Saleh Məmmədov daha dövlət məmuru deyil...

 

Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsinə yönəlmiş struktur islahatları çərçivəsində daha bir dövlət açıq səhmdar cəmiyyəti publik hüquqi şəxsə çevrilir. Xəbər verildiyi kimi prezident İlham Əliyev dekabrın 19-da Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Bu dövlət agentliyi "Azəryol” ASC-nin yenidən təşkil edilməsi əsasında yaradılıb. Prezident "Avtomobil Yolları Dövlət Agentliyi” adı altında publik hüquqi şəxsin yaradılmasına dair fərmanı bu il oktyabrın 18-də imzalamışdı. Ötən gün isə prezidenti Agentliyin Nizamnaməsini, strukturunu təsdiqləyib, fəaliyyətinin təmin edilməsinə dair fərman imzalayıb.

Agentliyin yeni təsdiq edilən nizamnaməsində yazılır ki, bu struktur avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, körpülərin, tunellərin, digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, təmiri və onların vəziyyətinə nəzarət edilməsi ilə məşğul olacaq.

Habelə Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasını təmin etməlidir. Fərmana görə, «Azəroyol» ASC-nin balansında olan əmlak Agentlik dövlət qeydiyyatına alınandan sonra bir ay ərzində onun balansına keçirilməlidir. Prezident həmçinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nizamnamə fondunu da təsdiq edib. Fond 644 milyon 987.156 min manat təşkil edəcək.

"Avtomobil Yolları Dövlət Agentliyi” prezidentin təyin etdiyi İdarə Heyəti üzvləri tərəfindən idarə olunacaq. İdarə heyəti sədrdən və iki müavindən ibarət olmalıdır.

Beləliklə, "Azəryol” ASC bu struktur dəyişikliyindən sonra Agentliyə çevrilərək artıq dövlət orqan sayılmayacaq. Prezident hələ ötən il noyabrın 24-də dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalamışdı. Həmin fərmana görə, bir çox qurumların əvəzinə publik hüquqi şəxsin yaradılması nəzərdə tutulurdu.

Azərbaycanda artıq «Publik hüquqi şəxslər haqqında» Qanun da tətbiq olunmağa başlayıb. Publik hüquq - ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Publik hüquqi şəxs onun özü, dövlət, bələdiyyə adından yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Ancaq dövlət və ya bələdiyyə orqanı sayılmır. Azərbaycanda ilk publik hüquqi şəxs də elə ötən il fevralın 3-də yaradılıb. Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.

Azərbaycanda yolların və yol infrastrukturu obyektlərinin tikintisinə, istismarına və qorunmasına cavabdeh olan dövlət açıq səhmdar cəmiyyətinin publik hüquqi şəxsə çevrilməsinin bu sahədə hansı dəyişikliklərə gətirib çıxaracağı hələ müəyyən deyil. Lakin aydındır ki, bu təkcə formal xarakterli dəyişiklik deyil, Azərbaycanda yol infrastrukturunun daha da təkmilləşdirilməsinə yönəlmiş tədbirlərin tərkib hissəsidir. Publik hüquqi şəxs kimi Avtomobil Yolları Dövlət Agentliyi təkcə dövlət büdcəsindən ayrılan vəsaitlərdən və dövlət təminatı altında alınan xarici kreditlərdən istifadə etməyəcək.

Bu struktur digər mənbələrdən maliyyələşməyə də açıq olacaq. Məsələn, xarici qrantların cəlb edilməsi və gələcəkdə pullu avtomobil yollarından əldə olunacaq gəlirlər bura daxildir. Xəbər verildiyi kimi bu günlərdə "Azəryol” ASC-nin sədri Saleh Məmmədov ölkədə iki magistral yoldan istifadənin pullu olması ilə bağlı hazırlıq işlərinin getdiyini, Tarif Şurasının bu yollardan istifadəyə görə tarifləri müəyyənləşdirməkdə olduğunu açıqlamışdı. Ehtimal edilir ki, bu yollardan biri tikintisi hələ tam başa çatmamış Ələt-Astara-İran sərhədi avtomobil yolu olacaq.

Qeyd edək ki, Azərbaycanda yolların və yol infrastrukturu obyektlərinin tikintisi, istismarı və digər aidiyyatı məsələlər son vaxtlara qədər Nəqliyyat Nazirliyinin funksiyalarına daxil idi. O cümlədən Dəmir Yollarının da bu nazirliyin strukturuna daxil olması sayəsində Ziya Məmmədov əlində çox geniş səlahiyyətlər cəmləmiş və böyük həcmdə büdcə pullarına sərəncam verən nəhəng monstra çevrilmişdi. Lakin prezidentin başlatdığı struktur islahatları nəticəsində əvvəlcə Dövlət Dəmir Yolları, daha sonra "Azəravtoyol" ASC bu nazirliyin tərkibindən çıxarılıb müstəqil strukturlara çevrildi. Nəhayət Nəqliyyat Nazirliyinin özü ləğv edilib Rabitə və Yüksək Texnologiyalar nazirliyinə birləşdirildi, Ziya Məmmədov nazir portfelini təhvil verməli oldu...



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}