Üçüncü devalvasiya labüddür

Üçüncü devalvasiya labüddür

 


Bir dollar bir manat səksən beş qəpik olacaq

Manatın iki devalvasiyasının bütün ağırlığını öz çiyinərdə hiss edən Azərbaycan vətəndaşları üçüncü devalvasiyanın da baş verə biləcəyi qorxusu ilə yaşayırlar. Baxmayaraq ki, dövlət rəsmləri tez-tez manatın üçüncü devalvasiyasının gündəmdə olmadığını bəyan edir və cəmiyyəti sakitləşdirməyə çalışırlar, ancaq qorxu insanları tərk etmir. İnsanların bu qorxusu isə əbəs deyil. Birincisi, rəsmilərin sözünə inanmamaq üçün onların özləri kifayət qədər əsas verib. Mərkəzi Bankın sədri Elman Rüstəmov ikinci devalvasiyadan bir neçə gün öncə əhalini inadla inandırmağa çalışırdı ki, gündəlikdə yeni devalvasiya planı yoxdur. Elman Rüstəmovun sözlərinə inananlar bir neçə gün sonra dövlət rəsmilərinə inanmamağın daha doğru olacağını gördülər. Digər tərəfdən insanlar tədricən anlayırlar ki, manatın kursu yalnız iqtidardakıların düşüncələrindən, əhval-ruhiyyəsindən asılı deyil. Artıq hər kəsə məlum olur ki, milli valyutanın taleyi bir neçə faktordan asılıdır. Məsələn, burada ölkə iqtisadiyyatının vəziyyəti milli valyutanın vəziyyətinə çox ciddi təsir edir. Neftdən asılı iqtisadiyyatımız isə çox pis günlərini yaşayır.

Son zamanlar neftin qiymətinin ilin əvvəlinə nisbətən bahalaşması müşahidə olunsa da, qiymətlərin yenidən ucuzlaşacağı gözlənilir. Bir çox iri neft istehsalçıları hasilatı və ixracatı artırmağa hazırlaşdıqlarını açıqlayıblar. İlk belə xəbər İrakdan gəlsə də, Səudiyyə Ərəbistanı, Kuveyt,İran və Birləşmiş Ərəb Əmirliyinin də hasilatı və ixracatı artırmaq niyyətində olduqlarını bəyan ediblər. OPEK-ə daxil olan ölkələr içərisində neft hasilatına görə ikinci yerdə olan İrak iyul ayından, yəni bu gündən başlayaraq alıcılarına ay ərzində 5 milyon barel artıq neft göndərəcəyini açıqlayıb. Qısa müddət ərzində hasilatını bərpa edən İran da dünya bazarlarında öz yerini tutmaqda israrlıdır. İranla düşmənçilik səviyyəsində rəqabət aparan Səudiyyə Ərəbistanı isə neft bazarlarında özünün rolunu göstərmək üçün hökmən hasilatı artıracaq. Əgər Kuveyt və Birləşmiş Ərəb Əmirliyi də vədlərinə əməl etsələr, təxminən bu ayın ortasından neft yenidən kəskin ucuzlaşmağa başlayacaq. Bu isə Azərbaycan iqtisadiyyatına yenidən mənfi təsir göstərərək, milli valyutamızı daha da zəiflədəcək. 

Üçünü devalvasiyanı qaçılmaz edən əsas amillərdən biri də ABŞ-ın Federal Ehtiyat Sisteminin dolların uçot dərəcəsini artırmasıdır. Bu elə bir prosesdir ki, yalnız Azərbaycanın milli valyutasına deyil bütün ölkələrin milli valyutasına və bütövlükdə  dünya iqtisadiyyatına çox ciddi təsir edir.  Federal Ehtiyat Sisteminin dolların uçot dərəcəsini artırması həm də neftin ucuzlaşmasına səbəb olur ki, bu da ixracatının əsasını neft təşkil edən Azərbaycan üçün əlavə problemlər yaradacaq. Çox təəssüf ki, hakimiyyət vədinin əksinə olaraq real islahatlar keçirmədi. Hətta son iki ayda geriyə dönüş hiss edilməkdədir. Vergilər Nazirliyinin büdcəni dodurmaq üçün gördüyü tədbirlər biznes dairələrini daha da qorxudub. Əksər iş adamları artıq ölkə daxilində istehsal və tikinti sahəsəinə sərmayə qoymaqdan çəkinir və xarici ölkələrə üz tuturlar. Ekspertlər hesab edir ki, yayın sonları payıza doğru ölkə iqtisadiyyatında vəziyyət daha da pisləşəcək. Digər tərəfdən Azərbaycan banklarının borc yükü artmaqdadır.  Son bir il ərzində bankların əməliyyat gəlirləri ilə yalnız cari xərclərini örtdüklərini nəzərə alsaq və bura problemli kreditlərə görə yığımların azaldığını əlavə etsək, bankların maliyyə vəziyyətinin getdikcə pisləşəcəyini görə bilərik.

İqtisadçılar isə ölkə iqtisadiyyatında yaşanan problemi rəqabət mühitinin olmaması və insanların alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah edirlər. Rəqabət mühitinin olmaması isə monopoliya mühitinin olması ilə bağlıdır. Çox təəssüf ki, ötən müddət ərzində monopoliyanın azaldılması istiqamətində ciddi addımlar atılmadı. Tədricən ölkə iqtisadiyyatında çöküş sürətlənir və payızdan bu proses daha da güclənə bilər. Bütün bunlar belə qənaətə gəlməyə imkan verir ki, xarici və daxli amillər manatı sürətlə üçüncü devalvasiyaya doğru aparır. "Yeni Sözçü” qəzetinin ekspertlərinin ümumi rəyinə görə avqust ayında üçüncü devalvasiya baş verə bilər. Üçüncü devalvasiya artıq qaçılmaz kimi görünür və hakimiyyətin bu prosesi yeni dərs ili başlamamış, yay tətilinin ən qızğın çağında, paytaxt sakinlərinin əksər hissəsinin şəhərdən kənarda olduğu vaxtlara təsadüf edəcəyini gözləmək olar. Üçüncü devalvasiya qaçılmaz kimi göründüyü üçün manatın dollarla nisbətdə yeni kursu da əsas müzakirə mövzularından birinə çevrilib. "Yeni Sözçü” qəzetinin ekspertləri hesab edir ki, hakimiyyət dolların iki manat səviyyəsini, yəni pisxoloji baryeri keçməsinə razı olmayacaq və dolların yeni kursu bir dollar bir manat doxsan beş qəbik olacaq. Dolların manata nisbətdə yeni kursu ilə bağlı qeyd etdiklərimiz əlbətdə ki ,yalnız qəzetimizin ekspertlərininehtimallarıdır. Ancaq bir məsələ tam aydındır və bu da ondan ibarətdir ki, üçüncü devalvasiya artıq qapımızı döyür. Biz bu arzu olunmaz qonağı qovmaq gücündə deyilik. O isə bizim qapımızı daha da inadla döyür və tezliklə qapıdan daxil olacaq. Elman Rüstəmov nə qədər desədə ki, üçüncü devalvasiya olmayacaq, üçüncü devalvasiya artıq qarşısı alınmaz kimi görünür.

Arzuman Loğmanoğlu,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti