"NATO Türkiyə vasitəsi ilə Azərbaycanla hərbi əlaqələri inkişaf etdirir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

"NATO Türkiyə vasitəsi ilə Azərbaycanla hərbi əlaqələri inkişaf etdirir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

 

"Türkiyənin regionda fəaliyyəti Rusiyanı narahat etmir, lakin Kreml çalışacaq ki, Qarabağda Azərbaycana təzyiqlər etsin"

"Rəsmi Bakı dayanaqlı hücum və taktiki müdafiə imkanları ilə bu provakasiyaların qarşısını almaqla, yeni ərazilərə nəzarəti ələ keçirə bilər"

"NATO-nun Cənubi Qafqazda fəaliyyətinin genişlənməsi ilk növbədə Azərbaycanla əlaqələrinin yüksək səviyyəsindən asılıdır. Gürcüstanda hazırda mövqelərini möhkəmləndirən alyansın əsas fəaliyyət missiyası Azərbaycan daxil olmaqla təhlükəsizlik çəmbəri yaratmaqdır". Sozcu.info  xəbər verir ki, belə bir açıqlama ilə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

O bildirib ki, Azərbaycanla siyasi və təhlükəsizlik baxımından ikitərəfli əlaqələrə malik olan alyans Türkiyə vasitəsi ilə ölkəmizlə hərbi əlaqələri inkişaf etdirir: "Türkiyə ilə Azərbaycan arasında keçirilən hərbi təlimləri NATO-Azərbaycan təlimləri kimi xarakterizə etmək olar. Gürcüstanın da bu kimi təlimlərdə yer alacağını Qəbələdə keçirilən üç ölkənin müdafiə nazirlərinin görüşündə bildirilməsiylə regionda NATO-nun dəstək verdiyi üçlük ittifaqı formalaşacaq. Bununla Türkiyə, Azərbaycan və Gürcüstan hərbi əməkdaşlıq formatı regionda Ermənistanın izolyasiyasını dərinləkşdirməklə yanaşı, ölkəmizin müdafiə qabiliyyətini yüksəldəcək".

Məhəmməd Əsədullazadə hesab edir ki, Cənubi Qafqazda Türkiyənin iştirakı ilə Gürcüstan və Azərbaycan birgə təlimləri yeni situasiya yaradacaq, o cümlədən NATO-nun siyasi xəttinə dəstək vermiş olacaq: "Üçlük hərbi təlimlərin təkcə terrorizmlə bağlı deyil, müdafiə və hücum taktiki təlimlər olması regionda aqressiv siyasət həyata keçirən Rusiya və onun forpostu Ermənistana qarşı alyansın tədbirlər planı olacaq. Təbii ki, bu format Moskva-İrəvan oxunu narahat edir. Amma Moskva-Ankara əlaqələrini nəzərə alsaq, hələ ki, Türkiyənin regionda fəaliyyəti Rusiyanı narahat etmir. Baş verən proseslər fonunda Kreml çalışacaq ki, Qarabağda Azərbaycana təzyiqlər etsin. Rəsmi Bakı dayanaqlı hücum və taktiki müdafiə imkanları ilə bu provakasiyaların qarşısını almaqla, yeni ərazilərə nəzarəti ələ keçirə bilər".



Oxşar Xəbərlər

Xəbər lenti