Rusiya Mərkəzi Afrika Respublikası ilə əməkdaşlığı genişləndirir - öldürülən jurnalistlərin qanı isə batırılır

 

"Bu həftənin ikinci günü, Rusiya və Mərkəzi Afrika Respublikası (MAR) arasında hərbi əməkdaşlığın genişləndirilməsi haqqında saziş imzalanıb.

Özü də bu anlaşma Rusiyanın hərbi muzdlularının MAR-dakı fəaliyyətini araşdıran jurnalistlərin- Orxan Camal, Aleksandr Rastorquyev və Kiril Radçenkonun öldürülməsindən 3 həftə keçməmiş bağlanıb.

"The New York Times” qəzetinin yazarı Endryu Higginsin yazdığına görə, sazişin detalları barədə məlumat verilməyib. Lakin onun Rusiyanın Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən 175 hərbi təlimatçı ilə bağlı olduğu bildirilir. Məhz həmin təlimatçıların işi qətlə yetirilən media mənsublarının təhqiqat obyektinə daxil imiş.

Jurnalistləri Mərkəzi Afrika Respublikasına ezam etdirən Rusiyanın sürgündə olan milyarderi Mixail Xodorkovski isə onların guya soyğun məqsədilə öldürülməsi versiyasını cəfəngiyyat adlandırıb.

Sazişin imzalanması mərasimindən sonra mətbuat qarşısında çıxış edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu hər üç jurnalistin adını belə xatırlatmadan, ancaq yeni müqavilə ilə bağlı danışıb.



MAR-ın Milli müdafiə və bərpa naziri Mari Noel Koyara isə bu anlaşmanın ölkəsinin silahlı qüvvələrinin dirçəlişində böyük rol oynadığını söyləməklə kifayətlənib.

Qeyd edək ki, Rusiya tərəfi indi də MAR-da fəaliyyət göstərən təlimaçılardan sadəcə 5-nin kadr hərbçisi olduğunu, qalanlarının isə mülki şəxs kimi qulluq etdiyini söyləyir. 

Naməlum şəxslər tərəfindən getdikləri marşrutlardan kənara çıxarılıb, naməlum istiqamətə götürüldükdən sonra güllələnən jurnalistlər isə həmin "mülki qulluqçuların” Kreml tərəfindən yaradılan özəl hərbi şirkət sayılan "Vaqner qrupu”na daxil olub olmadıqlarını öyrənmək istəyirlərdi...



Oxşar Xəbərlər

Xəbər lenti