8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"AzPolitika.info”-da 11 yanvar 2020-ci il tarixində dərc edilən "Bank Standard”ın "153 sirri" çözüldü!” başlıqlı yazıda bankın müflisləşməsində rolu olan bəzi fiziki və hüquqi şəxslərin adları çəkilib. Həmin şəxs və şirkətlər bankdan kredit kimi külli miqdarda vəsaitlər götürərək, ya ümumiyyətlə geri qaytarmayıblar, ya da çox gec qaytarıblar. Yaxud da borcun bir qismini qaytarıblar ki, bu da bankın müflisləşməsinə səbəb olub. Onların böyük qismi hələ də banka külli miqdarda borcludurlar.
Onu da qeyd edək ki, yazıda söhbət bankın müflis elan edildiyi 2016-cı ilin oktyabrına qədər ödənməyən borclardan gedir. Sözügedən şirkətlər arasında "Azimport” MMC-nin də adı çəkilib. Bu şirkətin banka müflisləşənədək 4 milyon 888 min ABŞ dolları borcu olduğu qeyd edilib.
Məsələ ilə bağlı "AzPolitika.info”-ya "Azimport” MMC-nin direktoru Rafiq Həbibovun adından məktub daxil olub.
Məktubda bildirilir ki, saytınızda 11 yanvar 2020-ci il tarixdə yerləşdirilmiş və üç ildən çoxdur ləğvetmə prosesində olan müflisləşmiş "Bank Standard” QSC-nin problemlərindən bəhs edən ""BANK STANDARD”IN "153 SİRRİ" ÇÖZÜLDÜ! - Məşhur bankı müflis edənlərin ŞOK SİYAHISI, tanınmış simalar" sərlövhəli məqalədə "Azimport” şirkətilə bağlı yanlış məlumatlar verilib. Bunun isə şirkətin işgüzar nüfuzuna xələl gətirdiyi qeyd olunub.
"İctimai maraqlardan çıxış edərək, "bankı talayan” 153 fiziki və hüquqi şəxsin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparmağınız nə qədər təqdirəlayiq olsa da, bu zaman şirkətimizə qarşı qeyri-obyektiv münasibətin göstərilməsi bir o qədər anlaşılmazdır və dərin təəssüf doğurur” – deyə məktubda bildirilir.
Daha sonra məktubda keçmiş Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi olmuş Rəşad Məmmədovla bağlı məlumata aydınlıq gətirilib: " Bildirmək istərdik ki, R.Məmmədov dövlət qulluğunda fəaliyyətə başladığı 2011-ci ilin aprel ayından onun "Azimport” şirkəti ilə hüquqi əlaqələrinə xitam verilib. Həmin vaxtdan da R.Məmmədovun şirkətin idarəçiliyi və təsərrüfat fəaliyyəti ilə heç bir əlaqəsi olmayıb. Bu barədə şirkətimizin açıqlaması 2015-ci ilin may ayından etibarən mütəmadi şəkildə kütləvi informasiya vasitələrində yer almaqdadır. Yəni "Azimport”un R.Məmmədova "aidliyi barədə məlumat”ın təkzib edilməməsi tamamilə yalnış məlumatdır”.
Eyni zamanda vaxtilə R.Məmmədovun həbsinin qeyri-qanuni olduğu iddia edilib. "Qeyd edək ki, sonralar R.Məmmədovun ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ağır cinayətlər törətməkdə təqsirləndirilərək uzunmüddətli həbslə cəsalandırılmış "generalları” tərəfindən şərləndiyi aydınlaşıb. Keçmiş təhlükəsizlik orqanındakı cinayətkar dəstə tərəfindən tamah məqsədilə haqsız yerə təqib olunmuş bu şəxsin adını hallandırmaqla onu və ailəsini yenidən mənəvi iztiraba, psixoloji sarsıntıya məruz qoyur” – deyə məktubda bildirilir.
Məktubda "Azimport” MMC-nin "Bank Standard”a olan borcunu da tam ödədiyi vurğulanıb:"Qaldı "Azimport” MMC-nin "Bank Standard”a böyük məbləğdə - 4 milyon 888 min ABŞ dolları məbləğində borcunun olmasına və indiyə kimi banka bir sent də ödəməməsinə – bu da tamamilə əsassız və həqiqətdən uzaq bir məlumatdır. Belə ki, "Azimport” MMC tərəfindən 5.395.759 ABŞ dolları məbləğində pul vəsaiti kredit ödənişi kimi 1 fevral 2017-ci il tarixdə "Bank Standard”ın hesabına köçürülüb və borc öhdəliyinin tam bağlanması rəsmi sənədlərlə təsdiqlənib. Beləliklə, "Azimport” MMC-nin ləğvedilmə prosesində olan "Bank Standard”a bir sent belə borcu qalmayıb. Bunu bankın Kreditorlar Komitəsi də təsdiq edə bilər.
"Bayılın "Şanxay" adlanan ərazisində aparlıan abadlıq işləri ilə əlaqədar "540 nəfər işçinin maaşını ödənməməsi” barədə məlumata gəldikdə isə, bir daha bəyan edirik ki, bu məsələ iki il əvvəl öz həllini tapıb və şirkətimiz həmin işçilər qarşısındakı öhdəliyini tam yerinə yetirib. Ümumiyyətlə, hazırda təsərrüfat fəaliyyəti dayandırılmış "Azimport” MMC-nin heç bir hüquqi və fiziki şəxs qarşısında icra edilməmiş öhdəliyi yoxdur.
Bir məsələni də diqqətə çatdırmağı vacib hesab edirik: "Azimport” MMC obyektiv və subyektiv səbəblərdən çətin vəziyyətə düşdüyü, müəyyən problemlərlə üzləşdiyi dövrlərdə belə tərəfdaşları ilə qarşılıqlı anlaşmaya üstünlük verib, istənilən maliyyə-təsərrüfat mübahisəsini hüquqi müstəvidə həll etməyə çalışıb və buna nail olub. Təbii ki, bu zaman ölkədə aparılan düzgün iqtisadi siyasətə, mövcud qanunçuluq mühitinə, sahibkarlığın inkişafına göstərilən dövlət qayğısına güvənib”.
"Onu da qeyd edək ki, "Azimport” MMC mediaya daim açıq olub, kütləvi informasiya vasitələrin müraciətlərinə diqqətlə yanaşıb, özünün fəaliyyəti barədə məlumatları vaxtaşırı ictimaiyyətə çatdırıb.
"AzPolitika.info” sözügedən araşadırmanı apararkən "Azimport” MMC-yə müraciət etsəydi, şirkətimizin heç də "Bank Standard”ın "pulunu mənimsəyənlər” sırasında olmadığını üzə çıxarar və beləliklə də, ictimaiyyəti çaşdıran məlumatlar yayılmazdı” – deyə sonda məktubda bildirilir.