Gürcüstan Rusiyadan öz ərazilərindən çıxarmasını tələb etdi: “Təxribatçı və qanunsuz addımlarınızı dayandırın”


Hurriyyet.az “Döyçe Velle” nəşrinə istinadla xəbər verir ki, Rusiyanın Gürcüstana qarşı avqust müharibəsinin 14-cü ildönümündə Gürcüstanın Xarici İşlər nazirliyi Rusiyadan 2008-ci il 12 avqust tarixli atəşkəs razılaşmasının şərtləri daxilindki öhdəliklərini yerinə yetirməyə və rus ordusunu işğal edilmiş Abxaziya ilə Cənubi Osetiyadan çıxarmağa çağırıb.

Gürcüstan XİN-in 7 avqust tarixli bəyanatında deyilir ki, Gürcüstan-Rusiya müharibəsindən 14 il keçəndən sonra da Moskva Gürcüstanın işğal edilmiş ərazilərinə qanunsuz nəzarətini genişləndirməyə davam edir: “14 illik işğaldan sonra Rusiya Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilmiş 12 avqust, 2008-ci il tarixli atəşkəs razılaşmasının şərtlərinə əməl eləmir, işğal etdiyi regionlara qanunsuz nəzarətini genişləndirməyə, həmin əraziləri hərbiləşdirməyə davam edir, onların faktiki qəsb edilməsi üçün fəal addımlar atmağa davam edir”.

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanı işğal edilmiş əraziləri tikanlı məftillərlə və digər maneələrlə çəpərləməkdə, Cənubi Osetiya və Abxaziyada gürcü əhalisini etnik diskriminasiya eləməkdə, insan hüquqlarını pozmaqda, insanları qanunsuz saxlamaqda və qaçırmaqda ittiham edib.

Bəyanatda deyilir: “Rusiya işğal edilmiş ərazilərdə yaşayan insanları Gürcüstandan və beynəlxalq ictimaiyyətin qalan hissəsindən təcrid etməyə çalışır, humanitar vəziyyəti, insan hüquqlarını və təhlükəsizliyi pozur”.

Gürcüstan XİN Rusiyanı “Gürcüstana qarşı təxribatçı və qanunsuz addımları dayandırmağa”, ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmağa, 2008-ci il müqaviləsinin öhdəliklərinə əməl eləməyə, öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa və “işğal edilmiş rayonların qondarma müstəqilliyini tanımaq kimi qanunsuz qərarını” ləğv eləməyə çağırıb.

Bəlli olduğu kimi, 2008-ci il 8-12 avqust tarixlərində Rusiya ilə Gürcüstan arasında beşgünlük müharibə olub. Nəticədə Cənubi Osetiya Gürcüstandan qoparılıb, onun ərazisində beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan qondarma respublika elan edilib. Bu müharibədə 850 nəfərə yaxın insan həlak olub, 120 min nəfərə qədər vətəndaş qaçqına çevrilib.

Mühariə Avropa İttifaqının və o vaxt Aİ-yə sədrlik edən Fransa  Prezidenti Nikolya Sarkozinin şəxsi vasitəçiliyi ilə dayandırılıb. Sarkozi rusiyalı həmkarı Dmitri Medvedevlə birlikdə müharibənin sülh yolu ilə nizamlanması planını hazırlayıb. Sənəd 5 maddədən ibarət olub. Bu maddələr arasında silahlı qüvvələrin hərbi münaqişə başlamazdan əvvəlki mövqelərinə qaytarılması bəndi də var.

Rusiya planın bu bəndinə əməl etməyərək bu günə qədər Abxaziya və Cənubi Osetiyada hərbi varlığını saxlamaqdadır. Üstəlik, Moskva hər iki regionu “suveren dövlət” kimi tanıyıb. Dünya ölkələrindən Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyini yalnız Nikaraqua, Venesela, Nauru və Suriya cırtdan ada dövlətləri tanıyıblar.

Hürr Tərcüman



Oxşar Xəbərlər

Xəbər lenti