Büdcə pulları hara xərclənməlidir?

Büdcə pulları hara xərclənməlidir?

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Prezident yanında Bilik Fondunu büdcə  maliyyələşməsindən məhrum edən dövlət,  büdcə pullarını hara xərcləyir?

Prezident İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanı geniş müzakirə olunmaqdadır. Çünki fərmanın imzalanmasında məqsədin   dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsi olduğu qeyd edilir.

Fərmana əsasən Prezident yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilir. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Prezident yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilir, Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilir və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilir.

Fərmanda da qeyd edildiyi kimi bu struktur islahatlarda məqsədlərdən biri də dövlət büdcəsindən səmərəli istifadənin təmin edilməsidir. Halbuki, Prezidentin bu fərmanından bir qədər əvvəl Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na dəyişikliklər edilməsi ilə bağlı qərar vermiş və bununla da "Suraxanı Gənclər evi” "Xəzər Gənclər evi”, "Sabunçu Gənclər evi” "Qaradağ Gənclər evi”, "Binəqədi Gənclər evi”, "Tovuz Gənclər evi”, "Gəncə Gənclər evi”, "Şirvan Gənclər evi”, "Sumqayıt Gənclər evi”, "Mingəçevir Gənclər evi”, "Saatlı Gənclər evi”, "Balakən Gənclər evi” sosial xidmət müəssisələrinin adlarını büdcədən maliyyələşən qurumlar bölməsinə daxil etdi.

Göründüyü kimi dövlət başçısının imzaladığı fərmanla Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Prezident yanında Bilik Fondu kimi önəmli qurumlar büdcədən maliyyələşmədən məhrum edilir. Baş nazirin qərarı ilə Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki çoxsaylı müəssisə büdcədən maliyyələşən qurumların siyahısına əlavə edilir.

Yarnmış vəziyyət bizi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Prezident yanında Bilik Fondu kimi qurumların önəmi haqqında yenidən düşünməyə vadar edir. Növbəti sayımızada Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyətinin hansı strateji əhəmiyyətə malik olması ilə bağlı araşdırmanı ictimaiyyətə təqdim etməklə Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki çoxsaylı müəssisələrə ayırmağa büdcədə pul tapa bilən hökumətin ciddi əhəmiyyətə malik qurumları büdcədən maliyyələşməsinin dayandırılmasının mənfi nəticələr verməsinin qarşısını almaq üçün hansı addımlar atmasını ictimaiyyətin müzakirəsinə çıxarmağa çalışacağıq.

A.Loğmanoğlu,

Yeni Sözçü qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti