmişəm.Günahsız, sadəlövh insanların yüz minlərlə pulu həyasızcasına həzm-rabedən keçirilib. Elmira Axundova hələ indiyə qədər bizim adi bir sualımıza cavab verməyib, cah-cəlalını, bahalı maşınlarını, təmtəraqlı mənzillərini hansı qonorarların hesabına əldə edib? Burada hansı ləyaqətdən söhbət gedə bilər?.
Etiraf edirəm, gərək mən vaxtında əlləşib, vuruşub imkan verməməli idim ki, bu xanım ortada at oynatsın. Rus şovinizminin rəsmi ruporu sayılan "Lit qazeta” da daha o çirkab, iftira qalmamışdı ki, xalqımızın, Heydər Əliyevin üzərinə atılmasın. Elmira xanım indi həmin mənhus qəzetdə işləməyi ilə fəxr edir, avamların gözlərinə kül üfürür. Mən də soruşdum, Elmira Axundova, onda niyə ağzınıza su alıb oturmuşdunuz? Niyə Nuykinlərin, Vaksberqlərin ağızlarından vurmadınız? Əl vermirdi, eləmi?
Hörmətli Prezident, Heydər Əliyevin qələbəsinə şəkk-şübhə qalmayan vaxtda əlverişli məqam gözləyən Elmira Axundova tələm-tələsik əldəqayırma romanlar, mədhiyyələr yazmağa girişdi.
Hörmətli Prezident, bədii-publisistik dəyəri bir o qədər də yüksək olmayan bu əldəqayırma romanların sonra məcburi (!!) qaydada büdcə təşkilatlarına, ayrı-ayrı məmurlara necə sırındığını bilsəydiniz bu məkrli məddahı yaxına buraxmazdınız. İnanın bildiklərimi yazmağa utanıram...
Yoxlayın, öyrənin, görün bu xanım "gül balası” ilə birlikdə neçə ev yıxıb, neçə adamı müflis edib qapılara salıb.
"Azadlıq” radiosunun ABŞ-ın mərkəzi kəşfiyyat idarəsi tərəfindən idarə olunduğunu hamı bilir. Bu müdhiş təxribat maşını həmişə ermənipərəstliyi ilə ad qazanıb. İqtidardan layiq olmadığı halda hər cürə ənam ala bilmiş Elmira Axundova bu radionun müxbiri işlədiyi dövrdə hansı savab işi görüb? "Azadlıq” radiosu kimi iblis yuvası hara, Azərbaycanın milli maraqları hara?!
Hüquqları tapdanmış, ədalətsiz hökmlərlə intihar həddinə çatdırılmış zavallılar, qeyrətli qələm əhli deyəndə ki, Azərbaycanda hakimlər nə qanun tanıyırlar, nə insaf, nə də vicdan, onlar ancaq yuxarıdan gələn əmrin və pulun qarşısında səcdə edirlər, iqtidarın sadiq yazarı kimi mən coşub özümdən çıxardım, hiddətlə etiraz edirdim.
Günlərin bir günü tanışlarımdan biri canfəşanlığıma dözməyib dilləndi:
- Heç eybi yoxdur, Allah eləməsin səni dolaşdırsalar, onda bu məmləkətdə hakimlərin, məhkəmələrin iç üzünü görərsən...
Və tezliklə gördüm...
Məsələni uzatmaq istəmirəm, bəli, hakimiyyətdə özünə havadar tapmış Elmira xanım məhkəmə komediyası qurmağa nail oldu.
Əvvəlcə Xətai rayonun məhkəməsi, daha sonra Bakı Apellasiya Məhkəməsi qərar verdilər ki, Elmira Axundovanın neçə-neçə insanın evini yıxmış, var-yoxlarını əllərindən almış balası Həbib Axundov məsum imam övladı kimidir və mən də bu qənirsiz xanımdan həm üzr istəməliyəm, həm də beş min manat cərimə ödəməliyəm. Həyatları cəhənnəmə dönmüş, pulları əllərindən çıxmış, intihar həddinə çatdırılmış bədbəxtlərin də, Allah dadlarına çatsın.
İki məhkəmə iclasında hakimlər bu yazıqları heç yada da salmadılar. Yuxarıdan verilən göstəriş öz işini gördü... Elmira Axundova isə bir zərrə utanmadan, qızarmadan uğur qazanması barədə hər yerə car çəkdi.
Hörmətli Prezident, son ana qədər mən inanırdım ki, obyektiv araşdırma gedəcək, alçaldılmış, aldadılmış insanların dad-fəryadı eşidiləcək, on illər boyu təmənnasız bu iqtidara xidmət etmiş mənim kimi heydən düşmüş qoca veteranın şikayəti eşidiləcək, ... amma təəsüfıər olsun ki, dörd ildə dörd bayrağa qulluq etmiş, axıra qədər maskası cırılmamış Elmira Axundova fateh ədası ilə yenə də Milli Məclisin binasına daxil olur, "mamanın gül balası” da bahalı maşınları ilə belədən belə şəhərdə cövlan edir.
Əcəl məni haqlayıb, özüm üçün Sizdən heç nə istəmirəm, bir qərinə ərzində özümü oda-közə vursam da, iqtidar mənim üçün heç nə etmədisə, bundan sonra da, heç nə gözləmirəm, amma son xahişim var, Elmira Axundovanın dilənçi gününə saldığı insanların dadına çatın.
Sabahı günü Allah eləməsin məhvər dönəmdə, məhz bu alçaldılmış, müflis olmuş sadə insanlar Sizin də, dövlətin də dadına çatacaqlar.
Bizim kimi adi dərmana pul tapmayan veteranlar, kasıb-kusub törəmələri ilə bir yerdə ayağa qalxıb əmrinizlə son savaşa gedəcəklər.. Buna əmin olun!
Elmira Axundova kimi odioz fiqurlar isə yığdıqları sərvətləri "gül balalarını” aradan çıxarıb özləri də köhnə ünvanlara üz tutacaqlar. Buna də əmin ola bilərsiniz!
Dərin hörmətlə Firuz Haşımov
Bakı şəhəri