8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan, ATƏT və Avropa Birliyi İrəvanın məkrli arzusunu gözündə qoydu; separatçı rejimi danışıqlara qoşmaq istəyən Paşinyan Brüsseldə pərt edildi – Bakının antiterror əməliyyatına "yaşıl işıq”?..
ATƏT sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın Bakı səfəri iki maraqlı məqamla yadda qaldı. Azərbaycan prezidenti İlham Əliyevin qurum rəhbəri ilə görüşü zamanı ən çox diqqət çəkən detal isə prezidentin Dağlıq Qarabağa dair sülh prosesinin pozulmasına görə məsuliyyəti birmənalı şəkildə İrəvanın üzərinə qoyması oldu.
Bunu müharibə xəbərdarlığı kimi də qəbul eləmək olar. Nədən ki, son vaxtlar baş nazir Nikol Paşinyan başda olmaqla, Ermənistanın bir sıra məsul şəxsləri bir-birinin ardınca absurd, nizamlama prosesini iflic, sülh ümidlərini heç edən bəyanatlar səsləndirirdilər. N.Paşinyanın Tehranda, Ermənistanın Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanln isə işğal altındakı Füzulidə verdikləri son məlum bəyanatlar buna sübutdur.
Sözsüz ki, bütün bunlara Bakı davamlı şəkildə seyrçi qala bilməzdi. Hərgah, Azərbaycan tərəfi Ermənistanda xunta rejimi devriləndən sonra səmimi şəkildə ümid edirdi ki, yencə hakimiyyətə gələn və əli günahsız azərbaycanlıların qanına batmayan Nikol Paşinyan sələflərindən fərqli olaraq, Qarabağa məsələsində sağlam, konstruktiv mövqe tutacaq və bununla da ilk növbədə öz xalqına böyük yaxşılıq edəcək, onu üzücü və fəlakətli durumdan qurtarmaq üçün real addımlar atacaq. Bunun üçün yeganə yol Azərbaycan ərazilərindən erməni hərbi birləşmələrinin qeyd-şərtsiz çıxarılmasına başlamaq idi...
Əfsus ki, ötən 10 ayda Bakının xoş məramlı jesti İrəvanda layiqincə qiymətləndirilmədi və İlham Əliyev ilk dəfə olaraq, Paşinyan hökumətinə xəbərdarlıq edərək, sülh prosesinin pozulmasına görə bütün məsuliyyəti onu üzərinə qoydu. Ardınca Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov analoji xəbərdarlıqla çıxış elədi. ATƏT sədri ilə görüşdə ondan xahiş elədi ki, İrəvana Bakıdan belə bir ismarış aparsın: "Biz indi xalqı sülhə hazırlayaq, yoxsa müharibəyə?” Üstəlik, Məmmədyarov ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovla erməni rəsmilərinin Qarabağa dair son bəyanatlarını telefonda müzakirə elədi, belə bəyanatları sülhə yönəlmədiyni onun diqqətinə çatdırdı.
*****
Qeyd edək ki, İrəvanın sülh danışıqlarını torpedalayan bəyanatlarından biri də separatçı rejimi müstəqil tərəf kimi danışıqlara qoşmaq istəyi ilə bağlıdır. Heç şübhəsiz, bununla Paşinyan həm daxildə "islahatlar” üçün vaxt udmaq, həm də Ermənistanı işğalçı yarlığından xilas edib Qərbdən hansısa maliyyə dividentləri qazanmağa ümid edir. Azərbaycanı isə belə hədəflər əsla qane edə bilməz.
Miroslav Layçak
Ancaq artıq bəlli olur ki, Nikol Paşinyanın bu "fəndi” keçməyəcək. Belə ki, öncə ATƏT sədri M.Layçak Bakıda həmin təklifi rədd edərək bəyan elədi ki, "Minsk Qrupu münaqişə tərəflərinin danışıqlar üçün tanıdığı yeganə formatdır və bu formatın istənilən formada dəyişilməsi qarşı tərəf ilə razılaşdırılmalıdır”. Qarşı tərəf isə - Bakıdır.
Bundan əlavə, ATƏT sədri Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşməklə Paşinyanın separatçıları birbaşa danışıqlara qoşmaq cəhdinin üstündən qalın bir xətt çəkdi. Bununla göstərdi ki, regionun hər iki icması gələcək taleyi üçün eyni hüquqlara malikdir.
Maraqlıdır ki, eyni gündə Brüsseldə olan Nikol Paşinyan Avropa Birliyi (AB) rəhbərliyindən də analoji, neqativ cavablar alıb. Belə ki, təşkilatın xarici siyasət məsələləri üzrə ali komissarı Federiko Mogerini erməni baş nazirlə görüşdə onu ATƏT-in Minsk Qrupunun egidası altında "heç bir ön şərt qoymadan danışıqlarda iştirak eləməyə” çağırıb.
Bundan bir gün qabaq isə Ermənistan hökumətinin rəhbəri AB-nin genişlənmə və qonşuluq siyasəti komissarı Johannes Xan ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında Johannes Xan Paşinyanı pərt və məyus eləmişdi. Belə ki, Azərbaycan prezidenti İlham Əliyevlə qarşıdan gələn danışıqlara dair sualları cavablandıran Paşinyan demişdi: "Bizim qarşıdakı görüşümüz, digər məsələlərlə yanaşı, danışıqlar formatına həsr olunacaq. Biz hesab edirik ki, bu məsələni həll etmək üçün ilk növbədə Dağlıq Qarabağın iştirakını təmin etmək üçün effektiv format yaratmaq lazımdır”.
Lakin J.Xan Paşinyanla razılaşmayıb və xüsusi vurğulayıb ki, tərəflərin Qarabağ münaqişəsinin həllində mövcud olan müzakirə formatını qoruyub saxlamaq lazımdır. "Dəstəyimizə gəldikdə, mən hesab edirəm ki, mövcud müzakirə formatını saxlamaq daha yaxşıdır. Yalnız yenilik xatirinə yeni bir şey yaratmaq üçün səy göstərməyə ehtiyac yoxdur. Və daha ümumi planda, söhbət etibar ölçülərindən gedir”, - deyə o, əlavə qeyd edib.
Bütün bunlar artıq Avropa Birliyinin, ATƏT-in iradəsidir - hansı ki, Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür. Qısası, Paşinyan bu dəfə də Brüsseldən əli ətəyindən uzun qayıdası olub. Ona nə böyük paralar verilib, nə də Qarabağ formatını dəyişmək cəhdi ilə faktiki, müharibəni yaxınlaşdıran avantürist təklifi dəstəklənib...
Bu arada Ermənistanın öz daxilində Nikol Paşinyanın populist bəyanatlarından narazılıq çoxalmağa başlayıb. İnqilabçı baş nazirdən real iş, nəticə tələb edilir.
"Ermənistanda gerçəkdə hələ ki nə korrupsiya, nə də ələlxüsus oliqarxiya məhv edilib. Ona görə ki, hər ikisi ayrı-ayrı adamların mexaniki birləşmələri deyil, on illərlə mövcud olan qəliz kölgə sistemləridir”. "Yeni Müsavat”ın məlumatına görə, bu barədə 1in.am erməni saytında dünən getmiş məqalədə deyilir.
Paşinyanın effektsiz idarəçiliyinə diqqət yönəldən müəllif yazır: "Onların ləğvi yalınız prinsipial və konseptual addımlar hesabına mümkündür ki, bunun üçün də zaman və sistemli yanaşma lazımdır. Bunu isə biz görmürük. Əgər Ermənistanda korrupsiya ilə mübarizə hazırda aparılan üsullarla davam edərsə, o zaman korrupsiya bundan sonra da mövcud olacaq və çiçəklənəcək. Nədən ki, ali lider bəyan edəndə ki, ölkədə korrupsiya artıq yox olub, korrupsionerlər öz işləri ilə sakitcə məşğul olmaqda davam edirlər. Eyni şey oliqarxlara addir - hansı ki, institut olaraq hələ ki yoxa çıxmayıb. Oliqarxlar sadəcə, yeni reallıqlara adaptasiya olmağa çalışırlar. Çünki onlar da hökumət başçısının artıq ölkədə oliqarxların olmadığı haqda eyni bəyanatını eşidiblər. Onlar ”iri mülkiyyətçilər" kimi öncəki Ermənistanda oliqarxlar nə edirdilərsə, onu da edirlər".
Beləcə, hakimiyyətdə olduğu 10 ayda (sabah inqilabın 10 ayı tamamlanır) Paşinyan daxili siyasətlə bağlı da erməni xalqının öyünə biləcəyi hansısa uğura imza ata bilməyib. Xarici siyasət isə daxili siyasətin davamı sayılır... /musavat.com/