SOCAR NEFT FONDUNU NECƏ “YEYİR”? - Tanınmış iqtisadçı şirkətin hesabatlarının analizinə başladı

SOCAR NEFT FONDUNU NECƏ “YEYİR”? - Tanınmış iqtisadçı şirkətin hesabatlarının analizinə başladı

 

"Hacı əmi, bu baş ağrısı tamam məni dəli eləyib. İnan ki, nə gecəm var, nə gündüzüm. Gedirəm Usta Cəfərin yanına, deyir ki, qanın çoxdur, səndən qan almalıyam – özü də girvənkəsi 10 manata. Gedirəm Mir Bağır ağanın yanına, deyir ki, sənin qanın azdır, sənə qan yeritməliyəm – girvənkəsi 20 manata. Sonradan xəbər tuturam ki, Mir Bağır ağa gedib Usta Cəfərdən mənim qanımı alıb, dübarədən özümə yeridir. Başına dönüm, elə deynən, Şeyxin mərhəməti üstümüzdən əskik olmasın, daha heç nə lazım deyil, başımın ağrısı tamam keçəcək.”

("O dünyadan salam” ("Ölülər”) filmindən)

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2018-ci il maliyyə hesabatları və şirkət rəhbərliyinin çıxışları ilə tanış olduqca, yaxın illərdə Amerika ilə Çin arasındakı ticarət dövriyyəsi rəqəmlərinin də, az qala, bu şirkətin "xarici bazarlardakı uğurlu fəaliyyət”inin nəticəsi olaraq hesabatlara salıncağının şahidi olacağıq.

Xarici bazarlardakı dövriyyənin artması fonunda şirkətin mənfəətinin azalmasının izahına isə, sanki, heç vaxt ehtiyac duyulmayacaq.

2018-ci il maliyyə hesabatlarının audit rəyinin ötən illərlə müqayisədə bir ay qabaq alınması ilə öyünən SOCAR, hesabatı öz saytının yalnız ingilis versiyasında yerləşdirib. Geniş ictimaiyyətin tanış olması üçün ana dilimizdə yayılmasına hələlik ehtiyac duymayıb.

Lakin hesabatda bəzi məqamların, xüsusən Dövlət Neft Fondu ilə bağlı olanların birinci növbədə ictimaiyyətə çatdırılması dövlətimiz və xalqımızın gələcəyi üçün olduqca vacibdir.

SOCAR-ın 2018-ci ilin sonuna Dövlət Neft Fondu qarşısında borc öhdəlikləri əvvəlki illə müqayisədə 1,312 milyard manat və ya 30,85% artaraq, 2,941 milyard manatdan 4,253 milyard manata çatıb.

Şirkətin Neft Fonduna ödəniləcək istiqrazlar üzrə öhdəliyi 344 milyon manat və ya 30,5% artaraq, 784 milyon manatdan 1,128 milyard manata çatıb. Fonda ödəniləcək sair kreditor borcları isə 968 milyon manat və ya 33,73% artaraq, 1,902 milyard manatdan 2,870 milyard manata çatıb.

SOCAR-ın Neft Fonduna olan borclarının 255 milyon manatını isə 2008-ci ildən Fonda ödənilməli olan vergilər üzrə borc qalığı təşkil edir.

Beləliklə, Neft Fondunun aktivlərinin 6,5%-i SOCAR-ın sərəncamında borc şəklində yatıb.

SOCAR hesabatında likvidlik riskini necə gizlədir?

SOCAR-ın maliyyə hesabatlarının təhlilindən də görünür ki, Neft Fondunun aktivlərinin şirkətə uzun müddətlik borc verilməsi onun ödəmə vaxtı çatmış maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədardır və həmçini şirkətin məruz qaldığı belə likvidlik riskini maliyyə hesabatlarında gizlətməyə xidmət edir.

Maliyyə hesabatlarında likvidlik riskinin gizlədilməsini iki cəhətdən görmək olar.

Birincisi, Neft Fondundan alınan vəsaitlər ödəmə vaxtı çatan digər qısamüddətli borcların ödənilməsinə yetərli olacaq likvid vəsaitə malik olma təəssüratı yaratmaq üçün ilin sonuna doğru şirkətin hesablarında pul vəsaitlərində əks olunur. Digər tərəfdən isə, Fonddan alınan borclar uzun müddətə qaytarılmalı kreditor borclara salınır.

İkinci cəhətdə isə, Fonda həm qaytarma vaxtı çatan, lakin ödənilməyən, həm də ondan istiqrazlar üzrə əlavə alınan borc məbləğləri uzunmüddətli öhdəliklərdə əks olunur, həmin məbləğlər ödəmə vaxtı çatmış başqa borcların ödənilməsinə yönəldilir. Nəticədə, SOCAR-ın ödəmə vaxtı çatan ticarət və kredit borcları üzrə öhdəliklərini vaxtında yerinə yetirdiyi təəssüratı yaradılır.

SOCAR 2018-ci ildə kredit və faizlər üzrə borcunu necə ödəyib?

SOCAR-ın maliyyə vəziyyətindəki çətinliyi aradan qaldırmaq üçün, sanki, kommersiya deyil, büdcədən maliyyələşən təşkilatmış kimi, ona dövlət büdcəsindən də əvəzsiz vəsait verilir.

Hesablama Palatasının 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində göstərilib ki, şirkət təkcə 2018-ci ildə – dövlət büdcəsinə 1,425 milyard manat vergi ödədiyi halda – büdcədən 1,486 milyard manat vəsait alıb. Yəni, büdcədən aldığı vəsait ödədiyi vergidən çox olub.

Şirkətin maliyyə hesabatlarına əsasən, 2018-ci ilin təkcə ilk üç ayı ərzində ödənilməli 4,5 milyard manatməbləğində vaxtı çatan "Faiz hesablanan borc öhdəlikləri” olub. 2018-ci ilin on iki ayı ərzində də bu kateqoriyadan yerinə yetirməli olduğu öhdəlik 6,4 milyard manat olmalı idi.

Dövlət Neft Fonduna olan borcdakı təkcə 2018-ci il ərzində 1,312 milyard manat artımın və dövlət büdcəsindən verilən 1,486 milyard manatın cəminin 2,798 milyard manat olduğunu nəzərə alsaq, deyə bilərik ki, 2018-ci ilin ilk üç ayında qaytarılmalı faiz hesablanan borc öhdəliklərinin 62%-i həmin vəsaitlər hesabına yerinə yetirilib.

İlin sonuna Neft Fonduna olan borc qalığı (4,253 mlrd.) ilə il ərzində dövlət büdcəsindən əvəzsiz verilən məbləğin cəminin 5,739 milyard manat olduğunu nəzərə alsaq, deyə bilərik ki, şirkətin 2018-ci ilin on iki ayı ərzinə qaytarma vaxtı çatmış faiz hesablanan borc öhdəliklərinin, təqribən, 90%-i Neft Fondunun və dövlət büdcəsinin vəsaiti hesabına yerinə yetirilmiş ola bilər.

Neft Fonduna borc silinəcək!

Dövlət Neft Şirkətinin maliyyə hesabatlarının təhlili göstərir ki, Neft Fondundan alınan borclar hesabına şirkətin digər kreditlər üzrə borclarının silinməsi müvafiq kateqoriyadan olan borcların cəmində Fonddan alınan borcların xüsusi çəkisinin tədricən artması ilə nəticələnir.

Hesab edirik ki, Neft Fondundan şirkətə əlavə borcların verilməsi yenə davam edəcək.Sonrakı illərdə Neft Fonduna olan borc faktiki qaytarılmayacaq, "dövlət büdcəsinin vəsaiti hesabına” silinəcək. Əslində isə, elə Neft Fondunun öz vəsaiti hesabına silinəcək: Neft Fondundan dövlət büdcəsinə transfert nəzərdə tutulacaq, sonra büdcədən SOCAR-a veriləcək, o da öz növbəsində, guya, Fonda borcunu bağlayacaq.

Mərkəzi Bankdan və Azərbaycan Beynəlxalq Bankından aldığı kreditlər silindiyi kimi, Neft Fonduna borcları da silinəcək.

Yaxşı olar ki, SOCAR rəhbərliyi xarici bazarlardakı mənfəətsiz şişirdilmiş dövriyyəni özlərinə saxlasınlar. Neft Fondunun və dövlət büdcəsinin vəsaitinə toxunmamaları Azərbaycan xalqına yetər…



Oxşar Xəbərlər

Xəbər lenti